Törətdiyi cinayət əməllərinə görə həbs olunan keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarovun yaxın günlərdə məhkəməyə çıxarılacağı gözlənilir. Artıq Çovdarovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Hazırda vəkillər və tərəflər cinayət işinin materialları ilə tanış olurlar. Tanışlıq mərhələsi başa çatandan sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.
Akif Çovdarovun məhkəməsi maraqla gözlənilir. Çünki bu qədər cinayətləri onun təkbaşına görə bilməsinin qeyri-mümkün olduğu hər kəsə bəllidir. Doğrudur, MTN əməliyyatı zamanı sabiq MTN-dəki həmin dəstənin üzvü olduğu bilinən hər kəs həbs olunub. Ancaq qaranlıq məqamların da olduğu sirr deyil. Hal-hazırda ictimaiyyəti düşündürən əsas məsələlərdən biri də Akif Çovdarovun məhkəmədə kimlərin adını çəkə biləcəyidir. Akif Çovdarovun əhatəsində olan 21 MTN əməkdaşı məlum hadisələr zamanı həbs olunub. Ancaq Çovdarovun gördüyü “işlər” əhatəsinin daha geniş olması ehtimalını gücləndirir. Digər maraqlı nüans Akif Çovdarova heç kimin dəstək verməməsidir. Nəzərə alsaq ki, sabiq MTN şefi hələ də həbs olunmayıb ancaq Çovdarov həbsdədir. Bu da o deməkdir ki, Çovdarov özünümüdafiə etmək haqqında düşünməyib. Ancaq artıq neçə müddətdir ki, həbs olunan Çovdarovun düşünməyə xeyli vaxtı olub. Ona görə də o, özünümüdafiə üçün məhkəmədə digər azadlıqda olan günahkarların adını çəkəcək.
Digər tərəfdən də son günlər Akif Çovdarov haqqında yayılan məlumatlar onu hələ ki, adı heç kimə məlum olmayan “ortaqlarını” ciddi narahat edib. Belə ki, yayılan məlumatlarda qeyd olunur ki, A.Çovdarovun işi üzrə istintaqın ayrıca icraata verilməsi onun “xəstəliyi ilə əlaqədar azad edilməsi” planının tərkib hissəsidir və “işgəncə kralı”nın məhkəmə zalından azad olunacağı ehtimalı yüksəkdir. Əgər bu informasiyalar doğrudursa o zaman A.Çovdarov azadlığı müqabilində bütün “ortaqlarının” adını çəkməli olacaq. Bu da onları çox narahat edir.
Həbs olunan zaman A.Çovdarovun cinayətlərinin qurbanı olan şəxslər bir müddət aktiv şəkildə bunu bəyan etdilər. Demək olar ki, hər gün bununla bağlı bütün medialarda geniş müzakirələr aparılırdı. A.Çovdarovun cinayətləri haqqında məlumat verilirdi. Ancaq son zamanlar Çovdarov haqqında xəbərlərə demək olar ki, rast gəlmirik. Belə ki, son 1 ayda Çovdarov haqqında yayılan məlumat isə onun azad olunacağı xəbəridir. Qeyd edək ki, A.Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə təqsirli bilinir. Bu maddələrlə təqsirli bilinən şəxsin isə azadlığa buraxılması heç də inandırıcı görünmür. Bu baxımdan da yayılan məlumatların həqiqət olduğu o qədər də inandırıcı deyil.
Qeyd edək ki, yayılan məlumatlara hələ ki, heç bir rəsmi münasibət də bildirilməyib.