Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2015-ci ilin sonuna fondun daşınmaz əmlak portfeli üzrə London, Paris, Moskva, Seul və Tokio şəhərlərində yerləşən 5 aktivi üçün illik icarə gəlirlərini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2015-ci ildəki fəaliyyəti və maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatında məlumat verilir. Bildirilir ki, ötən il qeyd olunan aktivlər üzrə illik icarə gəlirləri belədir: London (78 Seynt Ceyms küçəsi) – 9 648 048 ingilis funt sterlinqi, Paris (Vendom Meydanı 8) – 5 860 400 avro, Moskva – Tverskaya 16 (Qalereya Aktyor binası) – 349 659 436 rubl, Seul (Payn Avenyu Tauer A) – 31 071 645 406 Koreya vonu və Tokio (Kirarito Ginza) – 722 169 920 yapon yeni.
2015-ci ildə Moskvadakı Qalereya Aktyor binasının ticarət mərkəzi hissəsinin yenidən qurulması prosesi davam etdirilib. Yenidənqurma işləri nəticəsində icarə gəlirlərində azalmaları və kapital xərclərində artımı nəzərə alaraq, 2015-ci ildə xalis gəlirlilik 2014-cü ilə nisbətən aşağı olub. 2015-ci ildə ARDNF-in törəmə şirkəti olan Tverskaya 16 OAO və dünyanın məşhur şirkətlərindən biri arasında Qalereya Aktyor binasının ticarət mərkəzi hissəsinin istifadəsi üzrə uzunmüddətli icarə müqaviləsi bağlanıb. Şirkət binanın ticarət mərkəzi hissəsini yenidənqurma işləri tamamlandıqdan sonra 2017-ci ilin martından başlayaraq istifadə edəcək.
Keçən ilin sonunda ARDNF-in portfelində yer alan aktivlər müstəqil qiymətləndirmə şirkətləri tərəfindən aşağıdakı kimi qiymətləndirilib:
• London (78 Seynt Ceyms küçəsi) – “Knight Frank LLP” – 217 000 000 ingilis funt sterlinqi dəyərində;
• Paris (Vendom Meydanı 8) – “BNP Paribas Real Estate” – 164 610 000 avro;
• Moskva – Tverskaya 16 (Qalereya Aktyor binası) – “Cushman & Wakefield” – 5 400 000 000 rubl;
• Seul (Payn Avenyu Tauer A.) – “Kyungil Appraisal” – 492 100 000 000 Koreya vonu;
• Tokio (Kirarito Ginza) – “Daiwa Real Estate Appraisal” – 52 600 000 000 yapon yeni dəyərində qiymətləndirilib.