İstanbul terroru:“Dünyanın ürəyi” uğrunda savaşın ilk atəşi

0
5

İstanbulun Atatürk hava limanında dünən törədilən terrorun qurbanlarının sayı artır. İlk açıqlamada terror nəticəsində 28 insanın öldürüldüyü bildirilirdisə, bu gün ölü sayının artıq 36-ya yüksəldiyi, yaralananların isə 147 nəfər olduğu xəbər verilir. Nə yazıq ki, bu sayın getdikcə artacağı güman olunur.

Rəsmi Ankara terroru İŞİD-in törətdiyindən şübhələnir. İŞİD-in bundan əvvəl Avropanın bir sıra şəhərlərində hava limanlarını hədəfə alması və hadisələrin törədilmə şəkillərinin bənzərliyi  bu şübhələrin yaranmasında əsaslı rol oynayır.

Törədicisinin kimliyindən asılı olmayaraq, Türkiyənin ən böyük hava limanını qana bələyən bu terrorun zamanlaması olduqca ilgincdir və hadisənin  sifarişçisi haqqında müəyyən ipucları verir.

Məlum olduğu kimi, hadisədən bir gün qabaq Türkiyə Prezidentinin rusiyalı həmkarına yazdığı məktub “təyyarə böhranı”ndan sonra iki ölkə arasında gərginləşən münasibətləri yenidən normallaşdırmış, iqtisadi əlaqələri əvvəlki səviyyəyə gətirmək üçün yeni fürsətlər yaratmışdı. Elə həmin gün İsraillə Türkiyə arasında illərdən bəri davam edən gərginlik də sona çatmış, hətta iki dövlət “barışıq sazişi” bağlamışdı. Türkiyənin yeni baş naziri Misirin çevrilişlə taxta oturmuş hökumətinə də “zeytun budağı” göstərərək, münasibətləri düşmənçilik siyasətindən dostluq əlaqələrinə keçirmək istədiyini bildirmişdi. Bir müddət əvvəl isə kürd separatizmi təhlükəsinin Suriya ilə Türkiyəni yaxınlaşdırdığı xəbərləri yayılır və qısa müddətdən sonra bu gərginliyin də ortadan qaldırılması ehtimalları dartışılırdı. Bir növ, kompasın əqrəbi Türkiyənin illərdən bəri yer tutduğu ABŞ liderliyindəki Yeni Yaxın Şərq Proyektindən tamamilə ayrıldığını, yenidən “qonşularla 0 problem” siyasətinə qədəm qoyduğunu göstərirdi.

Atatürk hava limanında baş verən terror hadisəsi də məhz bu dövrə təsadüf etdi. Zənnimizcə, hadisələrin bu cür inkişafı terror hadisəsinin sifarişçisi barədə də aydın təsəvvür yaradır.

Sual oluna bilər: Türkiyənin qonşularıyla iqtisadi əlaqələrini yenidən bərpa etməsi dünyanın super güclərini niyə bu qədər narahat edir?

Fikrimizcə, bu sualın cavabı dünya geopolitikasını müəyyənləşdirən nəzəriyyələrdə gizlənib.

avrasya-birliyi

Bir çox geopolitik nəzəriyyələrə görə, dünyanın ürəyi Avrasiyadır. Xüsusilə Orta Asiya və Sibir coğrafiyasına hakim olan qüvvənin dünya ağalığına sahib olacağı düşünülür. Fəqət dünya hegemoniyası üçün təkcə ürəyə nəzarət də böyük məna kəsb etmir. Bununla yanaşı, həm də “ürəkətrafı bölgələr” ələ keçirilməlidir.Həmin bölgələr isə Qara dəniz sahillərində yerləşən Balkan yarımadası, Asiya və dünya neft rezervlərinin 60%-nə yaxınını özündə birləşdirən Yaxın Şərqdir. Kim bu bölgələrə sahib olsa, dünyanın ürəyinə yaxınlaşacaq və dünya ağalığını təmin edəcək.

