Üzü “rossiyski”, bəs içi “nə zibilski?”..

0
3

Yəqin ki, marketlərdə, mağazalarda vitrinlərə qoyulmuş bir çox ərzaq məhsullarının üzərində rus markaları, yaxud rus dilində yazılarla hər gün hamımız qarşılaşırıq. Zahiri görünüşünə görə bu malların Rusiyada istehsal edildiyi barədə təəsürat yaranır. Nəinki təəsürat yaranır, üstəlik alıcıların həmin malları Rusiya istehsalı hesab edib alması da hər gün baş verən, çoxdan adiləşmiş məsələdir.

Və belə görünür ki, ərzaq məhsullarının istehsalı ilə məşğul olan azərbaycanlı sahibkarlar da malların üzərinə rusca yazılar yazmaqla və tanınmış rus brendlərini mənimsəməklə məhz bu effekti nəzərə alıblar-alıcılar bu məhsulları Rusiya istehsalı zənn edib alsınlar. Çünki ənənəvi olaraq Rusiya istehsalı olan ərzaq məhsullarına, kolbasa və sosislərə, dondurmalara, süd məhsullarına və digərlərinə Azərbaycan istehlakçıları tərəfindən daha çox etibar olunur, onları daha keyfiyyətli hesab edirlər.

Məsələn, mağazalarda Azərbaycan istehsalı olan “Plombir”, “Belıye noçi”, “Lakomka”, “Veçerniy bulvar” dondurmaları, “Servelat”, “Doktorskaya”, “Yubileynaya”, “Qovyajya”, “Baranya”, “Turistskiye kolbaski” və digər kolbasa və sosiska məhsulları, üzərində rus dilində “Squşennoe moloko” yazılmış əslində isə Kürdəmirdə istehsal olunan qatılaşdırılmış süd, o cümlədən digər içki və şirniyyatlar yəqin ki, hər mağazada var.

Həmin ərzaq mallarının üzərində marka adları rus dilində, kiril əlifbası ilə yazılıb, onların əslində Azərbaycanda, hansısa zirzəmidə, yaxud sanitariya normalarına cavab verməyən sexlərdə, eləcə də tanınmış yerli şirkətlərdə istehsal edildiyini isə ancaq etiketin hansısa küncündə kiçik hərflərlə bu dəfə azərbaycan dilində yazılmış yazılardan başa düşmək olar.

Tənbəllik eləməyib yaxınlıqdakı marketdən iki dondurma aldıq. Dondurmaların birinin üzərində kiril əlifbası ilə “Stakançik Plombir”, digərində isə “Veçerniy bulvar” yazılıb. Hətta üzərində SSRİ-nin keyfiyyət nişanı belə həkk olunan dondurmalar ilk baxışdan Rusiya istehsalı kimi görünsə də, qablaşdırmanın arxa tərəfində kiçik hərflərlə yazılmış yazılardan bu dondurmaların əslində Azərbaycanda istehsal edildiyi məlum olur.

Belə ki, “Veçerniy bulvar” dondurmasının üzərində yazılanlara əsasən o, Sabunçu rayonu, E. Mehtiyev , 4 ünvanında fiziki şəxs Yusubova S.K. tərəfindən istehsal olunub. İstehsalçının yarımçıq ünvanı qoyulsa da, telefon nömrəsi göstərilməyib. Etiketin üzərində yazılanlara əsasən vətəndaş Yusubova “Veçerniy Bulvar”a AZ 1034 dövlət standartını da alıb.

“Stakançik Plombir” isə nisbətən tanınmış şirkətə – Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən “S.A.B.A” MMC-yə məxsusdur. Yenə də qablaşdırmanın üz tərəfində məhsulun adı kiril əlifbası ilə, iri hərflərlə yazılıb. Onun Azərbaycanda istehsal edildiyini isə qablaşdırmanın arxasında “gizlənmiş” gözə çarpmayan yazılardan bilmək olar. Şirkətin göstərilən əlaqə nömrələrinə zəng edib nə üçün xarici brendi saxtalaşdırıldığını öyrənmək istəsək də, zənglərimizə cavab verən olmadı.

