Fransa parlamentində Azərbaycana qarşı təklif qəbul olunmadı

0
4
French Prime Minister Manuel Valls delivers his speech at the National Assembly in Paris, France, Tuesday, Sept. 16, 2014. France's prime minister faces a confidence vote in a parliament increasingly frustrated with unpopular President Francois Hollande's handling of the economy, including dissidents within his Socialist Party. (AP Photo/Francois Mori)

Fransa Milli Assambleyasında qurumun Xarici Məsələlər üzrə Komitəsinin bu gün keçirilmiş toplantısında Fransanın Cənubi Qafqaz bölgəsində sülh və demokratiyanın inkişaf hədəflərinə uyğun olaraq, bu ölkə ilə Azərbaycan arasında ikitərəfli siyasi, iqtisadi və diplomatik münasibətlərə dair xüsusi araşdırma komitəsinin yaradılması məsələsi müzakirə edilib.

APA-nın Avropa bürosunun məlumatına görə, bu Qətnamə təklifi Fransa parlamentinin mərkəzçi UDİ (Demokrat və Bitərəflərin Birliyi) qrupunun üzvləri, başda ermənipərəst mövqe ilə tanınan Fransua Roşbluan, eləcə də Tyeri Benua, Şarl de Kurson və digər deputatlar tərəfindən irəli sürülüb. İlk olaraq məsələ ilə bağlı məruzə edən Elizabet Giqu bu təklifin qəbul edilə bilməsi və ya bilməməsi haqqında fikirlərini bildirdi. Təklifin hüquqi cəhətdən qəbul edilə bilməsinin mümkün olmadığını qeyd etmiş xanım Giqu bu təklifin, eyni zamanda, qeyri-müəyyən formada tərtib edildiyini, Komitənin qayda və prosedurlarına uyğun olmadığını söyləyib. O, bundan başqa, Fransanın Dağlıq Qarabağ münaqişəsində həmsədr ölkəsi olduğunu vurğulayaraq Fransanın belə məsələlərdə bitərəf qalmalı olduğunu dilə gətirib.

Müzakirələrdə çıxış etmiş komitə üzvlərinin əksəriyyəti belə bir təklifin qəbul edilməsini Fransanın Dağlıq Qarabağ münaqişəsindəki vasitəçi roluna kölgə sala biləcəyini, eyni zamanda Fransa ilə Azərbaycan arasında iki milyard avro həcmində ticarət dövriyyəsini qeyd edərək iki ölkə arasındakı sıx iqtisadi əlaqələri mənfi təsir göstərə biləcəyini vurğulayıblar. Fransua Roşbluan öz təklifinin müdafiəsinə ayrılmış çıxışında Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyə, hər vəclə bu təklifi keçirtməyə cəhd etsə də, sonda keçirilmiş səsvermələrdə qətnamə təklifi keçməyib və qəbuledilməz elan olunub.

Bununla belə, sözügedən qətnamə təklifinə qarşı çıxmış məruzəçi, xanım Elizabet  Giqu Milli Assambleyanın Xarici Məsələlər üzrə Komitəsində Dağlıq Qarabağ münaqişəsi və ATƏT-in Minsk qrupunun fəaliyyətinə dair məlumat missiyasının yaradılması təklifi ilə çıxış edib və onun bu təklifi səsvermədə komitə tərəfindən qəbul edilərək təsdiq edilməsi üçün Sədrlər Toplantısına göndərilib. Milli Assambleyanın Sədrlər Toplantısının bu məsələyə sabahkı iclasında baxacağı gözlənilir.