Nazir:”100 milyon manata yaxın pul xərclənəcək”

0
6

Gənclər və idman naziri Azad Rəhimov apasport.az saytına müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik:

– Sabah Bakıda “Formula-1” Avropa Qran-prisi start götürəcək. Paytaxtımız 3 gün davam edəcək yarışa tam hazırdırmı?

– Sözsüz ki, hazırıq. Düzdü, 100 faiz “tam hazır” demək olmaz, çünki belə möhtəşəm yarışda tamamlama işləri son anadək gedir. Bütün texnologiya ilə bağlı işlər yekunlaşmaq üzrədi, amma test son dəqiqələrədək davam edir. Bəzi yollarda hələlik xüsusi hasarlar tikilməyib. Boş saxlanılıb, son anda qurulacaq ki, heç olmasa, texniki maşınların hərəkəti üçün imkan yaradaq. Bu məsələlər hamısı nəzarətdədir, bizə problem yaratmır. Bu gün işlər tamamlanır, hələ qarşıda 1 gecəmiz var ki, sonuncu addımlar atılacaq. “Formula-1” yarışlarının rəhbəri Berni Ekklstoun Bakıdadı. Dünən biz onunla görüşdük. Gələn kimi trasla, bütün obyektlərlə tanış oldu. Onun verdiyi vacib məlumat odu ki, hər şey çox yüksək səviyyədədi. O, Azərbaycanın yarışı yüksək səviyyədə keçirəcəyini gözləyirdi. Amma ilk dəfə ev sahibliyi etdiyimiz üçün həqiqətən də belə bir səviyyədə gözləmirdi. Bu gün cənab prezident İlham Əliyevlə görüşdə də xüsusilə vurğuladı ki, bütün məsələlərin həll olunmasına sevinir.

– “Formula-1” tamaşaçı sayına görə yalnız futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarından geri qalır. Bu səbəbdən yarışı Azərbaycanda keçirilən ən mötəbər turnir hesab etmək olarmı?

– Bilirsiniz, yarışların hamısı Azərbaycan üçün çox vacibdi. Bu yarışların əsas əhəmiyyəti ondan ibarətdi ki, gəncləri bu idman növünə, onu seyr etməyə, azarkeşi olmağa çağırır. Belə yarışların xüsusi yeri var. “Formula-1” elit turnirdi, öz tamaşaçıları, təbəqəsi və kateqoriyası var. Ötən il ev sahibliyi etdiyimiz Avropa Oyunları həqiqətən Olimpiya Oyunları səviyyəsində keçirildi. İdmançı və azarkeşlər üçün ruh yüksəkliyi, gözəl abı-hava yaratdı, idman bayramına çevrildi. Sentyabrın 1-də Azərbaycanda Ümumdünya Şahmat Olimpiadası start götürəcək. İlk dəfə ölkəmizdə keçiriləcək belə bir yarış üçün 180-dən çox komanda gələcək.

– “Formula-1”in ölkəmizə faydası barədə nə deyə bilərsiz? Azərbaycan bu yarışa indiyədək nə qədər xərc çəkib və gəliri nə qədər olacaq?

– Ölkəmizin birbaşa gəliri bilet satışındandı. Bu günə 2 milyon manatdan artıq bilet satılıb. Digər gəlirlər isə birbaşa deyil. Onlar Bakıya gələn turistlərlə bağlıdı. Bilirik ki, bu gün otellərdə boş yerlər yoxdu, hamısı sifariş olunub. Azərbaycana 10-15 mindən artıq turist gəlib. Bu gün “Formula-1”-lə bağlı burada çoxlu xarici vətəndaş işləyir. Komandaların üzvlərini də nəzərə alsaq, onlar da hansısa oteldə qalırlar. Belə deyək ki, Azərbaycanda pul xərcləyirlər. Bu da böyük gəlirdi. Bu, Təşkilat Komitəsinin birbaşa işi deyil. Belə düşünürəm ki, müvafiq strukturlar bunu hesablayıb, bizə məlumatı verə biləcək. Əsas gəlirlər bunlardı.

– İspaniyanın məşhur “Marca” nəşri “Formula-1” yarışlarının Azərbaycanda keçirilməsi üçün 80 milyon, Fernando Alonsonun isə yarışın rəsmi səfiri olması üçün 2 milyon dollar ödənildiyini iddia edir. Bu, nə dərəcədə realdı?

