Artıq Azərbaycanda da dünyanın bir sıra ölkələrində olduğu kimi “Tax free” sisteminin tətbiqinə başlanılıb.
Vergiler.az saytı bildirir ki, bundan sonra yaşı 14-dən yuxarı olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycana səfər edərkən alış-veriş zamanı bu imkanlardan istifadə edəcək və ödədiyi məbləğin bir hissəsini geri ala biləcəklər. Bu sistemə əsasən, xarici ölkə vətəndaşlarına səfər zamanı etdikləri alış-verişə görə ödədikləri əlavə dəyər vergisi (ƏDV) geri qaytarılır.
“Tax free” sistemini yalnız ƏDV ödəyicisi kimi qeydiyyatdan keçən mağazalar həyata keçirəcək. Bununla yanaşı, həmin obyektlər pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalı, təsərrüfat subyektində nəzarət-kassa aparatı və POS-terminal qurulmalı, Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi olmamalıdır.
Qeyd olunub ki, təsərrüfat subyektlərinin “Tax free” sisteminə qoşulması könüllü formada həyata keçirilməlidir. ƏDV ödəyicisi olan istənilən təsərrüfat subyekti bununla bağlı Vergilər Nazirliyinə müraciət edə bilər. Müraciət üçün nazirliyin rəsmi internet səhifəsində “Tax free” bölməsi də yaradılıb.