Milli Şura Koordinasiya Mərkəzinin ölkənin tanınmış iqtisdaçılarıyla bigə növbəti toplantısı keçirilib.
Strateq.az bildirir ki, Milli Şuranın yaydığı məlumata görə, tanınmış iqtisadçıların iştirakı ilə keçirilən iclasda ölkədə yaranmış sosial-iqtisadi vəziyyət, böhran şəraitində Azərbaycan iqtisadiyyatının durumu, maliyyə böhranın dərinləşməsi, pul-kredit siyasətinin doğurduğu ağır nəticələr ətraflı şəkildə müzakirə edilib.
İqtisadçı ekspertlər Azərbaycanda yaranmış ağır sosial-iqtisadi vəziyyətin geniş dəyərləndirilməsini verib, iqtisadi göstəricilər üzrə müqayisəli təhlillər aparıblar.
Müzakirələrin gedişində əsas iqtisadi göstəricilər üzrə istisnasız olaraq bütün sahələrdə ciddi geriləmələrin olduğu, ölkənin iqtisadi həyatının pozulduğu, idxal və ixracında ağır problemlərin yarandığı qeyd edilib.
Ekspertlərin fikrincə, sənaye, kənd təsərrüfatı və xidmət sahəsində böhranın dərinləşməsi, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun kəskin azalması işsizliyin kütləvi şəkildə artması və əhalinin pul gəlirlərinin kəskin şəkildə aşağı düşməsi ilə nəticələnib. Qısa müddət ərzində ölkədə Ümumi Daxili Məhsulun həcminin sürətlə aşağı düşməsi əhalinin həyat səviyyəsinin pisləşməsi, istehlak bazarının yarıya qədər azalması ilə nəticələnib.
Müzakirələrin gedişində qeyd edilib ki, böyük neft gəlirlərindən səmərəli istifadə edilməməsi, qeyri-neft sektorunun formalaşdırılmaması, bir sıra bahalı idman yarışlarına küllü miqdarda vəsaitlərin xərclənməsi, korrupsiya hallarının geniş xarakter alması böhrana dağıdıcı xarakter verib.
XXI əsrin 15 ili ərzində ölkəyə küllü miqdarda neft pulları daxil olsa da, hər 4 dollar neft gəlirlərinin 3 dollarının artıq xərcləndiyi, ölkənin maliyyə ehtiyatlarının təhlükəli həddə düşdüyü və neft fondunun vəsaitlərinin kəskin şəkildə azaldığı müzakirələrin gedişində vurğulanıb. Belə bir fakt həyəcanla xatırladılıb ki, neft gəlirlərinin azalmasına paralel şəkildə ölkənin borclanması artıb. Hazırda ölkənin xarici borc asılılığına düşdüyü və yaxın gələcəkdə bunun təhlükəli həddə çatacağı təəssüf hissi ilə qeyd edilib.
Müzakirələr zamanı belə vəziyyətin yaranmasının başlıca səbəbləri kimi, Azərbaycan hakimiyyətinin islahat adı alında cəmiyyətə təqdim etmək istədiyi imitasiya siyasətinin iflasa uğraması, ölkədə rəqabət mühitinin olmaması, gercək iqtisadi islahatların keçirilməməsi, müstəqil məhkəmə hakimiyyətinin bərqərar edilməməsi və sair hallar olduğu göstərilib.
Ölkədə 2,5 milyon kredit borcu olan vətəndaşların olduğu və əhalinin kütləvi şəkildə borc asılılığına düşdüyü, hökumətin bu istiqamətdə əhalini müdafiəsiz qoyduğu qeyd edilib. Bildirilib ki, bir sıra bankların reketlik yolu ilə borclarını qaytarmağa cəhd göstərməsi kredit asılılığına düşmüş vətəndaşların təhdid olunmasına gətirib çıxarıb.
Müzakirələr zamanı hakimiyyətin ölkənin sosial-iqtisadi, bank-kredit və maliyyə vəziyyəti haqqında ictimaiyyətə doğru məlumat verməməsi, gerçək vəziyyəti ört-basdır etmək üçün müxtəlif təbliğat məzmunlu priyomlardan istifadə cəhdləri pislənilib.
Koordinasiya Mərkəzi qərara gəlib ki, qeyd edilən sahələrdə yaranmış ağır vəziyyət və ölkəni gözləyən təhlükələr haqqında əhaliyə ətraflı məlumat versin. Bu məqsədlə Milli Şura yaxın vaxtlarda iqtisadçı ekspertlərin iştirakı ilə ölkənin sosial-iqtisadi vəziyyəti haqqında Azərbaycan xalqına müraciət etməyi qərara alıb.
Bununla yanaşı toplantıda səhiyyə, təhsil və sosial sahədə yaranmış ağır durum, insan haqları, mətbuatın vəziyyəti, Qarabağ cəbhəsindəki son durum və sair məsələlər ətrafında da fikir mübadiləsi edilib.