Şirvandakı partlayışda günahı olanlar ağır cəzalanacaq – 7 il həbs

0
4

Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş verən partlayış zamanı istintaqa cəlb olunacaq şəxslər 3 ildən 7 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Bunu AzNews.az-a açıqlamasında hüquq müdafiəçisi Müzəffər Baxışov bildirib. O, qeyd edib ki, Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsinə görə, partlayış təhlükəli obyektlərdə və partlayış təhlükəli sistemlərində təhlükəsizlik qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin özünə və digər nəticələrə səbəb olduqda 3 ilə kimi müəyyən vəzifətutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 7 ilə kimi azadlıqdan məhrum edilməklə cəzalandırılır.

M.Baxışov onu da əlavə edib ki, eyni əməllər 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsinə görə, ehtiyyatsızlıqdan zərər çəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olduqda, yəni səhlənkarlıq, vəzifəli şəxsin xidməti vəzifəsini lazımi qaydada yerinə yetirə bilməməsi, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, iyulun 26-da Şirvan şəhərində baş verən partlayışla əlaqədar Baş Prokurorluq Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə kompleks məhkəmə yanğın-texniki, partlayış, fiziki-texniki, materialşünaslıq, ekoloji, tikinti-texniki, əmtəəşünaslıq və məhkəmə tibbi ekspertizaları təyin edilib.