Su girdi anbara, oldu qeyri-içməli…

0
3

Bakının təmiz içməli su ilə təchizatının yaxşılaşdırılması istiqamətində indiyədək görülmüş işlərə, hazırda da davam edən proqramlara baxmayaraq paytaxt sakinləri arasında mənzillərə verilən suyun çirkli olması haqda şikayətləri hələ də eşitmək olar. 

Ötən həftə paytaxtı içməli su ilə təchiz edən mənbələrin ekoloji vəziyyətini araşdırarkən yeni tikilən şəhərciklərin daxili su rezervuarlarının nə dərəcədə təmiz olması ilə bağlı məqam ortaya çıxdı. Belə ki, mənzillərə verilən suyun çirkli olduğu haqda Bakının yeni tikilən binalarının sakinlərindən daha tez-tez şikayətlər eşitmək olur.

Bakının yeni tikilən yaşayış komplekslərinin sakinləri ilə söhbətləşəndə belə məlum olur ki, suyun çirkli olması səbəbindən məişət avadanlıqları – paltaryuyan maşın, istilik sistemi, krantlar, hətta ütüyə qədər hər şeyi sıradan çıxır. Şikayət edən sakinlərə isə mənzil-tikinti kooperativləri  tərəfindən daxili su anbarının vaxtlı-vaxtında yuyulduğunu göstərən akt göstərilir.

 

Çirkli suya görə pul ödəyirik

Virtualaz.org yaranmış problemlə bağlı araşdırma aparıb. Yeni tikililərin məsul şəxsləri suyun çirkli olmasını “Azərsu” ASC-nin, ASC isə yeni tikililərin rəhbərliyinin məsuliyyətsizliyi ucbatından baş verdiyini deyir.

Bir neçə yeni şəhərciklərin tikintisi ilə məşğul olan şirkətlə əlaqə saxladıq. 10 ildən artıqdır ki, fəaliyyət göstərən “Kristal Abşeron” MTK-dan bildirdilər ki, birbaşa gələn su daha çirkli olduğundan onu anbara toplayaraq sakinlərə verirlər. Daxili ehtiyatda toplanan suyun suyun lili və çirki dibinə çökür.

“Şəbəkə suyunun çirkli olması səbəbindən il ərzində 6 kombimiz yanıb. Bunların da birinin qiyməti 7 min manatdır. Su anbarda təmizlənərək mənzillərə verilir. Bəzən özümüz də görürük su necə xlorlu olur. Ona görə də, belə çirkli sudansa, anbardan gələn məsləhətdir. Bizim anbara tökülən su ultrasüzgəcli sutəmizləyici qurğular kompleksindən keçərək gəlir. Ona görə də, su təmizlənib gəldiyinə görə, anbarı yumağımıza ehtiyac qalmır”.

MTK-dan onu da bildirdilər ki, şəhərcikdə 1400-dən artıq sakinə xidmət edən 3 belə anbar var.

“Akkord” şirkətlər qrupundan isə bildirdilər ki, onlara məxsus su anbarı ildə bir dəfə yuyularaq təmizlənir:

“Hər il adətən sentyabr ayında daxili su ehtiyatları anbarı yuyulur. Bu iş sanitar epidemioloji stansiyanın əməkdaşları ilə birlikdə həyata keçirilir. Bizdə sakinlərə verilən su təmizdir və heç bir şikayət yoxdur”.

 

İldə 2 dəfə yuyulur, amma…

“Zaman” Elmi-İstehsalat Müəssisəsinə məxsus bir neçə yeni tikilən şəhərciyə baş çəkdik. Binanın komendantı İlqar Rəhimovun sözlərinə görə,  180 mənzilli binada su anbarı ildə iki dəfə, hətta çox çirkli olarsa 3 dəfə yuyulur. Yuyulmamışdan iki gün öncə isə sakinlərə xəbərdarlıq edilir.

Eyni müəssisəyə məxsus Mahmud Kazımovski 54-56 ünvanında yerləşən  binanın komendantı Cavid  Qəniyev də yaşayış binasına məxsus su anbarının ildə 2 dəfə təmizləndiyini dedi:

“Suyu boşaldıb çöldəki kanalizasiyaya vururuq. Sonra Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları ilə birlikdə təmizlənir. Təmizləməyə səhər erkəndən başlayırıq və saat 10:00-a qədər bitiririk”.

C. Qəniyev bizi binanın su anbarı ilə də tanış etdi. Su anbarın dərinliyində olduğundan onun hansı keyfiyyətdə olduğunu görə bilmədik. Komendant isə suyun çirkli və qumlu gəlməsini “Azərsu”-nun bu şəkildə verməsi ilə əlaqələndirdi.

“Azərsu” ASC: “Anbarlardan su 3-4 dəfə çirklənib çıxır”

“Azərsu” ASC isə şirkətin ünvanına olan iradları qətiyyətlə rədd edir. “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının virtualaz.org-a bildirdiyinə görə, yeni tikilən binaların əksəriyyəti daxili su anbarlarının yuyulma qrafikinə əməl etmirlər. İldə ən azı bir dəfə yuyulmalı olsa da, əksəriyyət anbarı təmizləməyərək sakinlərə çirkli su verir:

“Azərsu ASC bütün yeni tikililərə bildiriş göndərib ki, anbarları yuyaraq əhalini təmiz su ilə təmin etsinlər. Bəzən bizə şikayətlər olub və biz yerində araşdırma aparıb anbardakı bulanıqlığı ölçmüşük. Məlum olub ki, girişdə gələn su təmizdir və anbardan çıxan su isə 3-4 dəfədən çox çirklənib. Hətta elə yeni tikililər var ki, 10 ildir anbarı yumurlar. Anbarda su azalanda və “Azərsu” suyu təzyiqlə verdikdə anbarın dibinə çökən zir-zibil və lil suya qarışaraq mənzillərə gedir”.

Yaranmış problemin “Azərsu” ASC-nin də imicinə zərər vurduğunu deyən A. Cəbrayıllının sözlərinə görə, hər şey həmin şəxslərin vicdanına qalır. O, deyir ki, daxili su rezervuarlarının komendantların dediyi kimi bir neçə saata yuyulub təmizlənməsi mümkün deyil.

“Bir neçə saat ərzində anbarı yuyub təmizləmək mümkün deyil. Çünki daxili su anbarının yuyulması üçün ən azı 1 sutka vaxt lazımdır. Bununla bağlı sakinlərə xəbərdarlıq olunmalıdır, anbardakı su boşaldılmalıdır, fəhlələr girib onun içərisindəki zir-zibili təmizləməlidirlər. Sonra anbar təzyiqli su ilə yuyulmalıdır. Daha sonra xlorla dezinfeksiya olunmalıdır. Dezinfeksiyadan sonra da bir müddət gözləmək lazımdır ki, xlorun iyi uçsun. Bu proses də ən azı bir sutka çəkməlidir”.

“Sanepidemstansiya” da təsdiqləyir…

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinindən də  “Azərsu” tərəfindən verilən suyun təmiz olduğunu bildirdilər. Mərkəzin şöbə müdiri Ziyəddin Kazımovun virtualaz.org-a bildirdiyinə görə, əsas problem anbarların çirkli olması ilə bağlıdır.

“Yeni tikililər özəl müəssisələrin tabelyindədir və onların özlərinin daxili su anbarları var. Onlar özləri həmin anbarları yuyurlar və bu zaman bizim mərkədəndə nümayəndə cəlb olunur. Əslində hər kəs yaşadığı binanın rəhbərliyindən anbarın yuyulma qrafikini tələb etməlidir. Əgər rəhbərlik bunu verə bilmirsə, yuyulma vaxtı binanın sakinləri dəvət olunmursa, suyun verilişi dayandırılmırsa, deməli anbar yuyulmur. Əgər anbarın yuyulmaması ilə bağlı hər hansı şikayət varsa, bununla bağlı Səhiyyə və ya Ekologiya Nazirliyinə, o cümlədən yerli icra hakimiyyəti orqanına şikayət etmək lazımdır”.

Lakin sakinlərdən eşitdiyimizə görə yeni yaşayış komplekslərində daxili su rezervuarlarının çirkli olmasının səbəbini həm də müvafiq rayonların Gigeyena və Epidemiologiya Mərkəzlərinin əməkdaşlarının bu məsələyə göz yummasında axtarmaq lazımdır. Onlar anbarları çox vaxt yoxlamır və pullarını alıb gedirlər…

Gülnar Əliyeva

Virtualaz.org