Bakıdan qaçırılıb İŞİD-ə verilən uşaqlarla bağlı yeni şok məlumatlar – Fotolar

0
4

2014-cü ilin yanvarında iki azyaşlı qızını da götürüb Suriyaya qaçan Pərvanə Yusifovanın Azərbaycana qaytarılması üçün pul istənilir.

AzNews.az-a bu barədə məlumatı ailə başçısı İlqar Yusifov verib. Onun sözlərinə görə, hazırda Suriyanın hansısa şəhərində məskunlaşan və İŞİD-ə qoşulan həyat yoldaşı və azyaşlı qızlarının qaytarılması üçün 15 000 manat pul tələb olunur: “Uşaqlarımın aparıldığı yerdən mənə ardıcıl olaraq ismarışlar yazılır. Deyirlər ki, uşaqlarını istəyirsənsə, gəl apar. Bunun qarşılığında məndən 15000 dollar istənilir. Amma mən hesab edirəm ki, bütün bunlar oyundur. Onların məqsədi məni də bu işlərə cəlb eləmək və zərərsizləşdirməkdir”.

İ.Yusifov deyir ki, onun burada qalması, ardıcıl olaraq aidiyyəti qurumlara şikayəti, məsələni qismən də olsa ictimailəşdirməsi və Azərbaycan vətəndaşlarını İŞİD-ə cəlb edən cinayətkar qrup barədə geniş məlumata sahib olması qarşı tərəfi möhkəm narahat edir: “Onlar variantlardan istifadə edib məni zərərsizləşdirməyə çalışırlar. Bununçün bütün yollara əl atırlar. Bu variantlar baş tutmasa, yəqin ki, məni öldürməyə çalışacaqlar. Çünki mən onları ifşa edirəm. Onlar barədə hər bir məlumata malikəm. Ancaq təəssüf edirəm ki, bu məlumatlar aidiyyəti qurumların heç birini maraqlandırmır. Görünür, onlar İŞİD-ə işləyən cinayətkar qrupu nəyəsə görə zərərsizləşdirmək istəmirlər”.

O, bəzi dövlət qurumlarına qarşı kəskin ittihamlar da irəli sürüb: “Mənim həyatım təhlükədədəir. Bununla bağlı bütün aidiyyəti qurumlara dəfələrlə məktublar, teleqramlar vurmuşam. Ramil Usubovdan qoruma istəmişəm. Heç bir faydası yoxdur. Bilirsiniz ki, uşaqlarımın ölkədən çıxarılmasında keçmiş MTN-nin günahı olub. Onlar bu işə nəinki göz yumublar, hətta maraqları olub. Belə olmasaydı, mənim müraciətlərimə baxardılar. Bu işdə əsas rol oynayanlardan biri nazirliyin əməkdaşı Pərviz adlı şəxs idi. İndi də o, həmin işindədir. Daha doğrusu, yeni yaradılan DTX-də çalışır. Bu adam məni hər gün hədələyir. Uşaqlarımın geri qaytarılması üçün etdiyim müraciətlərin qarşısını almağa çalışır. Danışacağım halda mənim başıma oyun açacağını deyir”.