Eldar Mahmudov qayıdır ?!

0
9

3

Ramiz Tağıyev

Keçmiş MTN-nin sabiq naziri Eldar Mahmudov son zamanlar fəal görünür. Əmlak məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun atasınsının yas mərasimində kifayət qədər gümrah görünən sabiq nazirin xəstəliyi barədə yayılan məlumatların dezinformasiya olduğunu təsdiqləyib.

Sabiq nazir son zamanlar tez-tez görünməyə başlayıb. Nardarandakı bağında istirahət edən E.Mahmudov mütəmadi olaraq bir neçə avtomobilin müşaiyəti ilə özünə məxsus “Kristal Palas”a gəlir. Onun artıq öz biznes strukturlarına nəzarəti bərpa etməsi məlum olub. Sabiq nazirin öz yaxınlarıyla “Port Baku Mall”da nahar etməsi xüsusi olaraq diqqət çəkib.Yaxın çevrəsinin verdiyi məlumata görə E.Mahmudov ölkə rəhbərliyi ilə əlaqələri bərpa edib və özünün daima sədaqətlə xidmət etməsini təsdiq edən faktları təqdim etməyə nail olub. Məhz həmin səbəbdən sabiq nazirin özünü güvənli hiss etdiyi aşkarlanıb.

Araşdırmalar təsdiq edir ki, E.Mahmudova yaxın ətrafı tərəfindən xəyanət edilmiş, onun barəsində saxta kompramatlar hazırlanaraq ölkə rəhbərliyinə ötürülmüşdür.

Görünən odur ki,E.Mahmudovun vəzifəsindən kənarlaşdırılmasından sonra beşinci kolon xüsusilə aktivləşmiş, nəticədə həm xarici siyasətdə, həm də iqtidardaxili münasibətlərdə balanslaşdırma əhəmiyyətini itirib. Ölkə rəhbərliyinə məlumatların yalnız bir qütbdən ötürülməsi, bir çox məqamda informasiyanın doğruluğuna şübhə yaratmağa başlayıb. Açıq söyləsək, E.Mahmudovun yoxluğu özünü büruzə verib. MTN-nin tarixin arxivinə göndərilməsində canfəşanlıq nümayiş etdirən qüvvələrin qələbədən maksimum bəhrələnərək öz çevrələrini böyütmək cəhdləri də ölkə rəhbərliyinin diqqətini çəkməmiş deyil. Hətta həmin qüvvələrə ciddi xəbərdarlıq edilməsi geniş müzakirə mövzusuna çevrilib. Şübhəsiz ki, sentyabrda keçiriləcək referendumdan sonra ciddi kadr islahatı aparılacaq. Yeni kadrlara-sürpriz isimlərə üstünluk veriləcəyi gözləniləndir. Ancaq bununla yanaşı, zamanında sədaqətləriylə seçilmiş, qurulmuş tuzaqlar nəticəsində vəzifələrindən kənarlaşdırılmış şəxslərin də yenidən görəvləndirilmələri istisna deyil.

 

Sızan məlumatlara inansaq, referendumdan sonra E.Mahmudov yenidən iqtidar komandasında yer alacaq. Bu dəfə daha mühüm postda görünməsi ehtimalı böyükdür. Belə ki,sabiq nazirin vitse-prezident postuna təyinatı mümkün görünür ki, həmin vəzifə ona bütün güc nazirliklərinə nəzarət etmək səlahiyyəti imkanını yaradar. Belə təcrübə artıq qardaş Türkiyə Cümhuriyyətində sınaqdan keçirildiyindən, ölkəmizdə də analoji addımın atılması mümkün görünür.Yaxın keçmişdə “ergenokonçu” və “balyozçu” adlandırılaraq həbsxana həyatı yaşamağa məhkum edilmiş bir çox generalın Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən yenidən görəvləndirmələri söylədiklərimin reallaşmasının mümkünlüyünü inkar etmir. Bir çox araşdırmalar, xüsusilə jurnalist araşdırmaları təsdiq etdi ki, E.Mahmudov oliqarx deyil, topladığı sərvət isə orta pillə məmurların malik olduqları mal varlığından ciddi fərqlənmiq. Əksinə, əks qütbdə dayanmış, Mahmudovla əzəli və barışmaz rəqib olanların sərvətinin ölçüsü milyardlarla ölçülür. Sirr deyil ki, ölkə rəhbəri belə mövzuya dəfələrlə toxunub və bəzi məmurların sərvətlərinin müsadirə ediləcəyinə işarə də vurub.Referendumun belə bir məqamda keçirilməsini təsadüfi saymaq düzgün olmazdı. Düşünürəm ki, nəzərdə tutulmuş bəzi konstitutsiya maddələrinin dəyişdirilməsi ölkə rəhbərinə qanuni yolla məmurların əllərinə keçirdikləri minlərlə hektar torpağın müsadirəsinə imkan verəcək. Bunu hiss edən rüşvətxor, korrupsioner bir çox məmur əlaltılarına çevirmiş olduqları bəzi müxalifətçilərə külli miqdarda pul ötürməklə referendumu boykot etməyə çalışırlar. Görünən odur ki, onların bu istəyi baş tutmayacaq. Düşünürəm ki, indi hər kəs ölkə prezidentinə dəstək verməli, onun həyata keçirmək istədiyi geniş islahatlar proqramının labüdlüyünə şübhə etməməlidir.