Amerika nəşrindən qalmaqallı iddia: “Ərgənəkon generalları” Suriya rəsmiləri ilə danışıqlar aparır”

0
6

Ceren Kenar

Foreign Policy (ABŞ), 13.07.2016

 

Türkiyə keçən ay çoxdankı rəqibləri yeni dostlara çevirmək üzərində fəal şəkildə işləyib. Türk rəsmiləri insanların həlak olduğu “Mavi Mərmərə” gəmisi ilə bağlı insidentə görə İsraillə altıillik ixtilafdan sonra iyunun 27-də münasibətlərin normallaşdığını bildiriblər. Türkiyə prezidenti Ərdoğan elə həmin gün 2015-ci ilin noyabrında vurulmuş Rusiya təyyarəsi ilə bağlı Rusiyaya təəssüf hissini ifadə etdi və iki ölkə arasında münasibətlərin bərpasına yol açıldı.

Türkiyənin xarici siyasət “yenidən yüklənmə”sində Suriyanın taleyi önəmli yer tutur. Ankara özünün ən şər düşməni prezident Bəşər əl-Əsədə zeytun budağı uzada bilərmi?

Əsəd öz idarəçiliyinə qarşı yetişən etiraz hərəkatını söndürmək üçün   islahatlar keçirməkdən imtina edərkən Türkiyə 2011-ci ilin sentyabrında Suriya ilə diplomatik münasibətləri kəsdi. Türkiyə o vaxtdan bəri Əsəd rejimini devirməyi qəsd etmiş Suriya müxalifətini dəstəkləyir, həmçinin öz ərazisində iki milyon yarımdan çox suriyalı qaçqın yerləşdirib.

Solçu, kiçik, millətçi bir partiya bu gün iddia edir ki, qaçqın böhranının güclənməsi, Rusiyanın Suriyada sərt hərbi kampaniyası və ölkənin şimal hissəsindəki ərazlilərin güclü kürd dəstələri tərəfindən ələ keçirilməsi üzündən Türkiyənin Əsəd rejimi ilə təmas qurmaqdan özgə çarəsi qalmır. Əslində, bu partiyanın liderləri artıq Türkiyə və Suriya rəsmiləri arasında məktub mübadiləsi haqda bildirirlər.

“Vətən” partiyası antiqərb və antiamerika yönlü millətçi hərəkatdır, ona isə Türkiyədə yaxşı tanınmış sosalist siyasətçi Doğu Pərinçək rəhbərlik edir. Partiya sədrinin müavini Türkiyə silahlı qüvvələri hərbi kəşfiyyatının keçmiş başçısı, general-leytenant İsmayl Həqqi Pəkindir. Pərincək və Pəkin Foreign Policy-ə danışıblar ki, keçən il Rusiya, Çin, İran və Suriya hökumətinin üzvləri ilə görüşləri olub. Onlar bu görüşlərin gedişində aldıqları ismaricları Türkiyə hərbi idarəsi və XİN-in yüksəkçinli rəhbərlərinə çatdırıblar.

Sosialistlərin lideri Pərinçək və ordu generalı Pəkin kifayət qədər qəribə cütlük görünə bilər. Onların siyasi əməkdaşlığı həbsxanada başlanıb, çünki hər ikisi “Ərgənəkon” təşkilatının işi ilə bağlı 2011-ci ildə həbs edilmişdi. İttiham iddia edirdi ki, “dövlət içində dövlətə” məxsus olan hansısa bir qruplaşma seçkili hökuməti devirmək məqsədilə hərbi çevriliş planlaşdırır. Hər ikisi dinin dövlətdən ayrılması, millətçilik və həmçinin Türkiyənin siyasətinə Amerika və Qərb təsirindən əndişələnən “antiimperialsit” mövqeyi tutan kamalçı siyasi baxışları mətinliklə saxlayır.

Ali apellyasiya məhkəməsi 2016-cı ildə  “Ərgənəkon” işi üzrə hökmü ləğv etdi və qərar verdi ki, ümumiyyətlə, “Ərgənəkon” terror təşkilatı mövcud deyil və iş üzrə sübutlar qanunsuz şəkildə toplanıb.

