Azərbaycanda müşahidə olunan isti havanın ən çox təsir etdiyi bölgələrin adları açıqlanıb

0
4

Azərbaycanda son günlər müşahidə olunan isti hava şəraitinin ən çox təsir etdiyi bölgələrin adları açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, iqlimşünas Məhərrəm Həsənov “Report” a açıqlamasında bildirib ki, isti hava şəraiti Bakı və Abşeron yarımadasında, həmçinin Kürdəmir, Saatlı, Bərdə, Sabirabad, Salyan, Neftçala, Zərdab rayonlarında və Aran bölgəsinin digər ərazilərində yaşayan əhaliyə daha çox mənfi təsir göstərir.

M.Həsənov deyib ki, hazırda ölkədə Şimali Afrikadan gələn hava kütlələri hökm sürür. Onun sözlərinə görə, bu hava kütlələri özləri ilə isti temperatur gətirir və belə hava şəraiti davamlı olur: “Artıq 4-5 gündür ölkə ərazisində isti hava şəraiti müşahidə olunur. Hazırkı hava şəraiti avqust ayı üçün aylıq normaya yaxındır, bəzən 1-2 dərəcə normadan yuxarı ola bilər”.

O qeyd edib ki, isti hava şəraiti xüsusilə meteohəssas insanlara daha çox təsir edir: “Məsələn, Bakıda isti hava şəraiti ilə yanaşı rütubətin miqdarı da çox olur. Bu da nəfəs yollarına mənfi təsir edir və tənəffüsü çətinləşdirir. Dağlıq rayonlarda isə günorta saatlarında isti hava şəraiti müşahidə olunsa da, axşam və gecə hava sərin, bəzi yerlərdə hətta soyuq olur, həmçinin havada nəmişlik olmur”.

İqlimşünas bildirib ki, hazırda müşahidə olunan isti hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək: “Günorta saatlarında, təxminən saat 12-16 arası 42-43 dərəcə temperatur müşahidə olunacaq. Avqust ayının 16-17-dən sonra temperatur tədricən enəcək. Avqustun son ongünlüyündə 34-35 dərəcə istinin olması gözlənilir. Bu günə nisbətən avqustun son günlərində havanın sərin keçməsi ehtimalı var”.

M.Həsənov isti havanın kənd təsərrüfatına vurduğu ziyandan da danışıb. Onun sözlərinə görə, isti hava şəraitinin davamlı olması həm kənd təsərrüfatına, həm də insan səhhətinə hərtərəfli təsir göstərir: “İstilərin davamlı olması hazırda yetişməkdə olan meyvə-tərəvəzə mənfi təsir edir, prosesi sürətləndirir. Məsələn, indi üzüm, əncir, şaftalı, almanın yetişmə dövrüdür. İsti hava onların keyfiyyətini yaxşılaşdırsa da, digər tərəfdən prosesi sürətləndirir. Temperaturun yüksək olması meyvələrdə şirənin azalmasına gətirib çıxarır. Taxıl sahəsində isə dənin daha tez qurumasına səbəb olur”.