“Qaça-qaça gəldi ki, səhv eləmişəm” – Xəstəxananın direktoru danışdı

0
3

Xəbər verdiyimiz kimi, Bakıda şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində əməliyyat edilib. Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə, sağlam olan sağ ayağı kəsilib.

Hadisə ilə bağlı Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski Region TV-yə açıqlama verib. Mərkəzin direktoru bunları söyləyib: “Hadisə ilə bağlı komissiya yaradılıb, biz də işləyirik, məlumat veriləcək. Həkim öz yerində deyil ki, mən ondan izahat götürüm. İşə gələndə ondan izahat götürəcəm. Uşaqlar mənə dedilər ki, həkim çıxış edib deyib ki, səhv eləmişəm. Necə səhv edib, onunla bağlı izahat götürüləcək”.

Azər Şəmsəddinski hazırda xəstənin vəziyyətinin necə olduğunu da açıqlayıb: “Xəstənin bir ayağında qaralma, o birisində xırda yara var. 82 yaşı var qadının, indi normal vəziyyətdədir, nəzarət altındadır. Əlimizdən gələni edirik ki, xəstə sağalsın. Kəsilməli olan sol ayaqda barmaqlar çürüyüb. 1-2 gün xəstə özünə gəlsin, baxarıq. Mən 45 illik cərraham, belə hadisə görməmişəm”.

Mərkəzin direktoru həkimin hadisədə sanitarların da günahının olduğunu açıqlamasına münasibət bildirib: “Həkim xəstəyə baxıb, planlı şəkildə yoxlanılıb. 5 həkim qol çəkib ki, sol ayaq kəsilməlidir. Xəstə ilə görüşülüb, suallar verilib. Mən özüm dedim ki, xəstənin qan faizləri normaldır, bir neçə ay sonra protez ayaqla gəzə bilər. Sonra sağollaşdıq. Mən də aşağıda əməliyyatın nəticələrini gözləyirdim. Qaça-qaça gəldi ki, səhv eləmişəm. Belə səhv olmaz axı”.