Pərinçək və Pəkin Əsədlə ilk dəfə 2015-ci ilin fevralında Dəməşqdə görüşüblər. Pərinçəkin sözlərinə görə, görüş zamanı tərəflər razılığa gəliblər ki, “Türkiyə və Suriyanın separatçı və fanatik terrorçu qruplaşmalara qarşı birgə vuruşmağı lazımdır”.

Pəkin və “Vətən” partiyasının kontr-admiral Sonər Poladgeneral-mayor Bəyazid Qaratas kimi keçmiş yükəskçinli hərbçi üzvləri sonradan Dəməşqə üç dəfə səfər ediblər. Pəkinin sözlərinə görə, onların nümayndə heyəti yanvar, aprel və mayda baş tutmuş bu görüşlər zamanı xüsusi xidmətlərin nüfuzlu, xeyli təmsilçiləri, Suriya hökumətindəki diplomat və siyasətçilərlə görüşüb. Suriya Ümumi təhlükəsizlik idarəsinin rəisi Məhəmməd Dib Zeytun, Milli təhlükəsizlik bürosunun rəisi Əli Məmlük, xairici işlər naziri Valid Müəllim, xarici işlər nazirinin müaviniFeysəl Miqdad və Suriya BƏƏS partiyası baş katibinin müavini Abdulla əl-Əhmərbunların içində olub.

Pəkinin sözlərinə görə, bu görüşlərin baş mövzusu “diplomatik münasibətlərin və Türkiyə ilə Suriya arasında siyasi əməkdaşlığın təzələnməsi üçün zəmin hazırlamaq” olub.

İstefadakı türk generalının sözlərinə görə, nüfuzlu təhlükəsizlik şefi Məmlüklə görüşü ən yüksək dövlət səviyyəsinə qalxıb. Pəkin deyir: “Məmlük tez-tez icazə alaraq qonşu otağa keçirdi ki, birbaşa Əsədlə telefonda danışsın”.   

General deyir ki, hər bir səfərdən sonra nəticələr haqda xarici işlər və müdafiə nazirliklərinin yüksəkçinli rəhbərlərinə məruzə edərək son yarım ildə türk rəsmilərinin baxışlarında tədrici dəyişikliklər hiss edib. “Türkiyə 2015-ci ilin yanvarında öz kursunu dəyişməyə hazır deyildi, – o deyir. – lakin son səfərim zamanı hiss etdim ki, onlar (XİN məmurları) bu məsələdə daha açıq və çevik mövqe tuturlar”.

Türkiyə XİN-dəki yüksəkçinli rəhbər Pəkinlə görüş faktını təsdiqlədi, lakin Türkiyənin Əsəd rejimi ilə danışqılar apardığı haqda bəyanatları kəskin şəkildə təkzib etdi.

Bəli, biz Pəkini dinlədik, – o dedi. – Biz milyonlarla adamı, hətta münaqişə zonasından mühüm məlumata malik olduqlarını söyləyən yük maşınlarının sürücülərini də dinləyirik. Lakin bu görüşlərdə heç bir fikir mübadiləsi olmayıb”.

Buna baxmayaraq, Pəkin və Pərinçək hesab edirlər ki, Suriyanın şimal hissəsində Türkiyə sərhədinin yanında böyük muxtar bölgə yaratmış Suriya kürdlərinin “Demokratik Birlik” partiyasının (PYD) nufuzunun artması Türkiyə rəhbərliyini onların dəlillərini dinləməyə məcbur edə bilər. “Demokratik Birlik” Türkiyə dövlətinə qarşı artıq neçə illər partizan müharibəsi aparan və ABŞ-la Türkiyənin terrorçu təşkilatlar siyahısına daxil edilmiş PKK ilə sıx bağlıdır.

“Vətən” partiyasının iki rəhbəri bildirir ki, Türkiyəni və Əsəd rejimini bu ümumi düşmən birləşdirir. “Bəşər Əsəd bizə bildirdi ki, “Demokratik Birlik” satqın təşkilatdır, separatçı qruplaşmadır. O dedi ki, Suriyada bu cür separatçı qruplaşmaya dözməyəcək və şübhə etmir ki, PKK vəDemokratik Birlik” ABŞ-ın piyadalarıdır, – Pərinçək bildirir. – Mən bunu ondan öz qulaqlarımla eşitdim”.

