Ramiz Tağıyev
Ramiz Tağıyev:”Pullulara mirzəlik edənlərdən fərqli olaraq ,biz öz gördüyümüzü yazdıq”
Millətim.info-da yazdığım “Eldar Mahmudov qayıdır?!” başlıqlı yazının rezonans doğuracağını, geniş müzakirə mövzusuna çevriləcəyini öncədən proqnozlaşdırmışdım. Cavabın sanballı birindən gələcəyini düşünürdüm… Nə yazıq ki, savadsızın biri anlaşılmaz, kimlərinsə ötürdüyü cızmaqarasıyla üstümüzə gəlməyə cəsarət edib. Dəsti-xətt bəllidi, yaxın keçmişdə Eldar Mahmudovun cinayətkar ətrafıyla əməkdaşlıq edib, sifarişlə hər kəsi şantaj etməklə başını saxlayanlardan biri olduğuna qətiyyən şübhəm yoxdu. Bu yazını da havayı yazmayıb…
Adam bizi yaltaqlıqda suçlamağa girişib. Guya, Eldar Mahmudovdan yarınmaq istəmişik. Nə deyəsən beləsinə..? Axı, yazını yazmadan bir bizim, bir də öz keçmişinə nəzər salıb, nələrə imza atmasına diqqət yetirəydin! Eldarın bandasının “qılınc”ı dal-qabaq kəsən zaman kimlərin onlarla mərdi-mərdanə meydan açdığına nəzər salaydın! Yoxsa tələm-tələsik “duru”dan istifadə edib, kimlərəsə özünü “qəhrəman”lığını nümayiş etdirməyimi məqbul hesab etdin?! Bəli,oxuyub, münasibət bildirmək istəyində bulunduğun yazıya mən imza atmışam. Eşitdiklərim, gördüklərimə rəğmən. Bu, bir informasiya məqsədinnən savayı nəyəsə, kiməsə xidmət göstərmək üçün nəzərdə tutulmayıb. Əfsuslar olsun ki, cavab kimlərinsə sifarişidir və bəzilərinin narahatlığı səbəbindən xüsusi “mətbəxt”də hazırlanıb. Müəllifin özü iki cümləni ard-arda düzə bilən birisi deyil. Üstəlik də, yaxın keçmişdə MTN-nin Antiterror Mərkəzinə çuğulluq edib, ləyaqətli insanların şər-böhtana məruz qalmaları naminə “dəridən-qabıqdan”çıxıb. Hətta qadınların şantaj edilməsində xüsusi “canfəşanlıq” nümayiş etdirib…Belə “qəhrəman”lara bir sözüm var; MTN-nin zamanında onları tənqid və ya ifşa edən bircə yazınızı ortaya çıxarın! Tam əminəm ki, belə yazılarınız yoxdu! Sizlər, yalnız “daldan daş atmağa qadirsiniz ki, həmin “daş”lar MTN-şiklərin yalnız topuğuna dəyər”. Söyləyin sizləri maliyyələşdirən pullu “əmi-dayı”larınıza bir azca bizə yardım etsinlər, zamanında açıq-aşkar mübarizə apardığımız həmin cinayətkar dəstəyə həsr etdiyimiz yazıları kitaba çevirək.
Eldar Mahmudovun cinayəykar dəstəsindən mənim və doğmalarımın çəkdiy qədər, kimsənin əzab çəkdiyini düşünmürəm. Sındırılmış qol-qabırğam hələ də sızıldayır. Ancaq özümü sındırmağa gücləri, ağılları yetərli olmadı. Tanrı şahiddir ki, təklif edilən milyonlara aldanmadım. Baxmayaraq ki, ömrümün bu çağında kirayə mənzillərdə yaşadım. İndi, nadanın biri məni kimlərəsə mirzəlik etməkdə suçlamağa baş vurub ki,bu,nə onun,nədə ki, pullu, səlahiyyətli “əmi-dayı”larının başı üçün deyil.
MTN-nin cinayətkar dəstəsi məni üç dəfə saxta, tam qurama ittihamlarla cəzalandırdı. Üst-üstə 13 il 6 ay həbs cəzasına məhkum edildim. Sonuncu cəza müddətim 8 il oldu ki, yalnız dəyərli şəxsiyyətlərin ölkə prezidentini məlumatlandırmasından sonra, tam günahsız, 3 il 2 ay Ciddi Rejimli Cəzaçəkmə müəssisəsində cəza çəkib, azadlığa qovuşa bildim. Bəli, həmin dəyərli şəxsiyyətlər və cənab İlham Əliyev olmasaydı, MTN-nin qanqsterləri mənim həyatıma həbsxanada son qoyacaqdılar. Mən, zərrə qədər yaxşılıqları qiymətləndirməyi bacaranam. Çətin zamanlarımda mənə yardım əli uzadanları heç unutmaram. Nə yazıq ki, bir çoxları bizim dövlətçilik naminə MTN-nin cinayətkar dəstəsiylə apardığımız mücadiləni unutdu. Axı, yaxınlarım, doğmalarım sözün əsil mənasında repressiyaya məruz qaldılar, iş yerlərini itirdilər, gündəlik çörəklə sınağa çəkildilər. İtirilmiş, pozulmuş hüquqlarını bərpa etməyə nail olmadılar. Əvəzində həmin cinayətkar dəstəyə xidmət göstərənlər vəzifələrə təyin olundular.