Əsası 1919-cu ildə ingilis geostrateqi Halford Makinder tərəfindən qoyulan, sonralar müxtəlif strateqlər tərəfindən bəzi əlavələrlə dəyişdirilərək, başqa-başqa adlarla təqdim olunan bu nəzəriyyəyə görə, Rusiya dünya ağalığına hər kəsdən daha yaxın olsa da, onun qarşısını kəsən manelər də yox deyil.Başlıca maneə isə bu ölkənin kommunist nəzəriyyələrlə sənayeləşmə prosesində geriqalmışlığı, İran, Türkiyə, Asiya və Şərqi Avropa ilə münasibətlərinin gərginliyidir.

Doğrudan da kommunist nəzəriyyəsinin dünya xalqları üzərində yaratdığı xof və iqtisadi cəhətdən Rusiyanı geri salması bu potensialın reallaşmasına imkan vermədi. SSRİ dağıldıqdan sonra isə “dünyanın ürəyi”ni ələ keçirmək uğrunda dünya dövlətlərinin yarışı başladı.

ABŞ və İngiltərə dövlətlərinin söykəndiyi dəniz hakimiyyəti isə bu yarışın tam qələbə çalması üçün kifayət etmirdi. Necə ki, bunu haqqında bəhs etdiyimiz ingilis geostrateq Makinder də  1919-cu ildə yazdığı “Demokratik prinsirlər və gerçəklər” adlı əsərində etiraf edərək deyirdi: “Hakimiyyət qurmaq istəyən bir dövlət üçün ən önəmli güc quru qüvvələridir. Həm quruda, həm də dənizdə güclü olan dövlət ən güclü dövlətdir”. (Makinderin zamanında hava gücü zəif olduğundan, o, hava qüvvələrini hesaba qatmamışdı.)

İstər İngiltərənin, istərsə də ABŞ-ın “dünyanın ürək nahiyəsinə” coğrafi cəhətdən uzaqlığı, Almaniya və Fransanın isə quru əlaqələrində daha avantajlı durumda olması yeni nəzəriyyələrin ortaya atılmasına səbəb oldu. Bir tərəfdən Almaniya və Fransa genişlənən Avropa Birliyi layihələrilə Balkanlara yayılmağa çalışarkən, bir tərəfdən də ABŞ “mədəniyyətlər çarpışması” nəzəriyyəsilə və bu istiqamətdə apardığı siyasətlərlə həmin yayılmanın Yaxın Şərqə doğru uzanmasının qarşısını almağa çalışırdı.

Yaxın Şərqdə məzhəb savaşlarının körüklənməsi və bunun nəticəsində artan neft qiymətlərilə Rusiyanın yenidən “ehya” edilməsi də, zənnimizcə, təsadüfi deyildi.Hər şey anqlosakson imperializminin əsl təhlükə hesab etdiyi alman və fransız hədəflərini heçə endirməyə hesablanmışdı. Alman və fransız imperialist hədəflərinə söykənən “Genişləndirilmiş Avropa Birliyi” layihəsilə Rusiyanın əlindən çıxarılan və düşməninə çevrilən Balkan dövlətlərinin mövqeyi də Moskvanın söykənə biləcəyi ortodoks-slavyan ittifaqını dağıtdığından və Qərblə Rusiyanı üz-üzə qoyduğundan, anqlosaksonlar bir güllə ilə iki quş vurmuşdular. Əslində İngiltərənin referendumla AB-dən ayrılması və ABŞ-ın bu qərara soyuqqanlı yanaşması da, görünür, Avropa Birliyi layihəsinin anqlosakson strategiyalara cavab verməməsindən irəli gəlirdi.

avrasiya

Dünyanın “ürək nahiyəsində” yerləşən digər coğrafiyalarda yeni ziddiyyətlərin yaradılması regional qüvvələrin Avrasiya düşüncəsi ətrafında birləşməsinin qarşısını ala bilərdi. Yaxın Şərqdə yürüdülən məzhəb savaşları bunun ən gözəl vasitəsi ola bilərdi. Ərəb dünyası ilə eyni cəbhədə çıxış edən Türkiyə ilə Rusiyanın yanında yer alan İran yarana biləcək Avrasiya ittifaqının qarşısını kəsirdi.

