Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Prosesdə vəsatətlərlə çıxış edən vəkil İlhamə Həsənova müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması, cinayət təqibinə xitam verilməsini istəyib.
Digər vəkil Cavid Rzazadə isə çıxışında ibtidai istintaq zamanı iş materialları ilə tanış ola bilmədiyi üçün cinayət işinin ibtidai istintaqa qaytarılmasını və müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.
Vəkil İ.Həsənova bildirib ki, yanan binanın üzləndiyi materialdan bütün dünyada istifadə olunur: “Onu bizim müdafiə etdiyimiz şəxslər kəşf etməyib. Həmin material çətin yanan materialdır. Şirkətlərin digər təsisçiləri azadlıqda olsalar da, Yusif Mahmudov həbs edilib. İstintaq düzgün aparılmayıb”.
Vəkil binanın üzlənməsi barədə sifarişin Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verildiyini deyib: “Biz Qazaxıstanda da ekspertiza keçirmişik. Həmin üzlük çətin yanan materialdandır. O bina 27 saniyə içərisində yanıb. Ona kimsə müdaxilə edib. Bu məsələ araşdırılmalıdır”.
İclasda çıxış edən Y.Mahmudov isə bildirib ki, öz yaşadığı evi, ofisini də həmin materialla üzləyiblər.
Proses iyunun 29-da davam etdiriləcək(Trend).