Bakıda mənzillərin satışının kəskin azaldığı bir vaxtda mənzil bazarında qiymətlər süni artırılır və bunun əsas səbəbkarı yeni tikililərin inşası ilə məşğul olan tikinti şirkətləridir.
Fins.az xəbər verir ki, bu barədə Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı bildirib.
R.Osmanlı qeyd edib ki, hazırda daşınmaz əmlak bazarında vəziyyət kritik şəkil alıb. Onun sözlərinə görə, bazarda bütün göstəricilərin sürətlə azalması müşahidə edilir. O cümlədən satılan mənzillərin sayı kəskin azalıb: «Azalma bütün seqmentlərdə davam edir. Əgər 2011-14-cü illərdə 1 ayda 10 minə yaxın mənzil satılırdısa, bu gün bu rəqəm 1300-1400 ətrafında dəyişir. Yeni tikililərdə vəziyyət daha acıqnacaqlıdır. Ay ərzində satılan mənzillərin sayı 1 il əvvəllə müqayisədə 10 dəfəyədək azalıb».
Mənzillər ucuzlaşmır
Amma satışların kəskin azalması mənzillərin ucuzlaşması ilə nəticələnməyib. Ekspertin sözlərinə görə, qiymətlərin nəinki azalması baş vermir, hətta artım da var. Bunun səbəbi yeni tikililərdə qiymətlərin süni artırılmasıdır. Yeni tikililərdə qiymətlər köhnələri də üstələyir. Baxmayaraq ki, yeni mənzillər təmirsiz satılır: «Məsələn, Nərimanov metrosu ətrafında “Stalin” və ya “Leninqrad” layihəli binalarda 3 otaqlı 75-80 kv metrlik tam təmirli evlərin qiyməti 130-140 min manat arasında dəyişir. Bu, hər kv metr üçün 1800-2000 manat deməkdir. Həmin ərazidə metro ətrafında yeni tikililərdə təmirsiz mənzillərin hər kv metri 1800-2000 manata, bəzən 2400 manata satılır».
Qiymətlər süni artırılır
R.Osmanlı bildirir ki, yeni tikililərdə qiymətlər süni surətdə kəskin artırılır: «Tikinti şirkətlərinin bəzilərində satış qiyməti maya dəyərini hətta 3 dəfəyə qədər üstələyir. 1 kvadrat metr sahənin maya dəyəri 500-600 manata başa gəlir. Şirkətin mənfəətini də nəzərə alsaq, satış qiyməti təxminən 700 manat olmalıdı. Ancaq tikinti şirkəti mənzilin hər kvadrat metrini 2500 manata satır.
Ekspertin fikrincə, tikinti şirkətlərinin süni qiymət artımına əlavə vergi yüklənmələri, korrupsiya elementlərinə səbəb olur: «Digər tərəfdən, şirkətlər başladıqları tikintini başa çatdırmaq üçün bir neçə mənbədən maliyyə cəlb etməlidir. Bütün bu amillər qiymətlərin artmasına səbəb olur».
Ən çox maraq yeni tikililərədir
R.Osmanlının sözlərinə görə, hazırda alıcıların böyük hissəsi yeni tikililərə maraq göstərir: «2005-2006-ci illərdə əhalinin böyük hissəsi köhnə tikililərə maraq göstərirdi. “İndi isə yeni tikililərə maraq artıb. Alıcıların 70 faizi yeni tikililərdən ev almaq istəyir». Tikinti şirkətləri isə bu şəraitdən yararlanaraq qiymətləri kəskin artırırlar.
Metrostansiyaların açılmağı da qiymətləri artırır
Bakıda əmlak bazarına və mənzillərin qiymətinə təsir edən amillərdən biri də yeni metrostansiyalarının işə düşməsidir. Ekspert bildirib ki, yeni stansiyaların işə düşməsi ilə qiymətlər 15-20 faiz bahalaşır: «Əvvəl 50 min manata satılan daşınmaz əmlak, metro açılandan sonra ən azı 60 min manata satılır» .