Maraqlıdır ki, saxta brend altında istehsal olunan bu və ya digər məhsulların hamısına Azərbaycanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən standart verilib. Bu Komitənin nə dərəcədə korrupsiyalaşmış struktur olduğunu bilməyən yəqin ki, yoxdur.

Saxta brendlə istehsal edilən məhsulların nə dərəcədə keyfiyyətli olması ayrı mövzudur. Hərçənd ki, Azərbaycanda heç bir sanitar normalara cavab verməyən şəraitdə, leş ətindən istehsal olunub üzərinə “rossiyski” etiketlər yapışdırılan kolbasa və sosislər, tərkibi standartlara cavab verməyən, antisanitariya şəraitində hazırlanan dondurmalar, içərisində milçəklər qaynaşan, gürcü limonadı kimi qablaşdırılan mənşəyi naməlum rəngli içkilər və s. barədə dəfələrlə TV-lərdə reportajlar gedib, mətbuat yazıb, ekspertlər danışıb.

Hansı ki, əhaliyə “rus malı” adı altında sırınan bu zir-zibilin hamısının standartı var- Standartlaşdırma və Metrologiya Dövlət Komitəsinin məmurları onları müvafiq keyfiyyət standartı ilə təchiz edib. Təbii ki, elə-belə deyil, müvafiq haqq alandan sonra…

Saxta məhsul istehsal edən müəssisələrin cəzası çox yüngüldür…”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, belə məhsulların geniş yayılmasının əsas səbəbi Azərbaycanda saxta adla məhsul istehsal edən müəssisənin cəzasının çox yüngül olmasıdır. Ekspertin virtualaz.org-a bildirdiyinə görə, sahibkarlıq obyektlərində yoxlamaların dayandırılmasından istifadə edən bəzi istehsalçılar hazırda bazara saxta malların doldurulması ilə məşğuldurlar:

“Bu anormal hallarla bağlı Milli Məclisdə də danışdım. Çox təəssüf ki, saxta məhsul istehsal edən müəssisələrin cəzası çox yüngüldür. Bundan istifadə edərək bazarı sürətlə çirkləndirirlər. Sahibkarlar onlar üçün yaradılmış şəraitdən sui-istifadə edərək istehlakçıları aldadırlar. Bu vəziyyətin qarşısı mütləq alınmalıdır. Nazirlik yoxlamaları dayandırdığına görə hazırda sürətlə bazarın təhlükəli mallarla doldurulması prosesi gedir”.

Əslində isə yoxlamaların şıdırğı xarakter aldığı dövrlərdə də saxta ərzaq məhsulları bazarı başına götürmüşdü və bu, yoxlamaların dayandırılmasından sonra meydana çıxan problem deyil.

Ekspertin sözlərinə görə, istehlakçı məhsulu alan zaman birinci onun etiketinə baxmalı, onun içindəki yazıları oxumalı, məhsulun buraxılma və saxlanma müddətinə fikir verməlidir. Hətta məhsulun üzərində telefon nömrəsi varsa, zəng edib dəqiqləşdirmə apara bilər, çünki qoyulan nömrə anonim də ola bilər.

“Əsasən də sərinləşdirici içkilər və ət-süd məhsulları bazarındakı vəziyyət daha acınacaqlıdır. Hazırda bazarda spirtli içkilərin təxminən 50 faizi standartlara uyğun deyil. Ölkəmizdə malların 80-85 faizi Azərbaycan dilində markalanmır və bu da qanuna ziddir. Hazırda ölkəmizdə istehlakçı siyasəti mövcud deyil. Dövlətimizdə bununla bağlı qanunlar vardır, lakin onlar bir-birinə ziddir. İstehlakçı bazarın əsas subyekti olduğuna və bütün bu sistem onun hesabına işlədiyinə görə, dövlət istehlakçı hüquqlarının müdafiəsi üçün əlindən gələni etməlidir. Ona görə də istehlakçılar üçün avtomatik axtarış mərkəzini açmaq, bütün xidmət sahələrində istehlakçılarla müqavilələrin imzalanmasına nail olmaq istəyirik”.

