Varşavada iyulun 8-9-da keçirilən NATO sammiti kritik hesab edilirdi. Çünki alyans Rusiyanın artan hərbi təhdidinə qarşı cavab tədbirləri görməli və üzvlərindən birinə mümkün müdaxiləyə qarşı 5-ci maddəni işə salacağına dair qətiyyət nümayiş etdirməlidir.
Xəbər verildiyi kimi sammitdə Polşa və Baltik ölkələrində 4 NATO batalyonunun yerləşdirilməsi barədə qərar qəbul edilib. İlk batalyon gələn il yerləşdirilməlidir.
“Alman dalğası”ında sammitin yekunlarını şərh edən Bernd Riqert deyir ki, Varşava sammitində qəbul edilən qərarlar yeni soyuq müharibənin başlanması deyil, real siyasətdir. NATO sakitcə də olsa silah yellədi və əgər hərbi baxımdan nəzər salınsa alyansın şərq sərhədlərinə 4 batalyonun göndərilməsi Rusiyanın qat-qat çoxsaylı silahlı qüvvələri qarşısında ciddi hərbi təhdid deyil. Ekspertin sözlərinə görə, NATO-nun şərq sərhədlərində qüvvələrini artırması Moskvada ciddi təəsürat yaratçayacaq. Heç NATO-da bunu gözləmirlər. Qəbul edilən qərar böyük ölçüdə buna hesablanmışdı ki, hamı alyansın birliyinə əmin olsun. Və Baltik ölkələrinə nümayiş etdirilsin ki, NATO onların təhlükəsizliyinə ciddi yanaşır.
Ekspertin fikrinə NATO-da heç kim buna ciddi inanmır ki, Rusiya alyansın hansısa üzvünə hücum edəcək və ya “yaşıl adamlardan” istifadə etməklə Ukraynada olduğu kimi “hibrid müharibə” taktikasını işə salacaq.
“NATO-da hesab edirlər ki, prezident Putinin başqa planları var: o, Ukrayna, Belarus, Gürcüstan, Moldova, Azərbaycan və Ermənistanda öz təsir imkanlarını gücləndirmək istəyir. Belarusdan başqa qalan ölkələr münaqişələrə cəlb olunublar, həlledici məqamda Rusiyanın sayəsində bu münaqişələr qızışır. Nə qədər ki, bu ölkələrin ərazilərində həmin münaqişələr var, onlardan heç biri NATO-ya üzv ola bilməyəcək”-Bernd Riqert deyib.
ABŞ-ın keçmiş müdafiə naziri Çak Heygel isə Polşanın TVN 24 telekanalına müsahibəsində deyib ki, Rusiya təhdidinə qarşı NATO-nun şərq cinahında daimi əsasda böyük sayda qüvvə saxlaması effektiv deyil. Onun sözlərinə görə, rotasiya əsasında çoxmillətli birləşmələrin yerləşdirilməsi daha yaxşı nəticə verəcək. Çünki daimi əsasda çoxsaylı qüvvələrin dislokasiyası böyük xərclər tələb edir, ancq rotasiya əsasında bir-birini əvəzləyən çevik qüvvələr döyüş hazırlığının daha yüksək olmasına imkan verəcək. Çünki bu qüvvələr daim təlim keçəcəklər.
Çak Heygelin sözlərinə görə NATO 20-25 il sonra yarana biləcək mümkün təhlükələrə qarşı indidən hazırlıq görməlidir. Onun sözlərinə görə, Rusiyanın NATO ilə mümkün qarşıdurmada nüvə silahına əl atması ağlabatan deyil, ancaq belə ehtimal hər halda var.
“Hər şeyə hazır olmaq lazım gəlir. Biz bilmirik ki, Putindən sonra kim hakimiyyətə gələcək. Bəlkə kimsə daha təhlükəli biri gələcək? Ona görə də raketdən müdafiə sistemi və bu istiqamətdə atılan addımlar zəruridir. Həmişə 20 il irəli baxmaq lazımdır və hazırlaşmaq lazımdır ki, gələcəkdə nələr baş verəcək”-keçmiş müdafiə naziri deyib.
Virtualaz.org