İyulun 16-n keçən gecə türk hərbçiləri ölkədə hakimiyyəti ələ keçirməyə cəhd etdi. Lakin şənbə günü səhər Rəcəb Tayyib Ərdoğana sadiq qüvvələr situasiyanı nəzarət altına almağa nail oldu. Qiyam yatırıldı. Yüzlərlə adam həlak oldu. Çevriliş cəhdinin günahkarları kimi ordu daxilindəki çevrələr və ABŞ-da mühacirətdə yaşayan nüfuzlu təriqət lideri Fətullah Gülən elan edildi. Qiyamın iflasa uğraması nəinki hərbi elitanın müxalif qismi üçün fiaskodur, eyni zamanda Ərdoğanın hakimiyyəti dövründə onsuz da gücdən salınmış CHP-nin, özünü kamalizm irsinin varisi edən ana müxalifət partiyasının da məğlubiyyətidir.
Türkiyədəki çevriliş cəhdini SSRİ-nin son ilində baş vermiş QKÇP qiyamı ilə müqayisə etmək olar. Hər iki qiyam oxşar ssenari ilə baş verib: TV və radiostansiyaların ələ keçirilməsi, ölkə rəhbərliyinin fəaliyyətsiz elan edilməsi. Və həm QKÇP-çilər, həm türk hərbçiləri çevriliş cəhdini ölkəni dağılmaqdan xilas etmək zərurəti ilə əsaslandırıblar. SSRİ-də odlduğu kimi qiyamçılar dövləti idarə etmək üçün müvəqqəti komitə-“Sülh şurası” da formalaşdırmışdılar. Nəhayət QKÇP-nin avqust qiyamı Mixail Qorbaçovun Foros adasında istirahətdə olduğu vaxtda baş vermişdi. Türk hərbçiləri isə Ərdoğanın Marmaris kurortunda dincəldiyi bir vaxtda hakimiyyəti ələ almağa cəhd göstərdi.
Bir çox müşahidəçilər artıq baş verənləri “Türkiyənin sonu çatdı”, “Türkiyə münaqişəli vəziyyətə daxil olur” frazaları ilə şərh edirlər. Lakin bu qiymətləndirmələr əsaslı görünmür. İndi biz tamam başqa Türkiyənin qurulması prosesini izləyəcəyik-Ərdoğanın çoxdan xəyal etdiyi Türkiyənin. Axı uzun illər Ankaranın dünyəvi inkişaf yolundan dönməyəcəyinin qarantı kimi məhz ordu hesab olunurdu. Nə vaxt ki, ordu dünyəvi quruluşa təhlükə yarandığını görürdü, hakimiyyəti çevriliş yoluyla ələ alırdı. İndi isə belə görünür ki, bu sxemi yaddan çıxarmaq lazımdır.
Əslində Ərdoğanın indiki sürətli qələbəsi onun ordunun siyasi həyatda rolunu və təsirini azaltmağa yönəlmiş uzunmüddətli mübarizəsinin qanuni nəticəsi hesab oluna bilər. Ərdoğan bu vaxta qədər orduya iki güclü zərbə endirmişdi.Birincisi, mifik “Ergenekon” terror təşkilatına qarşı mübarizə adı altında 2007-ci ildə başlayan kütləvi həbslərdir. O vaxt çoxsaylı hərbçilər, ictimai-siyasi xadimlər, jurnalistlər dövlət çevrilişi cəhdi ittihamı ilə həbs edildilər. “Ergenekon” prosesi Türkiyənin siyasi həyatında dönüş məqamı oldu.
Bu iş üzrə keçmiş hərbçilər, Türkiyə ordusunun xidmətdə olan zabitləri, iri universitetlərin rektorları və digərləri keçirdi. Silahlı Qüvvələrin Baş qəragah rəisi İlkər Başbuğ da onların arasında idi-onu “çevriliş cəhdi” ittihamı ilə ömürlük həbsə məhkum etmişdilər.
Bu, Türkiyə ordusuna ilk zərbə idi. Bir ox müşahidəçilər o zaman Ərdoğanın kamalizm quruluşu ilə mübarizəsinə skeptik yanaşırdılar. Onlara elə gəlirdi ki, dünyəvi inkişaf modelinin tərəfdarları çevriliş edəcəklər və daha sonra hakimiyyət hərbçilərdən CHP-çilərə keçəcək. Lakin müxalifət sıralarında çəkişmələr və parçalanmalar bu ssenarinin həyata keçməsinə mane oldu.