Bax, bu ürək ağrıdır, acıdır. İndi, bədbəxtin biri, bizi kimlərəsə yarınmaqda suçlayır. Sən, hələ kimliyini ortaya qoy, ömrünü nəyə sərf etdiyini açıqla, sonra başından böyük danış! Özüm həbs edilsəm də, qızım Lalə MTN-nin cinayətkar dəstəsiylə mücadiləni qorxmadan davam etditdi. Utanıb-qızarmadan onu da həbs etmək istədilər. Bu yazının müəllifindən fərqlənməyən MTN-nin məşhur çuğulu düz 10 ay onu məhkəməyə çəkdi. Yaşı tamam olmamış övladı ilə məhkəmə qarşısına cıxmaq zorunda qaldı. Xəstəlik tapdı, ağır ürək əməliyyatı keçirdi ki, həkimlər ona 7 il ömür zəmanəti verib. Bunları eşitmək, yaşamaq nə qədər çətindir, bilirsənmi, ay nadan? Sənin kimi qorxaq və pısırıq biriləri yaşadığımız əzablı günlərin heç birini adlada bilməzdi! Yaşadıq,atlatdıq da… Bitdimi? Görünən odur ki, hələ heç nə bitməyib. Ömrünü şərəflə yaşamışlara qarşı hücumlar demə səngimirmiş. Bu ölkədə çalışmaq, rahat yaşamaq nəinki mənim, heç övladlarımın da nəsibi deyilmiş. Oğlum sevdiyi sahədə işləyə bilməz, çünki, atasının məhkumluğu var. Kim məni “cinayətkar” etmişdi, ləkələmişdi?! Həmin Eldar Mahmudov və cinayətkar dəstəsi! Bunu sən bilmirsən, ay zavallı! Ölkədə normal yazıb-oxumağı bacaranlar isə olanlardan kifayət qədər məlumatlıdırlar. Bəs nəticə? Nəticə göz qabağındadır, MTN-nin cinayətkar dəstəsinə yardım etmiş reket mətbu şəbəkə yenə “at”oynadıb, meydan sulayır. “Əmi-dayı”ların çirkli puları hesabına dil uzadır, bunun müqabilində hətta qranta sahib çıxırlar. Bizimsə bu ölkədə kimnənsə qorxumuz olmayıb, olmayacaq da… Hörmət bəslədiyimiz şəxsiyyətlər var ki, məhz onlara olan böyük hörmətimizə rəğmən bir çox qaranlıq məqamlara aydınlıq gətirmək istəmirik. Mən, ölkə prezidentinə və ona sədaqətlə xidmət göstərən şəxsiyyətlərə daima hörmətlə yanaşmışam ki, Eldar Mahmudov və onun cinayətkar dəstəsi onların bir dırnağına dəyməz. Biz, daltonik müxalifətçilərdən deyilik ki, hər şeyi qara görək, qara yaxaq. Əksinə, harada olmalarından asılı olmayaraq sədaqətli insanlara daima hörmət bəsləyib, ehtiramla yanaşmışıq. Bu sırada Generallar-Bəylər Əyyubov, Kəmaləddin Heydərov və Ramil Usubovu xatırlatmaq yerinə düşərdi. Təəssüf ki, belə sədaqətli insanlar həm iqtidarda, həm də müxalifətdə yox dərəcəsindədir. Bizə cavab vermək cəsarətində bulunan “qəhrəman”da iqtidardaxili pozucu, araqarışdırmaqla öz çirkin oyunlarını davam etdirənlərin pullu mirzəsidir desək,yanılmarıq.
Onlar dünənə qədər Eldara paşam deyənlərdi. Onların davası heç də dövlətçiliyə xidmət etmir. Necə deyərlər, suyu bulandırıb, “bulanıq suda balıq tutmaq” istəyənlərdi. Bizlər isə dövlətçiliyimiz uğrunda istənilən mücadiləyə hazır olmuşuq və olacağıq. Mövqeyimiz bəlli, yolumuz bəlli! Düşünürəm ki, bir öyrədilmiş zavallıya bu qədər yetər. Onun “müəllim”lərinə isə cavabımız irəlidədi.