– Dəfələrlə bu rəqəmlər barədə açıqlama vermişəm. Asfalt qatını dəyişməyə 12 milyon manata yaxın vəsait ayrılıb. “Azadlıq” meydanında o böyük binaya (“poddok” – red.) 20 milyona qədər vəsait verilib. Həmin bina alınıb, növbəti illərdə də istifadə olunacaq, yenidən almağa ehtiyac qalmayacaq. Sadəcə, qurulacaq. Şəhərdə xüsusi hasarlar tikilib, digər işlər görülüb. Sözsüz ki, Alonsoya o qədər pulu heç kim verməyib. Bu, düzgün məlumat deyil. Amma ümumilikdə bu işlərə dövlət və bütün sponsorlar tərəfindən 100 milyon manata yaxın pul xərclənəcək.

– “Mercedes” komandasının pilotu Luis Hamilton simulyatorda Bakı trekini “sürdükdən” sonra Rusiya mətbuatına açıqlamasında trekin bəzi yerlərinin ensiz, bəzi yerlərinin enli – avtomagistrala oxşadığını vurğulamaqla, bəyənmədiyini söyləyib…

– Hamilton sabah o trekdə maşın sürəcək. Öncə “trenajorda” olan təəssüratlarını bölüşüb. Belə düşünürəm ki, avtomobili özü idarə etdikdən sonra fikri dəyişəcək. Çünki trek həqiqətən çox maraqlıdı. Sözsüz ki, onun rəyi bizim üçün çox vacibdi. Amma digər tərəfdən, biz ancaq və ancaq çoxlu müsbət, belə deyək, alqışlar, Bakı trekinin digər şəhər trekləri ilə müqayisədə çox maraqlı olduğunu eşitmişik. Burada dar və enli yollar, döngələr və enişlər də var. Düz məsafə də var, hansı ki, maşınlar yüksək sürət yığacaq. Hansı pilotlar bu gün öz fikirlərini bölüşürlər, onlar özləri trekdə sürüb baxmalıdırlar və bu da sabah baş verəcək. Ondan sonra onların rəyləri bizim üçün çox vacibdi. İkincisi, Hamilton Monako şəhəri ilə müqayisə aparır. Hazırda dünyada 4 – Melburn, Sinqapur, Monako və Bakı Şəhər Halqası var. Bunlardan ən birincisi Monakodu, 1950-ci illərdən bu yarışa ev sahibliyi edir. Ən yenisi isə Bakıdı. Sinqapurda olmuşam, elə böyük dəyişiklik görməmişəm. Sözsüz ki, döngələrin sayı orada az, burada çox ola bilər. Ümumiyyətlə, bir-birinə oxşardı. Hamilton nəyi düşünür, nəyi azarkeşlərə çatdırmaq istəyirdi, onu mən deyə bilmərəm.

– Ötən il Azərbaycan Avropa Oyunlarına ev sahibliyi edirdi. İlk dəfə paytaxtımızda keçirilən yarışın gələcəyini necə görürsünüz? Bir məsələni də qeyd edim ki, bir müddət öncə TASS agentliyinə müsahibənizdə II Avropa Oyunlarının Rusiyada keçirilməli olduğunu demişdiniz…

– Avropa Oyunları mütləq keçirilməlidir. Bu, böyük yarışdı. Avropa atletlərinə Olimpiya Oyunlarına oxşar belə bir yarışın keçirilməsi həm də böyük təcrübə toplamaq imkanı idi. “Bakı-2015” 12 idman növündə Rio-de-Janeyro Olimpiadasına lisenziya qazanmaq şansı verirdi. Həmin yarışlarda çox güclü idmançılar iştirak edirdi. Ona görə də gərginlik çox yüksək, şərait də çox gözəl idi. Yarış obyektləri standartlara uyğun tikilmişdi. İdmançılara özlərini göstərmək, yeni rekordlar əldə etmək üçün hər bir şərait yaratmışdıq. İstəyərdik ki, II Avropa Oyunları baş tutsun. Bütün qitələrdə Oyunlar olur, Avropada niyə keçirilməməlidir? Digər tərəfdən, biz dəfələrlə vurğulamışıq ki, qitənin çempionatlarının, kuboklarının və digər yarışların cədvəli o qədər sıxdı ki, daim Avropada bunu keçirmək problem idi. Bizim vaxt tapmağımız yaxşı oldu. İdman növlərinə mane olmadıq. Amma bu, sual qalır, bu gün də gündəmdədir. Avropa Olimpiya Komitəsi bunu problem kimi hal-hazırda da yaşayır. İkinci məsələ, bilirsiz ki, Avropada da böhran var. Əksər ölkə pulları planda olmayan yarışlara xərcləmək fikrində deyil. Amma mən belə düşünürəm ki, bu gün onların arasında ən çox yarışlara ev sahibliyi edən, yüksək səviyyədə onları keçirənlər var. Soçidə Olimpiya Oyunlarında olmuşam. Rusiya da Azərbaycan kimi idman yarışlarının keçirilməsini dayandırmır. Necə ki, biz müxtəlif yarışları keçirmək üçün sazişlərə imza atmışıq, onlardan qaçmadıq, çəkinmədik, onları həyata keçiririk, Rusiya da elə… Razılaşdırılan, imzalanan yarışları Rusiya keçirir. Soçi və Kazan kimi şəhərlər bu yaxınlarda həm Qış Olimpiadasına, həm də Universiadaya ev sahibliyi edib. Bizim kimi, Rusiya da deyə bilər ki, yarışa hazırdır. Yəni, buna əlavə vəsait xərcləməyə heç bir ehtiyac yoxdu. Buna görə də Rusiyanın mətbuat nümayəndələri ilə görüşdə qeyd etdim ki, bu, Avropanın bütün idmançıları və Rusiya üçün gözəl fürsətdi.

