Bank of Baku şəhid ailəsinə təzyiq edir: “Bizə görə ölməyib ki…”

0
7

Bu il aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsi “Bank of Baku” tərəfindən təzyiqlərə məruz qalıb.

Bu barədə AzNews.az-a şəhidin anası Zemfira Baxışova məlumat verib. Onun sözlərinə görə, götürdüyü krediti qaytara bilmədiyi üçün ailə bank nümayəndələri tərfindən hədə-qorxulara məruz qalır: “Kreditimizi hər ay ödəyirdik. Aprel ayında oğlum şəhid oldu. O vaxtdan sonra işləmirəm deyə krediti ödəyə bilmirəm.Devalvasiyadan sonra götürdüyüm məbləğ haradasa 3 min manata yaxın olub. Onlar da mənə zəng edib hədə-qorxu gəlirlər. Deyirlər ki, pulu ödəməsəniz sizi hüquq-mühafizə orqanlarına verəcəyik. Deyirəm ki, oğlum şəhid olub, vəziyyət ağırlaşıb, götürdüyüm krediti qaytara bilmirəm. Bank nümayəndəsinin cavabına baxın: “Nə olsun, bizə görə şəhid olmayıb ki… Olub, olub da, Allah rəhmət eləsin, gətirin bankın pulunu ödəyin”. Hələ üstümə qışqırır da. Bəs, mənim uşağım kimə görə şəhid olub? Mənim də bu pulu ödəməyə imkanım yoxdur”.

Z.Baxışova şəhid oğlunun ailəsinə də baxdıqlarını bildirib: “Tək bizə deyil, kredit götürdüyüm zaman banka verdiyim bütün nömrələrə də zəng edib təzyiqlər edirlər. Mən pul tapa bilmirəm ki, onu ödəyim. Ailədə heç kəs işləmir güclə çörək pulu tapırıq. Yoldaşımla mən pensiya alırıq. Onunla dolanırıq. Seymurun ailəsi də bizimlədir. Hamımız gözümüzü pensiyaya dikmişik. Bank isə heç bir güzəşt etmək istəmir”.