Yeni Sovetski belə olacaq – Video

0
4

Yasamal rayonunun Sovetski kimi tanınan ərazinin 26 hektarında yolların salınması və abadlıq işlərinin aparılması nəzərdə tutulub.

Azəravtoyol ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir. Bu işlər çərçivəsində Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin aparılması, habelə yeni yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulur.

Sözügedən ərazilərdə Azəravtoyol Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi uzunluğu 6.1 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçiriləcək. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov küçələrində aparılacaq.

Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir-çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq küçələr həm genişləndiriləcək, həm də geniş piyada səkiləri inşa ediləcək.

Yenidən qurulacaq Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılacaq. Layihəyə uyğun olaraq Balababa Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 12 metr təşkil edəcək. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1.5 metr enində piyada səkiləri inşa ediləcək.

Tikinti işlərinin aparılacağı Abdulla Şaiq küçəsinin uzunluğu isə 1825 metr təşkil edir. Əvvəllər küçənin eni 5-6 metr olub. Hazırda isə yolun hərəkət hissəsinin eni 7 – 15 metr arası dəyişməklə və hər iki istiqamət üzrə piyada səkilərinin eni 2 metr olmaqla küçə 19 metrə qədər genişləndiriləcək. Küçənin 2 – 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev küşəsi və Füzuli küçəsinin davamının uzunluqları müvafiq olaraq 750 və 800 metr təşkil edir. Hər iki küçənin əvvəlki hərəkət hissəsinin eni 4-5 metr təşkil edirdi. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol yatağı genişləndirilərək 19 metrə çatdırılacaq. Bura 15 metr enində hərəkət hissəsi və hər bir tərəfdə olmaq şərti ilə 2 metr enində piyada səkiləri daxildir. Küçələrin hər biri 4 hərəkət zolaqlı olacaq.

Aparılacaq yenidənqurma işləri çərçivəsində Nəriman Nərimanov küçəsinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulur. Küçənin hərəkət hissəsinin hazırki eni 7 metr təşkil edir. Layihəyə əsasən yolun 2 – 5 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 7 – 17.5 metrədək genişləndirilməsi nəzərdə tutulur. Hər iki tərəfində 2 – 3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11 – 23.5 metr olması planlaşdırılır.

Yenidən qurulacaq küçələrdə mühəndis-kommunikasiyaları ( su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə ) xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması nəzərdə tutulur.

Layihə çərçivəsində 3 laydan ibarət 25 santimetr qalınlığında asfalt-beton örtüyünün tikilməsi üçün 46 min ton asfalt-beton qarışığı, 34.5 min m3 optimal qırmadaş qarışığı, 13 min metrədək səki daşları və 24.4 min m2 səki hissəsində isə bəzək daşları istifadə ediləcəkdir. Yenidən qurulacaq küçələrdə yeni işıqlandırma sistemləri qurulacaq, 220 ədəd işıq dirəyi istifadə edilməsi nəzərdə tutulur.

Bundan başqa ictimai nəqliyyat üçün 14 ünvanda “cib”liyin tikilməsi və müasir avtobus dayanacaqların qurulması, yol nişanlarının və məlumat verici lövhələrin quraşdırılması, habelə yolcizgi, yolgöstərici xətlərinin çəkilməsi işləri də nəzərdə tutulur.