– 2016-cı ilin təxminən yarısı geridə qalıb. Arxada qalan zamanı Azərbaycan idmançıları üçün necə dəyərləndirərdiniz?

– Biz medal sayına əsasən qiymət veririk. Əgər hansısa ildə, hansısa idman növündə medal sayı artırsa, deməli, həmin idman növü düzgün yolda, inkişafdadır. Ötən ilin 6 ayı ilə müqayisə etsək, yenə də medallarımızın sayı çoxdu. Buna çox sevinirik. 2015-ci ildə 825 mükafat qazanmışdıq. İnanırıq ki, bu il ondan da çox olmalıdı.

– Bu sualı Olimpiya ili olduğu üçün verdik. Komandamız Olimpiadadan Olimpiadaya lisenziya və medal sayında rekord müəyyənləşdirir. Artıq milli komanda qazanılan lisenziyalarının sayını 54-ə çatdırıb və bu, London-2012 ilə müqayisədə yeni rekorddu. Qarşıda Bakıda boks üzrə keçiriləcək lisenziya turniri olduğunu da nəzərə alsaq, Rio-2016-da neçə idmançı ilə təmsil olunacağımızı proqnozlaşdırırsınız?

– 57 lisenziya olacağını düşünürəm. London Olimpiadasında 53 lisenziyamız olub. 4 lisenziyanın artıq olması çox yaxşı haldı. Bizi sevindirən isə, o sırada yeni idman növlərində vəsiqə qazanmağımızdı. Bilirsiniz ki, komandamız Rioda triatlon, kamandan oxatma, kanoe-slalom və trek velosipedi kimi yeni növlərdə mübarizə aparacaq. Cənab prezident İlham Əliyev tərəfindən də dəfələrlə qeyd olunub ki, Azərbaycanda tək ənənəvi idman növlərimizə deyil, bütün növlərin inkişafına dəstək verilir.

– Vurğuladığınız kimi, komandamız Rioda triatlon, kamandan oxatma, kanoe-slalom və trek velosipedi kimi yeni növlərdə təmsil olunacaq. Sizcə, bütün federasiyalar qarşıya qoyulan vəzifənin öhdəsindən gəldilərmi, yoxsa narazı qaldıqlarınız da var?

– Xeyr, biz hər şeydən razı qala bilmərik. Bəzi növlərdə daha çox lisenziyaya ümid edirdik. Bəzi hallarda isə idmanın qazanacağını gözləyirdik. Mən indi federasiyaların adlarını çəkmək fikrində deyiləm. Çünki onlar da çalışırlar. Qarşıda da Olimpiada və digər yarışlar var. Ümumilikdə, ənənəvi və yeni idman növlərində lisenziya qazandığımızı götürsək, biz düzgün yoldayıq.

– Braziliyaya yollanacaq yığmamızın heyəti tam müəyyənləşmədiyindən medalla bağlı proqnoz vermək bir qədər tezdi. Amma maraqlıdı, hər dəfə mükafat sayını artıran komandamız neçə medal əldə edəcəyi halda, ölkəmiz üçün uğur sayılacaq?

– Düşünürəm ki, idman tariximiz üçün 10-dan çox medal uğurdu. Bir daha təkrarlayıram, bu, düz yolda olmağımız deməkdi.

– Bəlkə konkret hansı idman növlərindən medal gözlədiyinizi açıqlayasınız?

– Bunu heç vaxt etməmişəm və proqnoz vermirəm. Amma Milli Olimpiya Komitəsi ilə birgə bizdən nə asılıdısa, hər bir sahədə, idmançılara o dəstəyi də vermişik. Dopinq nəzarət, farmakologiya, qidalanma, forma ilə bağlı və s. Məsələn, təyyarə olimpiyaçılarımızı birbaşa Bakıdan Rio-de-Janeyroya aparacaq. Bu, onlar üçün böyük rahatlıqdı. Ona görə ki, idmançılar yollandıqdan təxminən 2 gün sonra yarışa başlamalıdırlar. Amma bir neçə şəhərdə təyyarənin dəyişilməsi idmançılarımızı yarışa yorğun çatdırır və onlar nəticə göstərə bilmirlər. Sevinirik ki, dövlət tərəfindən buna da dəstək verilib və Olimpiadaya birbaşa yollanacaqlar.

