Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Prosesdə zərərçəkmiş qismində nəvəsi Öməri yanğında itirmiş Təyyar Cavadov ifadə verib. O bildirib ki, yanğın zamanı mənzildə qızı və 1 yaş 9 aylıq nəvəsi olub.
Nəvəsinin tüstüdən boğulduğunu, qızının isə ağır xəsarət aldığını deyən zərərçəkmiş hadisə baş verərkən evdə olmadığını qeyd edib: “Mən Qızlar Universitetində tələbələrdən imtahan götürürdüm. Qızım zəng edib ki, evimiz yanır. 15 dəqiqəyə maşınla evə necə gəlmişəm, onu bir Allah bilir. Binaya çatanda qışqırmağa başladım. Dörd saat binanın qarşısında qışqırmışam. Alov hər yeri bürümüşdü. Birinci mərtəbəyə qalxanda gördüm ki, gedə bilmirəm. Digər üç övladım gözümün qarşına gəldi. Onları düşünüb geri qayıtdım. Xeyli gözləyəndən sonra dedilər ki, yaxınlarınızı xəstəxanalarda axtarın, hamı çıxarılıb.
Bacım zəng elədi ki, qızım Şahnaz xəstəxanadadır. Nəvəmi soruşdum. 5 nömrəli xəstəxanda olduğunu və dünyasını dəyişdiyini öyrəndim. Tüstüdən boğulmuşdu. Qızımın da vəziyyəti ağır idi, “toksikologiya”da idi”.
T.Cavadov onlara dəymiş mənəvi zərərə görə günahları sübut olunan şəxslərdən 100 min manat təzminat tələb etdiyini bildirib: “İki övladım, həyat yoldaşım ölümlə üz-üzə qalmışıq. Bizə dəyən mənəvi ziyan heç nə ilə ölçülə bilməz. Əgər bu hadisə xaricdə olsaydı, ən azı 10 milyon təzminat tələb olunardı. Mən isə Azərbaycan reallığını nəzərə alıb 100 min təzminat istəyirəm. Əgər bu şəxslərin cinayətləri sübut olunsa, həmin məbləğ onların üzərində qalacaq”.
Digər zərərçəkmiş Səbinə Manafova ifadəsində yanğın zamanı anasının evdə olduğunu və hadisəni də ondan eşitdiyini söyləyib: “Anam zəng edəndə 12:04 idi. Mən 20 dəqiqəyə evə gəldim. İlk yanğınsöndürən onda gəlmişdi. Evdən çıxanda blokda tüstüdən boğulub. Qonşular çıxarıb. Binada yanğının bitişik əlavə tikilinin üstündəki zibillikdən çıxmasını bilmirəm. Orada zibil yox idi. Yanğının necə baş verdiyini bilmirəm.
Binaya vurulan üzlük bir dəfə qaynaq edilərkən alışmışdı. Sonra atam həmin materialın bir hissəsini alışqanla yandırdı və alışdı. İşi dayandırdılar. Dedilər yanan material olub-olmaması araşdırılır. Sonra yenidən iş başladı. Düşündük ki, yəqin icazə verilib və yanan material deyil”.
Təqsirləndirilən Miryusif Mahmudov söz istəyərək deyib: “Yanğın baş verən binaya bitişik əlavə tikilinin olması tikinti normalarına ziddir. Ən azı binanın hündürlüyünün 1/3 qədər məsafədə tikilməlidir. Bu tikintiyə kim icazə verib? Bunu da araşdırmaq lazımdır.
Həm də yanğın baş verən gündən insanları fərqli istiqamətə yönəldirlər. Həmin gün müsahibə verənlər deyir ki, üzlükdən yanıb. Tərkibinə qatqı qalılmayıb. Axı həmin an bunu necə bilmək olardı. Ekspertiza rəyi 9 ay sonra verib”.
Yanğın zamanı dünyasını dəyişən 2 yaşlı Ayxanın nənəsi Səbinə Babayeva da zərərçəkmiş qismində ifadə verib:
“İşdə xəbər tutub evə gəldim. Mən gələndə bizim ev tərəf yanmırdı. Düşündüm ki, uşaqlar çıxar yəqin. Nəvəmin yanında dayə var idi. Zəng edirdik. Saat 11-12 arasında nəvəm sağ idi. Nəvəm ölməyə bilərdi. Biz yalvaırdıq FHN və polis işçilərinə. Bizi buraxmırdılar. Xilasedicilər gəlmişdi. Kran yox idi, FHN işçilərinin maskası yox idi deyə, içəri girə bilmirdilər, polislər bizi itələyirdi. 16 mərtəbəli binaya gətirilən kran 5-ci mərtəbəyə qədər qalxdı. İçəri girən FHN işçiləri 3-cü mərtəbədə pəncərədə oturub siqaret çəkirdi. Vertolyot suyu binanın yox, camaatın üstünə tökdü. 13:30 da gələn kran hündür idi.
Biz dayə ilə sonra danışanda dedi ki, artıq uşaq nəfəs almır. Kran bizim mərtəbəyə qalxanda yanğınsöndürən pəncərədən baxıb işarə etdi ki, heç kim yoxdur. İçəri girmək istəmirdi. Aşağıdan biz qışqırandan sonra içəri girdi. 11:03-də uşaq artıq ölmüşdü. Uşağı çıxardı. Xəstəxanaya aparanda bizi aparmadılar. Dedilər sağdır. Kürəkənim dedi ki, köynəyinin üstündən iynə vurublar.
Nəvəm bizim nəfəsimiz, həyatımız idi. Biz onunla nəfəs alırdıq. Həmin gün bütün xəstəxanaları axtardıq. Nəvəmin cansız bədənini morqdan tapdıq. Həkim rəy verib ki, nəvəm dəm qazından boğulub. Həmin həkimin üzünə tüpürmək istəyərdim. Bu bizi bilirsinizmi necə yandırır? Bizim binada qazmı olub? Niyə düzünü yazmırlar ki, tüstüdən boğulub?”.
Zərəçəkmiş kimi ifadə verənlər arasında FHN-nin xilasedicilərindən Xətai Şahverdiyev də olub.
Yanğın baş verən vaxt işdə olmadığını, lakin könüllü şəkildə hadisə yerinə gəldiyini spyləyib: “Eşitdim ki, yanğımın miqyası böyükdür. İşdən icazə alıb, hərbi formada ora gəldim. Xüsusi formamız olmadığından içəri girə bilmədik. Digər əməkdaşlardan biri qucağında uşaqla çıxdı. Vəziyyəti ağır idi. Soruşdum, dedi ki, içəridə çox adam qalıb. Sonra texnika gələndə mən forma və əleyhqaz aldım. Bloka girəndə alov və tüstü var idi. Temperatur yüksək idi. 4 və 5-ci mərtəbələrə qalxdım. Sonrası çətin oldu. İsti idi. Ancaq güclə qalxmağa davam etdim. 6-cı mərtəbədə uşaq gördüm. Ölmüşdü. Vaxt itkisi olmasın, sağ adam çıxara bilim deyə yuxarı qalxdım. 15-ci mərtəbədə köməksiz bir qadın gördüm. Maskanı və formanı ona verdim. Dedim ki, qaça-qaça düşək. Biz düşəndə 6-cı mərtəbədə özümüzdən getdik. Bizi FHN işçiləri çıxardı. Mən qolumdan xəsarət aldım. Tüstüdən də zəhərlənmişdim”.
Proses günün ikinci yarısında davam edəcək.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların, dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi işləmiş rayon İcra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb.
Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.