Berlində yaşayan jurnalist, Yaxın Şərq tematikası üzrə ixtisaslaşmış Andrea Hoffmanın İŞİD-in əsir götürdüyü və seks köləsinə çevirdiyi yezidi kürd qızının başına gələnlər haqda kitabı dərc olunub.
Bir sıra Qərb KİV-ləri bu kitab haqda yazır.
Hazırda Almaniyada yaşayan, şərti adı Fəridə Xələf kimi göstərilən 19 yaşlı kürd qızı İŞİD-in İraqda yezidi kürdlərin yaşadığı Sinjar əyalətinə basqını zamanı əsir götürülüb. Daha sonra İŞİD Fəridəni əsir aldığı bir çox yezidi kürd qızları ilə birlikdə Suriyanın Raqqa şəhərinə aparıb, orada qızları qul bazarında satışa çıxarıblar. Qız danışır ki, bazardan özlərinə seks kölələri seçən İŞİD-çilər qulun bakirə olub-olmadığı ilə maraqlanırdılar. İŞİD-çilərin özlərinə kölə olaraq seçdikləri qızlardan biri də Fəridə olub. Kitabda deyilir ki, kök ərəb qul bazarında Fəridəni seçəndə barmağını onun ağzına soxub, çənəsini ayırmaq istəyib. Bu zaman qız ərəbin barmağını dişləyib və həmin İŞİD-çi onu qəddarcasına döyüb.
“The Guardian” qəzetinin yazdığına görə kitabda ən dəhşətli səhnələr Fəridənin Azərbaycandan olan İŞİD döyüşçüsü tərəfindən müntəzəm olaraq zorlanmasıdır. Fəridə danışır ki, Amjed ləqəbli həmin İŞİD döyüşçüsü hər dəfə ona hücum etməzdən qabaq namaz qılırdı. “Hər dəfə o, məni zorlamağa başlamazdan qabaq dini ritualı yerinə yetirirdi, namaz qılıb dua edirdi”-kürd qızı yaşadıqlarının dəhşətini anladaraq danışır.
Nəhayət Fəridə Xələf İŞİD-in əsirliyindən qaçmağa nail olur və yezidi kürdlərin məskunlaşdığı qaçqın düşərgəsinə, ailəsinin yanına qayıdır. Onun atası isə İŞİD tərəfindən öldürülüb. Lakin qaçqın düşərgəsində qalmaq da Fəridə üçün asan olmur, orada yaşlı kürd qadınları elan edir ki, İŞİD-in əsirliyində olan qızlardan heç biri ailə qura bilməyəcək. Çünki bu, adət-ənənələrə ziddir. Nəhayət Fəridə anası və kiçik qardaşı ilə birlikdə Almaniyaya sığınır. Hazırda o, Almanyada təhsil alır, həyatını yenidən qurmaq və riyaziyyat müəlliməsi olmaq niyyətindədir. Kitabda deyilir ki, İŞİD-in əsirliyində olan kürd qızlarının və qadınlarının heç də hamısının aqibəti bu cür olmayıb. Onların bir çoxu hələ də bu barbar terror təşkilatının əsiridir./virtualaz.org/