Müsavatdan Xədicə İsmayılın ittihamlarına cavab.
Jurnalist Xədicə İsmayıl həbsdən çıxandan sonra yenidən qalmaqalla gündəmə gəlib. O, mətbuata verdiyi müsahibəsində Müsavat Partiyasını “Yeni Müsavat” qəzetinin təsiri altında olmaqda, partiyanın müxtəlif manevrlərini anlamamaqda ittiham edib.
X.İsmayılın ittihamlarına Müsavat Partiyasının cavabı gecikməyib. Müsavat başqanının müavini Yadigar Sadıqov bildirib ki, Xədicə İsmayıl həmişə olduğu kimi, yenə də Müsavata qarşı qərəzli mövqe sərgiləyir: “Müsavatın manevrlərini anlamadığını söyləyən Xədicə İsmayıl təəssüf ki, yenə də konkretlikdən uzaqdır. Hesab etmirəm ki, partiyamın hansısa anlaşılmaz mövqeyi var. Müsavat ölkədə baş verən bütün hadisələrə operativ, obyektiv reaksiya verir. Partiya təkcə sosial şəbəkədə deyil, həm də real həyatda fəaliyyət göstərir”.
Partiyanın “Yeni Müsavat” qəzetinin təsiri altında olmasına gəlincə, başqan müavini bildirib: “Prosesləri elə də dərindən izləməyən vətəndaşlar bu gün Müsavat Partiyasını və “Yeni Müsavat” qəzetlərini eyniləşdirirlərsə, bunu anlamaq olar. Amma Xədicə xanım kimi məlumatlı, proseslərdən xəbərdar deyil, bilavasitə proseslərin içində olan birisinin belə iddiada bulunması heyrət doğurur. Artıq 1 ildir ki, Rauf Arifoğlu partiyanın üzvü deyil, Müsavatla qəzeti heç bir şey bağlamır”.
Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli isə AzVision.az-a bildirib ki, Xədicə İsmayılın Müsavata qarşı ittihamlarını təsdiqləyəcək faktları varsa, ortaya qoya bilər: “Xədicənin açıqlamasını oxudum. Deyir ki, sual verdilər, mən də cavablandırdım. Belə başa düşürəm ki, o, öz fikirlərini ifadə edib. Araşdırmaçı jurnalist adətən öz fikirlərini faktlarla əsaslandırır. Xədicə İsmayıl araşdırmaçı jurnalistdirsə, fikirlərini ittihamlarla yox, faktlarla ifadə etsin. Əgər ittihamlarını təsdiqləyəcək faktlar varsa, buyurub ortaya qoysun”.
Müsavatın həbsdə olduğu vaxt Xədicə İsmayılı dəstəklədiyini xatırladan Hacıbəyli onun tutduğu mövqeyin yalnış olduğunu bildirib.
“Xədicə İsmayılı onun Müsavata qarşı münasibətindən asılı olmayaraq müdafiə etmişik. Ancaq, onun Müsavata qarşı mövqeyi qərəzli və əsassızdır. Müsavat Partiyası kiminsə təsiri altında deyil. Xədicə İsmayıl bunu gözəl bilir”.
X.İsmayılın ittihamlarından sonra AXCP fəallarının Müsavata qarşı kampaniya başlatmasına gəlincə, Hacıbəyli bildirib ki, bu, partiyaya rəqib gözü ilə baxılmasından irəli gəlir: “Müxalif düşərgədə Müsavatı özünə rəqib bilən partiyalar bizə qarşı təbliğat aparırlar. Burada bir qısqanclıq var. Ona görə də bu partiyaların rəsmi və ya qeyri-rəsmi üzvləri Müsavata qarşı təbliğat aparırlar. Bu, maraqlar toqquşmasından irəli gələn məsələlərdir. Müsavat Partiyası heç vaxt mövqeyini dəyişməyib. Azərbaycanda Müsavat qədər mövqeyi aydın olan ikinci bir müxalif partiya yoxdur. Elə partiyalar var ki, bir gün müxalifətdə olur, başqa bir gün iqtidarda. Müsavat partiyası isə mövqeyində, prioritetlərində dəyişiklik etməyib”.