Brendin adının olduğu kimi sertifikatlaşdırılması qadağandır”

İqtisadçı ekspert Qalib Toğrulun virtualaz.org-a bildirdiyinə görə, əslində Azərbaycan qanunvericiliyinə görə, məhsulun üzərindəki yazılar, istehsalçı və məhsulun tərkibi haqqında məlumatlar Azərbaycan dilində olmalıdır.

“Mən supermarketlərdə belə hallarla tez-tez rastlaşıram. Nəinki ət və süd məhsulları, hətta həm adı, həm də üzərindəki bütün məlumatları rus dilində yazılan araqlar satılır. Yalnız ştrix-kodundan bilmək olur ki, bu Azərbaycan məhsuludur. İstehlakçıların hüquqları haqqında qanuna görə, istehlakçılar aldıqları məhsulla bağlı müvafiq sənədləri – məhsulun tərkibi, istehsalı, istehsalçısı və digər sənədləri, sertifikatı, məhsulun gətirilməsini təsdiq edən qaimə-fakturanı satıcıdan tələb edə bilərlər. Satıcı bunu təqdim etməyə borcludur”.

Müqavilə yoxdursa, saxtadır…

Məlumat üçün bildirək ki, hər hansı məhsul xarici ölkə ştrix-kodu ilə Azərbaycanda istehsal olunub satıla bilər. Əgər sahibkar hansısa xarici şirkətin brendindən istifadə edirsə, onların arasında müqavilə bağlanmalıdır. Əgər müqavilə bağlanıbsa, həmin brenddən istifadə edə, onların standartlarına uyğun məhsul istehsal edə bilərlər. Elə şirkətlər var ki, məsələn, “Coca-Cola”, “Pepsi” və s. dünyanın bütün ölkələrində istehsal olunur. Onlar xammalın bir hissəsini ölkələr daxilində əldə edirlər. Məsələn, Moskvada istehsal olunan məhsulun xammalını gedib oradan gətirmək lazım deyil. Amma müqavilə yoxdursa, bu artıq saxta hesab olunur.

Bəs rus brendləri ilə ərzaq məhsulları istehsal edib satışa çıxaran yerli istehsalçıların həmin brendlərin əsl sahibləri ilə françayzinq müqaviləsi varmı? Onlar hansı əsasla Bakıda oturub “moskovski” məhsullar buraxırlar?

Telefon nömrəsi ya işləmir, ya dəstəyi götürən yoxdur

Məlum oldu ki, əksər istehsalçıların mallarının üzərində göstərilən telefon nömrələri ya işləmir, zəngləri cavablandıran yoxdur. Məsələn “Rosko” kolbasalarını istehsal edən “Avrora” şirkətinin saytında qeyd olunan telefon nömrələrinin hamısı məşğul göstərirdi. “Kral” kolbasalarını istehsalı ilə məğul olan “Hakanfoods”şirkətinin saytında göstərilən nömrələri də cavab vermədi. SAB və “Səhliyalı” şirkətinin istehsal etdiyi məhsulların üzərindəki nömrələrin də heç biri işləmirdi. Telefonumuza cavab verən yalnız “Sevimli dad” şirkəti oldu ki, onlardan da yarımçıq cavab aldıq:

 

“Rus brendləri altında təkcə biz məhsulistehsal etmirik ki. Bütün sexlərdə hazırlanan kolbasalar arasında “Moskovski”, “Doktorskaya”, “Lyubitelskaya”, “Yubileynaya” adlarına rast gəlinir. Əgər istehsal ediriksə, yəqin müqaviləmiz var da… Bu gün bizdə iş günü deyil, sabah zəng edib aidiyyatı şəxslə danışın…”

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edərək bu cür məhsullara necə sertifikat verdiyini öyrənmək istəsək də, cəhdlərimiz baş tutmadı. Məlum oldu ki, Komitənin mətbuat katibi Fazil Talıblı hazırda Bakıda deyil və xarici ölkələrdən birində tədbirdədir. Komitədən telefon zəngimizə cavab verən əməkdaş bildirdi ki, cənab Talıblının icazəsi olmadan mətbuata heç kim danışa bilməz.

Gülnar Əliyeva

Virtualaz.org