Erməni deputat:“Xocalı qətliamını törədənləri lənətləyirəm”

0
8

“Əlbəttə ki, mən erməniyəm, amma eyni zamanda, Türkiyə vətəndaşıyam və mənim də inandığım dəyərlər var”.

Bu sözləri APA-ya açıqlamasında Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili, erməni əsilli Markar Esayan deyib.
M. Esayan bildirib ki, ölkəsi Türkiyənin mənafeyi onun üçün hər şeydən öndədir: “Eyni zamanda, əxlaq meyarlarımız da var. Əgər siz bir bölgədə digər bölgəyə su vermirsinizsə, suyun qarşısını kəsib insanları susuz qoyursunuzsa, bunu kimin etməsindən asılı olmayaraq, mən buna qarşı olacağam. Kiminsə pislik etməsini onun irqinə və ya millətinə görə dəyərləndirə bilmərik. Erməniyəm deyə mən hansısa yanlışlıqlara göz yuma bilmərəm, məsələlərə bu aspektdən baxıram. Elə Xocalı qətliamına da bu gözlə baxıram, hər il bunu edənləri lənətləyirəm. Biz bu baryerləri aşmalıyıq. Yəni, doğru yerdə durmağa çalışıram, amma bunun da bir bədəli olur. Olsun, nə edə bilərik ki?..”

Türkiyəli millət vəkili Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zöhrabyanın ona qarşı kobud hərəkətlərə və təhqirlərə yol verməsinə də toxunub: “Yanvar sessiyasında Azərbaycanla bağlı hesabatların lehinə səs verdiyim üçün erməni nümayəndə heyətinin üzvü mənə söyüş və təhqirlər yağdırdı. Təbii ki, Avropa Şurası içində bu, qəbuledilməz bir hərəkət idi. Ermənistan nümayəndə heyətinin digər üzvləri isə gəlib məndən üzr istədilər və o qadının başqa partiyadan olduğunu və Ermənistanda bu sahədə məşhur olduğunu bildirdilər, hadisədən çox üzüldüklərini söylədilər. Biz də öz növbəmizdə bu məsələni AŞPA Bürosu və sədrinin diqqətinə çatdırdıq. Biz onları xəbərdar etsək də, rəsmən üzr istəyən olmadı və nizamnamədə belə məsələlərlə bağlı hansısa müddəanın olmadığını bildirdilər. Yəni, biz şikayətimizi verdik, AŞPA sədri bunu diqqətə aldı, ancaq başqa bir şey olmadı”.