Pəkin və Pərinçəkin sözlərinə görə, “Demokratik Birlik” Birləşmiş Ştatlardan mühüm yardım və dəstək alır və buna qarşı durmağın yeganə üsulu bölgənin digər ölkələri, o cümlədən Əsəd rejimi ilə əlaqələri qaydaya salmaqdır. “Türkiyə öz ərazisində PKK-ya qarşı mübarizə aparır, lakin bu kifayət deyil, – onlar qeyd edirlər. – Türkiyə PKK-nı darmadağın etmək məqsədilə mübarizə aparmaq üçün “Demokratik Birliyə” xarici dəstəyin kəsilməsinə nail olmalıdır. PKK-ya xarici dəstəyin kəsilməsinə nail olmaq üçün isə Türkiyə Suriya, İraq, İran və Rusiya ilə əməkdaşlıq etməlidir”.

Türkiyə hökumətində bəzi məmurlar bu cür arqumentləşdirmə xəttinə şərikdirlər.

Ədalət və İnkişaf Partiyasından yüksəkçinli anonim rəhbər iyunun 17-də  Reutersagentliyinə bildirib: “Sözsüz ki, Əsəd qatildir. O öz xalqını ələ salır. Laki kürd muxtariyyətini dəstəkləmir. Bir-birimizdən xoşumuz gəlmir, lakin bu planda siyasətimiz oxşardır”.

Ancaq digər yüksəkrütbəli türk təmsilçiləri Türkiyənin Əsəd rejiminə münasibətdə mövqeyinin dəyişməyi haqda iddianı rədd edirlər. Onlardan biri Foreign Policy-ə danışır ki, “Demokratik Birliyə” qarşı mübarizədə Türkiyənin Əsəd rejimi ilə əməkdaşlığı ideyası “gülüncdür”. O, ritorik sual verir: “Əsəd hətta öz paytaxtını və civarlarını qoruya bilmirsə, “Demokratik Birliyə” qarşı mübarizədə bizə necə yardım edə bilər? Axı onu Türkiyə və Suriya müxalifətinə qarşı mübarizəyə məhz o vəkil edib”.

Pərinçək və Pəkinin iddialarına əsasən, təkcə Suriya yönündə diplomatiya ilə məşğul olmurlar – Türkiyə və Rusiyanın barışması işində də müəyyən rol oynayıblar.

Ərdoğana yaxın bir qrup biznesmen Rusiya ilə əlaqələrin yaxşılaşmasına yardım üçün bizə müraciət etdi”, – vurulmuş Rusiya təyyarəsi ilə bağlı insidentdən dərhal sonra dekabrda Rusiyada olmuş Pəkin deyir. Pəkinin təşkilatı bu biznesmenləri ultramillətçi rus filosofu, Kremllə sıx əlaqələr saxlayan Aleksandr Duqinlə tanış edib. Duqin izah edib ki, ruslar üzrxahlıq adlandırılması mümkün olan hansısa bir jesti gözləyirlər. Pərinçək bildirir ki, bu görüşdən dərhal sonra Türkiyə vətəndaşı, Rusiyanın bəyanatına əsasən, vurulmuş təyyarənin pilotunu öldürmüş Alparslan Çəlik həbs edildi. “Biz bu (barış) prosesinə mühüm hədiyyə verdik və hər iki tərəf – Rusiya və Türkiyə – istədi ki, biz bunda iştirak edək”.

Prezident çevrəsindəki qaynaqlar bildirdi ki, bu görüş haqda məlumatları yoxdur.

“Vətən” partiyasının Türkiyə ilə Suriya arasında vasitəçi olub-olmadığı haqda sualı cavablandıran Pərinçək deyir: “Bizə heç kim göstəriş vermir”. Pəkin və Pərinçək öz fəaliyyətlərini təsvir edərkən “vasitəçi” kəlməsini işlətməkdən çəkindlər. Pəkin bunun əvəzində bildirir: “Biz təməl qoyuruq”.

Ədalət və İnkişaf partiyasında, xüsusən Ərdoğanın çevrəsində Suriya və Rusiya ilə düşmənliyin qəbuledilməz olduğunu hesab edən xeyli adam var, – Pərinçək deyir. – Əslində, yeni kabinet məhz bu səbəbdən formalaşdırılıb”.

