Ankara Rusiyaya “Türk axını” boru kəmərinin TANAP-a qoşulmasını təklif edib

0
4

Türkiyə Rusiyaya “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) Azərbaycanın təbii qazını 2020-ci ildə Avropaya çatdıracaq “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan Trans-Anadolu qaz boru kəmərinə (TANAP) qoşulmasını təklif edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Nazir bildirib ki, “Türk axını” ilə Türkiyəyə nəql ediləcək Rusiya qazından artıq qalan həcm TANAP-a qoşularaq qardaş ölkə vasitəsilə ixrac edilə bilər. Türkiyə “Türk axını” vasitəsilə ildə 16 milyard kubmetr Rusiya təbii qazı alacaq.

M.Çavuşoğlu TANAP-ın Türkiyə üçün prioritet layihə olduğunu da vurğulayıb.

Qeyd edək ki, TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 9,2 milyard dollardır.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi – Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əşkişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2×36 düyüm diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

Bu il iyunun 25-dək layihənin birinci mərhələsi üzrə mühəndislik işləri başa çatıb. Bu dövrədək 920 kilometr uzunluğunda (69 faiz) xəndək qazılıb, 803 kilometrlik (60 faiz) borular sahələrdə düzülüb və 700 kilometr (53 faiz) borunun isə qaynağı tamamlanıb. Hazırda layihə üzrə təkcə tikinti işləri çərçivəsində 6 min nəfər çalışır. Ümumilikdə isə layihə üzrə təxminən 15 min nəfərin məşğulluğu təmin edilib.

Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC – 58 faiz, “Botaş” – 30 faiz və BP şirkəti – 12 faiz.

Ötən günlərdə Rusiyanın energetika naziri Aleksandr Novak Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq görüşünü şərh edərkən “Türk axını” qaz boru kəməri üzrə ilk boru xəttinin tikintisinə 2019-cu ilin ikinci yarısında başlanıla biləcəyini deyib.

Qeyd edək ki, iyunun 28-də Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin “Türk axını” layihəsi üzrə Türkiyə tərəfi ilə danışıqların yenidən başlanması üçün dialoqa hazır olduğu bildirilmişdi.

Xatırladaq ki, ötən ilin noyabrında Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller “Türk axını” layihəsi üçün Türkiyə ilə danışıqların dayandırıldığını demişdi. “Gazprom” “Türk axını” kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına da qərar vermişdi.

“Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulurdu.