Fırıldaqçı şirkət Bakıda hərədən 19 manat yığıb aradan çıxdı

0
3

Son günlər xəbər saytlarında və sosial mediada “Azərqida” MMC adından iş axtaranlar üçün müxtəlif elanlar yerləşdirilib. 400-700 manat maaş, gündəlik yeməklə təminat, aylıq ərzaq yardımı, tibbi sığorta kimi cəlbedici təkliflərlə onlarla vətəndaş aldadılıb.

Bu barədə virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilata 40-dan çox şikayət ərizəsi daxil olub: “Hər gün vətəndaşlar tərəfindən zənglər edilir. Vətəndaşlara “Milliön” terminalı vasitəsilə bank hesabına ödənişlər edilməsi təklif olunur. “Milliön” ödəniş sistemi rəsmi xidmət olduğundan iş axtaranlar dərhal tora düşürlər”.

“Azərqida” MMC iş üçün müraciət edənlərdən 19 manat ödənilməsini istəyir. Bu məbləğ, guya ki, sığorta üçün tələb olunur. Pul köçürüləndən sonra isə telefonlar söndürülür.

Şirkətin iş elanları bir sıra pulsuz elan saytlarında da yayılıb. Məsələn, Bakı şəhər sakini Azər Məmmədov “Lalafo.az”da göstərilən elanlara aldanıb. “Qida sənayesində sürücü işləmək üçün elanlar yerləşdirilmişdi. Verilən telefon nömrəsinə zəng vuraraq işə düzəlmək üçün tələb olunan şərtləri öyrəndim. Özüm haqqında məlumat verəndən bir neçə gün sonra işə düzəldiyimi dedilər. İlkin olaraq 19 manat ödədim. Bundan sonra elanda göstərilən telefonlara zəng çatmadı”.

“Azərqida” MMC tərəfindən 2el.az saytına yerləşdirilən elanda isə qablaşdırma sektorunda 18-45 yaşlı qadınlara iş təklif edilir. “Bitki yağları, duz, qənd, şəkər kimi qida məhsullarının çəki ilə qablaşdırılması üçün 18-45 yaşlı qadınlar tələb olunur. Əməkhaqqı 450 manatdır. 400 qadın işçiyə ehtiyac var”, – elanda göstərilir.

Adının açıqlanmasını istəməyən şikayətçi də iş üçün müraciət edib və bir neçə gündən sonra ona zəng vuraraq işlə təmin edildiyini deyiblər. O da “Milliön” vasitəsilə 19 manat ödəyib (telefon nömrəsi 0507728171, əməliyyat nömrəsi 2393574543). Lakin üstündən bir neçə gün keçməsinə baxmayaraq harada və hansı vəzifəyə işə götürüldüyünü öyrənə bilmir.

Eyyub Hüseynov isə deyir ki, vətəndaşları aldadan şirkətin axtarışına çıxıb. Və bəlli olub ki, ümumiyyətlə, belə bir şirkət yoxdur. “Azərqida” MMC adına verilən telefon nömrələri isə bağlı olub. “Buna görə də, şikayət ərizələrini Daxili İşlər Nazirliyinə ünvanladıq. Polis istehlakçıları aldadanları axtaracaq”, – hüquq müdafiəçisi buna əmindir.

İnternetdə “Azərqida” MMC ilə bağlı axtarışlar da nəticə vermir. Yalnız müxtəlif saytlarda yerləşdirilmiş elanlara rast gəlinir.

Şikayətçilərin “Milliön” terminalları vasitəsilə pul ödədiklərini nəzərə alıb, bu sistemlə də əlaqə saxladıq. “Biz şirkət və ya hansısa qurum haqqında məlumat verə bilmərik. Çünki yalnız pul köçürmələri ilə məşğuluq. Şirkətlərin fəaliyyəti, var olub-olmadığını açıqlaya bilməyəcəyik”, – “Azərqida” ilə bağlı ünvanladığımız sualımıza belə cavab verdilər.

“Lalafo.az” isə şikayətlərin daxil olduğunu nəzərə alaraq “Azərqida” ilə bağlı elanları saytdan yığışdırır. Digər elan saytlarından isə dedilər ki, verilən elan və ya reklamların məzmununa görə məsuliyyət daşımırlar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bununla bağlı rəy öyrənə bilmədik. Zənglərimizə cavab verilmədi.

 

Virtualaz.org