Rəhim Qazıyev od püskürdü:“Sürət Hüseynov aldığımız torpaqları niyə düşmənə verdi?”

0
6

“Mənim yanımda İsgəndər Həmidov elə bir ifadə işlətməyib. Ümumiyyətlə artistiklə heç nə almaq olmazdı, artistliklə ancaq camaatı güldürmək, dəmlətmək olar”.

Bunu Moderator.az-a açıqlamasında keçmiş müdafiə naziri Rəhim Qazıyev sabiq baş nazir Sürət Hüseynovun 2004-cü ildə verdiyi  müsahibəsində “İsgəndər gördü ki, camaat onlara pis baxır, kişi kimi dedi ki, ay camaat, bizə niyə belə baxırsınız, biz çıxıb orada artistlik edirik ki, o rayonu belə aldıq, bu kəndi belə azad etdik, alan oğlan isə budur, biz, ancaq artistlik edib, bunu öz adımıza çıxırıq” fikrinə münasibət bildirərkən deyib.

R.Qazıyev bildirib ki, İsgəndər Həmidov heç vaxt elə ifadə işlətməzdi:“Biz müharibə aparmışıq, müharibəni nə mən təkbaşına aparmamışam, nə də başqa birisi. Müharibədə hər kəsin öz xidməti olub. Çox təəssüf edirəm ki, Sürət kimi adam müsahibəsində belə bir fikir səsləndirib. Əgər həqiqətən belə söz olubsa, Sürət gəlsin üz-üzə dayanq, həmin 500-600 nəfəri yığıb sübut eləsin. Mən bir daha deyirəm ki, İsgəndər Həmidov mənim yanımda elə söz deməyib. İsgəndər Həmidovun ağzından belə söz çıxdığının şahidi olmamışam. Ümumiyyətlə İsgəndərin elə söz deməsinə belə heç vaxt inanmıram”.

Sabiq müdafiə naziri bu cür fikirlərə son qoymaq üçün yeganə çıxış yolunu dəyirmi masada gördüyünü də vurğulayıb: “Bu günkü günə qədər heç kim mənim haqqımda müsbət söz deməyib. Ancaq mənə münasibətindən asılı olmayaraq bu millətin qələbəsi üçün zəhməti olan hər kəsə qarşı hər zaman obyektiv olmuşam. Əgər Sürət belə söz deyibsə, mən Sürətlə və ona ən əziz olan insanlarla üzləşməyə hazıram. İndiyədək dəfələrlə İsa Qəmbəri də, Pənah Hüseyni də, Sülhəddin Əkbəri də, digərlərini də dəyirmi masaya çağırmışam. Çox təəssüf ki, indiyədək təklif etdiyim debata heç kim razılaşmayıb. Bir daha deyirəm ki, bu debatda mən özümü qəhrəman kimi təqdim etmək istəmirəm. Bu millətə bu gün bu zülmü edənlərin gəlib bu yerə çıxmasında bizim müəyyən mənada rolumuz olub, az və ya çox. Əgər biz gördüyümüz işlərdə öz günahımızı, səhvimizi gənc nəslə açıq etiraf etməyi bacarmırıqsa, bu günkü problemlər nəinki çözülməyəcək, gündən-günə ağırlaşacaq. İsa Qəmbər müsahibə verəndə belə mənim adımı çəkmək istəmir. Bu mənimçün böyük xoşbəxtlikdir. Amma nə edək ki, o da, mən də Azərbaycan tarixində varıq və hər kəsin öz xidməti var, müsbət və ya mənfi. Bu günkü gün özünü dağ başına qaldırmaq, gəncləri çaşbaş salmaq lazım deyil. Biz qeyrətli, namuslu balalarımıza düzgün istiqamət verməliyik, bu günkü problemlərin həllinə nail olmaq üçün biz mütləq etiraf etməliyik. Nəyi etdik, nəyi edə bilmədik, nəyi düz elədik, nəyi səhv. Ancaq təəssüf ki, hamı qaçır”.

R.Qazıyev sonda S.Hüseynova sual ünvanlayıb: “Əgər doğrudan da Sürət Hüseynovun dediyi kimi biz artistiklik edirdik, torpaqları Sürət alırdısa, mənim ona bir sualım var. Sürət Hüseynov baş nazir olduğu bir il üç ay ərzində bizim o dövrdə özünün də iştirakıyla aldığımız torpaqları niyə düşmənə verdi? Yaxşı, biz artistlik edirdik, ancaq o kişi torpaq alırdı, bu çox gözəl, bəs niyə yol verdi ki, torpaqlar işğal olunsun? Həmin vaxt Heydər Əliyev rəsmi elan etmişdi ki, bütün hərbi strukturları və Qarabağ məsələsini Sürət Hüseynova həvalə etmişəm.  Sürətin baş nazirliyi dövründə o rayonların hamısı verildi və Azərbaycan silahlı qüvvələrinin qabaqcıl hissələri Xankəndinin 40-50 km-də dayandı. Sürət Hüseynov bu suala cavab versə yaxşı olar”.