İlham Əliyev: Azərbaycan-İran əlaqələri bu gün ən yüksək zirvədədir

0
4

Avqustun 7-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Çox şadam ki, son illər ərzində İran-Azərbaycan əlaqələri çox sürətlə inkişaf edir. Bəlkə də tarixdə, 25 illik tariximizdə bu dövr ən sürətli inkişaf dövrüdür”.

Prezident İham Əliyev qeyd edib: “Hörmətli cənab prezident, hörmətli qonaqlar, sizi bir daha səmimiyyətlə salamalayıram, Azərbaycana xoş gəlmişsiniz. Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminəm ki, səfər çox uğurlu olacaq və əlaqələrimizin inkişafına yeni təkan verəcək. Mən şadam ki, biz tez-tez görüşürük. Bu ilin fevral ayında mən İranda rəsmi səfərdə idim, bu gün siz Azərbaycana rəsmi səfər edirsiniz. Bu, özlüyündə bir göstəricidir. Bu onu göstərir ki, əlaqələrimiz sürətlə, uğurla inkişaf edir və bu gün əlaqələrimiz ən yüksək zirvədədir”.

Dövlət başçısı həmçinin bildirib: “Biz bu gün ikitərəfli görüş zamanı bir çox məsələləri – siyasi, iqtisadi, həm də digər məsələləri müzakirə etdik. Bizim aramızda çox böyük qarşılıqlı anlaşma var. Bu qarşılıqlı anlaşma əsasında biz münasibətləri qururuq. Fevral ayından keçən bir neçə ay ərzində bir çox məsələlər öz həllini tapıb. İqtisadi, nəqliyyat, energetika sahələrində və əminəm ki, sizin səfərinizin nəticəsi olaraq əlaqələrin inkişafı təmin ediləcək. Bu gün də bir neçə sənəd imzalanacaq ki, bu, gələcək əməkdaşlıq üçün yeni imkanlar açacaq. Mən çox şadam ki, siz Azərbaycana böyük heyətlə gəlirsiniz və nümayəndə heyətlərinin üzvləri də bir-biri ilə təbii ki, əlaqə qururlar. Əlaqələr daha da dərinləşəcək və Azərbaycan-İran əlaqələri bundan sonra da qardaşlıq, dostluq əsasında uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz”.

İran Prezidenti Həsən Ruhani bildirib: “Mən arxayınam ki, iki ölkənin əlaqələri səmimiyyətə doğru gedir. İki dost, qardaş və qonşu ölkə kimi əlaqələri elə bir nöqtəyə çatdırmalıyıq ki, hər iki millətin istəyi kimi olsun”.

Prezident Həsən Ruhani qeyd edib: “Cənab Prezident İlham Əliyevlə görüşməkdən çox şadam. Sizin Tehrana səfəriniz çox müvəffəqiyyətli bir səfər idi. Ondan sonra iki ölkə əlaqələrinin inkişafı üçün mühüm addımlar atılıb. Bu səfər səbəb oldu ki, iki məmləkətin əlaqələri haqqında üçtərəfli əlaqələri də planlaşdırdıq. Sabah biz onun şahidi olacağıq. O səfər boyu yaxşı anlaşmalar baş vermişdir. Bu gün bu anlaşmalara da imza atılacaq. Bir çox mühüm movzular var ki, bu sahədə danışılıb və xüsusi iclasımızda bu gün onlar haqqında təfsilatı ilə söhbət apardıq. Bu iclasda da o mövzuları bir daha müxtəlif və lazım olan sahələrdə müzakirə edəcəyik. Bizim xalqlarımız ən yaxşı əlaqələri istəyirlər ki, iki ölkənin mənafeyini təmin etsin, regionda sabitliyin və sülhün yaranmasında təsirli olsun. Ümid edirəm ki, bu səfərdə əlaqələrimiz sahəsində yeni-yeni addımlar atılacaq”.