Fəqət bu sahədə də ABŞ-ın hesaba qatmadığı hadisələr yaşanırdı. Onun 1980-ci illərdə Rusiyadan ayrılmaq üçün iqtisadi yardımlar göstərdiyi və iqtisadiyyatını gücləndirdiyi Çin gözlənilməz iqtisadi artım sürətilə ABŞ-a yaxınlaşır, dünya hegemonluğuna iddia etməyə başlayırdı. Bu prosesin qarşısını almaq üçün supergücün həyata keçirdiyi siyasətlər isə Rusiya və Çini yaxınlaşdırırdı. İllərdən bəri sanksiyalar tətbiq etdiyi İran da həmçinin Rusiyayla eyni cəbhədə birləşirdi. Ən gözlənilməz hadisə isə hər iki dövlətin oynanan məkrli siyasəti görüb Suriyadakı proseslərə müdaxilədə birləşmələri oldu. Beləcə, Bzejinskinin illər öncə üzərində durduğu təhlükə reallaşırdı. Söhbət Çin-Rusiya-İran ittifaqından gedir.

Hadisələrin ABŞ-ın istəklərinin xilafına inkişafı onun tələm-tələsik bölgəni başlı-başına və dünyanın ürəyinə tərs istiqamətdən, yəni Şərqdən yaxınlaşma planını həyata keçirməsinə yol açdı. Dünya ÜDM-nun 40%-ni əlində cəmləşdirən Trans Sakit Okeanı İttifaqının Obama hakimiyyətinin əsas hədəfi halına gəlməsi bu mənada təsadüfi deyildi.

Beləcə, girdiyi geoplotik oyunda tamamilə tək buraxılan Türkiyənin dünya güclərinin ölüm-dirim savaşı verdikləri regionda çətin duruma düşməsi məcburən öz xarici siyasətini dəyişməsinə səbəb oldu. Türkiyənin Avrasiyaçıların yanında yer alması isə ABŞ üçün ən böyük təhlükənin yaranması demək idi.

Nədən ki, Türkiyənin Avrasiyadakı potensialı ən azı Rusiya qədər güclüdür.Bölgə xalqlarının, xüsusilə Cənubi Qafqaz və Orta Asiyada yaşayan insanlar arasındakı yumşaq gücü, tarixi-mədəni əlaqələri Ankaraya bu coğrafiyada ciddi uğurlar qazandıra bilər. Xüsusilə iqtisadi təfəkkür və sənaye gücünə söykənən istehsalçı ənənə baxımından Türkiyənin də bu coğrafiyaya qazandıracağı çox böyük dəyərlər var. Rüşvətə meyllilik, dövlət əmlakını talamaq üzərində qurulan sovet iqtisadi təfəkküründən fərqli olaraq, türk insanı alın təriylə pul qazanmaq vərdişinə yiyələnib ki, bu da Avrasiya coğrafiyasının iqtisadi inkişafını təmin edə bilər. Üstəlik, Türkiyə Avrasiyanın həm Avropaya, həm Afrikaya, həm də Yaxın Şərqə açılan qapısı olmaq potensialına malikdir.

Türkiyə Rusiyanın və Orta Asiya ölkələrinin sabah baş ağrısına çevriləcək Çin kimi təhlükəli də deyil. Dünyanın ən qələbəlik insan sayına malik olan və xarici ölkələrə köçə dayanan yayılmaçı siyasət yürüdən Çindən fərqli olaraq, türklər bu coğrafiyaya yabançı deyillər, əhali sayına görə də onların bu əraziləri zəbt etmək potensialları yoxdur. Bu baxımdan Rusiya və Orta Asiya ölkələri üçün Türkiyə nəinki təhlükəli deyil, əksinə gücə güc qatacaq xarakterdədir.

Türkiyənin Avrasiyaçılığa yönəlməsi həm də bu regionda ordodoks-slavyan siyasi üstünlüyünə son qoyar və bərabərhüquqlu rus-türk ittifaqının  yaranmasına gətirib çıxarar. Həm hərbi, həm iqtisadi, həm də təbii sərvətlər potensialıyla dünyanın həqiqətən də ağası halına gələ biləcək Türk-Rus ittifaqı anqlosaksonların qorxulu röyasını çin çıxara bilər.

Görünür, İstanbulun Atatürk hava limanında baş verən terror hadisəsi də bu xofdan qaynaqlanır və Ankaraya “öz yerində dur!” mesajı vermək məqsədi daşıyır.

Heydər Oğuz