Demək lazımdır ki, xarici siyasətdə Rusiya və İsrailə sarı Türkiyə tərpənişi Ankardakı siyasi dəyişikliklərə uyğun gəlir. Baş nazir Əhməd Davudoğlu Ərdoğanla uzunmüddətli fikir ayrılıqlarından sonra mayın 4-də istefa  verdi. Onu sələfinin siyasətini davam etdirməyəcəyi haqda siqnal verən Binəli İldırım əvəz etdi.

“Qonşularımızla münasibətlərimizi bundan sonra da yaxşılaşdıracağıq, –İldırım iyulun 11-də ƏİP-in Siyasət akademiyasında çıxış edərkən bildirdi. – Bizim İraq, Suriya və Misirlə döyüşmək üçün səbəbimiz yoxdur, lakin onlarla əməkdaşlığı inkişaf etdirməliyik”.

Türkiyə təhlükəsizlik meydanındakı müxtəlif oyunçular arasında qüvvələr nisbəti də dəyişilir. Wall Street Journal qəzeti xəbər verir ki, türk ordusu siyasətə təsirini bərpa edir, çünki kürd problemi və bölgə təhlükəsizliyi problemləri güclənir. Türkiyə SQ uzun illər boyu demokratik seçilmiş hökumətləri birbaşa idarə edib və bu siyasi imtiyazın müdafiəsi məqsədilə dörd çevriliş həyata keçirib. Hərbçilər Ədalət və İnkişaf Partiyası dönəmində öz təsirlərini itirdilər. Lakin bu partiya ilə Gülən hərəkatı arasında 2013-cü ilin axırında baş vermiş  nifaq köhnə isteblişmentə qüvvə verdi. Gülənçilər hakimiyyətin dövlət institutlarında qüdrətli təsirə malik idilər, lakin onları respublikaya, xalqa sadiq olan və dini qardaşlıqlara qarşı çıxış edən başqaları əvəzlədi. Ədalət və İnkişaf partiyasının yüksəkçinli təmsilçisi hökumətlə ordu arasında keçmişdə baş vermiş “bəzi təəssüflü insidentləri” qeyd edir, lakin vurğulayır ki, hazırda münasbətlər tamamilə normaldır.

O deyir: “Ordu ilə hökumət arasında qarşılıqlı fəaliyyət son bir neçə ildə güclənib”.

Məlumdur ki, ordu dövlətin Əsədə qarşı yönəlmiş siyasətinə ehtiyatla yanaşır. Hökumətin yüksəkçinli, Türkiyənin Suriya üzrə siyasətində iştirak etmiş bir təmsilçisi deyir ki, Ankara Suriyanın şimalında bufer zonası yaratmaq istəyirdi, lakin türk ordusu hələ 2011-ci ildə bu cür qərara qarşı çıxış edib.

Pərinçək söyləyir ki, “Türk ordusu lap əvvəldən Suriya, İraq, İran və Rusiya ilə dost və xeyirxah münasibətlərin, əməkdaşlığın saxlanması uğrunda çıxış edir”.

Prezident administrasiyasındakı və XİN-dəki qaynaqlar Türkiyənin Suriya üzrə siyasətinə dəyişikliklər etdiyi haqda şayiələri kəskin şəkildə təkzib edərək bildirir ki, Əsədin hakimiyyətdən uzaqlaşdırılması Ankara üçün prioritet olaraq qalır. Lakin başqa icmalçılar Suriyaya münasibətdə Ankaranın aksentində dəyişikliklər hiss edirlər. Huriyyet qəzetindən türk jurnalistikasının veteranı Əbdülqadir Səlviiddia edir ki, Türkiyə Əhməd Davudoğlunun təcəssüm etdirdiyi “idealizm dövrü”ndən hökumət tərəfdarlarının müdafiə etdiyi realizm erasına keçir. Səlvinin fikrincə, Türkiyə hökuməti bu yeni erada Suriya rejimini bundan sonra da tənqid edəcək, lakin Əsədin devrilməsn üzrə səyləri zəiflədəcək və Suriyanın şimalında kürd dəhlizi yaradılmsına qarşı çıxanlarla əməkdaşlığa başlayacaq.

Səlvinin dediyi kimi, “Bu gün Türkiyə dövləti üçün Suriyanın ərazi bütövlüyü Əsəd rejiminin taleyindən önəmlidir”.

 

Tərcümə Strateq.az-ındır.