Kamalistlərə və hərbçilərə ikinci zərbəni Ərdoğan 2011-ci ilin iyulunda vurdu. O vaxt ordu rəhbərliyi tam tərkibdə istefaya getdiyini elan etdi. Münaqişənin səbəbi kimi Ərdoğanın öz tərəfdarlarını orduda mühüm postlara yerləşdirməsi idi. O vaxtkı Baş qərargah rəisi İşık Koşaner Ərdoğanı və prezident Abdullah Gülü “ordunun nüfuzdan salınmasını qarşıya məqsəd qoymaqda”, cəmiyyətdə silahlı qüvvələrin cinayətkar obrazını yaratmaqda günahlandırdı. Hərbçilərin istefaya getməkdən başqa ayrı yolunun qalmaması Ərdoğanın qələbəsi kimi qiymətləndirildi.
İndiki çevriliş cəhdinin iflasa uğramasının səbəbləri isə belədir.
Birincisi. Qiyam planı diqqətlə işlənib hazırlanmamışdı, hərbçilər olduqca aqressiv, ancaq düzənsiz hərəkət edirdi. Bundan əlavə, çevriliş yüksək hərbi dairələr tərəfindən dəstəklənmirdi, onu orta səviyyə həyata keçirirdi. Baş qərargah rəisini qiyamçılar girov saxlamışdı.
İkincisi. Çevriliş xaricdən dəstəklənmədi. Ərdoğanın sultanlıq iddiaları Almaniya və ABŞ kimi ölkələri çox qıcıqlandırsa da onlar Türkiyədə stabilliyin pozulmasında maraqlı deyillər.
Üçüncüsü. Çevriliş cəhdinin iflasa uğramasında şəxsiyyət amili güclü rol oynadı. Ərdoğanı avtoritar idarəçiliyə, xarici və daxili siyasətinin iflasa uğramasına görə uzun müddət tənqid etmək olar. Ancaq bununla Ərdoğanın xarizması azalmayacaq. Faktiki olaraq Ərdoğan avtoritetinə görə ancaq Atatürkün özündən geri qalır. Üstəlik çətin məqamda onu keçmiş baş nazir Əhməd Davudoğlu və keçmiş prezident Abdullah Gül kimi siyasətçilər də dəstəklədilər. Hansı ki, Ərdoğanın onlarla arası yoxdur.
İndi belə demək olar ki, çevriliş cəhdinin iflasa uğramması Ərdoğanla kamalistlər və hərbçilər arasında qarşıdurmanın məntiqi sonluğudur. Ərdoğan bundan sonra hamını əmin edəcək ki, onun ordunun rolunu minimallaşdırmağa yönəlmiş siyasəti düzgündür və ordu ilə mübarizədə qalib AKP-dir. Artıq çevriliş cəhdinə görə minlərlə hərbçi, o cümlədən onlarla general, Türkiyə ordusunun komandan heyətinin böyük əksəriyyəti həbs olunub. Hansı ki, onların çoxu qiyamda iştirak etməmişdi və hətta bunu pisləmişdi. Buna baxmayaraq baş tutmayan çevriliş cəhdi Ərdoğana ordunu tamamilə sıradan çıxarmaq üçün əlverişli fürsət vermiş oldu. Üstəlik bu çevriliş cəhdinə görə məhkəmə orqanlarında da kütləvi həbslər aparılır, hətta Konstitusiya Məhkəməsinin üzvü həbs olunub. Bunlar Türkiyənin hökumətdən müstəqilliyini saxlamağa çalışan ədliyyə sistemində qalan son dünyəvilik tərəfdarlarıdır. Hansı ki, hakimiyyət onları “paralel yapı”ya mənsub olmaqda ittiham edir.
Digər tərəfdən Ərdoğan bu qiyam cəhdindən müxalifəti-atatürkçülüyü dəstəkləyən CHP-ni də nüfuzdan salmaq üçün istifadə edəcək. İndi belə demək olar ki, çevriliş cəhdi Ərdoğanın ölkə daxilində mövqelərinin möhkəm olduğunu təsdiqləyir. Təxmin etmək olar ki, Ərdoğan bu qələbəsindən istifadə edərək sərt siyasi dəyişikliklərə gedəcək.
P.S. Məqalə lenta.ru portalında dərc edilib
Hazırladı: F.Məmmədov