– Azərbaycan son Olimpiada ilə müqayisədə Braziliyada atçılıq idmanından əlavə, ağırlıqqaldırmada da təmsil olunmaya bilər. Az öncə komandamızın daha 6 üzvü diskvalifikasiya edilib. Bu gün isə Boyanka Kostova ilə bağlı qərar açıqlandı. Bildirildi ki, London-2012-də ondan götürülən analiz müsbət nəticə verib. Ağır atletlərimizin son illər yaşadıqları qalmaqallar barədə fikirləriniz maraqlıdı. Sizcə, dopinq qalmaqallarında günahkar kimdi?

– Heç vaxt günahkar axtarmıram və belə bir fikirdə də deyiləm. Günahkar öncə idmançıdı. O, nə etdiyini düşünməli, hansı dərman preparatlarını qəbul etdiyini fikirləşməlidi. İdmançı körpə deyil ki, onlara nə verildiyini bilməsinlər. Bir tərəfdən öz canını buna qurban edirlər, çünki dopinq preparatları ziyandı. Digər tərəfdən ölkəni də belə bir vəziyyətdə qoyurlar. Məncə, bu, idmançının qarşısında olan böyük məsuliyyətdi. Əgər bu məsuliyyəti onlar anlamırlarsa, təqsir, sözsüz ki, onlardadı. Əsasən dünya çempionatından sonra 2015-ci ildə diskvalifikasiya olan idmançılar özləri özlərini bu cəzaya salıblar və növbəti 8 il ərzində çıxış etməyəcəklər. Burda həm də baş məşqçinin nəzarəti olmalıdı. Federasiyada məsul şəxslər, məsələn baş katib birbaşa idmana və aparılan işlərə cavabdehdi. Menecerlər var, həkimlər var. Onların birgə təqsiridi ki, hansısa idmançı ölkəni dopinq məsələsi ilə bağlı biabır edib. Boyanka Kostovaya gəlincə, 2012-ci ildə London Olimpiadasında çıxış edəndə A və B probları götürülüb. Hal-hazırda B probu açılıb. Biz hazırda razı deyilik, ona görə ki, ondan sonra çıxış edən Kostova daim dopinq analizləri verəndə təmiz çıxıb. Necə ola bilər ki, dünya çempionatında analizi təmiz çıxır, amma Olimpiya Oyunlarında nəsə preparat qəbul edir? Biz istərdik ki, məhkəmə yolu ilə bu problemlərə son qoyaq. Apellyasiya məhkəməsinə müraciət edəcəyik.

– Qazanılan lisenziyaların əlimizdən alınması mümkündürmü?

– Bu, olimpiya komitəsinin qərarıdı. Ola bilsin ki, lisenziya saxlanılsın. Amma bu halda lisenziyalarla hansı idmançılar çıxış edəcək? Biz hazırladığımız idmançılar bu gün cəzalandırılıblar. Gəncləri ora aparmaq və 35, 43-cü yeri tutmaq nə dərəcədə bizə lazımdı? Digər tərəfdən, mən həmişə onun tərəfdarı olmuşam ki, iştirak etmək lazımdı. Bütün idmançılar qızıl medal qazana bilməzlər. Bizim bayrağımız qaldırılmalıdı.

– Olimpiadadan söz düşmüşkən, Azərbaycan dördilliyin ən mötəbər yarışında təxminən nə vaxt komanda idman növlərində təmsil oluna bilər? Halbuki, bir vaxtlar 4 illiyin ən möhtəşəm yarışı üçün son anda büdrəyən qadınlardan ibarət otüstü hokkey yığmamız bu gün fəaliyyətini dayandırıb, voleybol, həmçinin həndbol millimiz isə heç də yaxşı günlərini yaşamır…

– Qadın voleybolunda işlər hal-hazırda pis getmir. Son yarışlar da onu göstərir ki, yığma və klublarımız güclüdü. Amma işlər davam etdirilməlidir. Bilirsiz ki, gələn il Azərbaycan və Gürcüstanda voleybol üzrə Avropa çempionatı keçiriləcək. Buna görə də, qızlar hazırlıqlı olmalıdılar. Digər idman növlərinə gəlincə, hal-hazırda futbola nə qədər vəsait xərclənir. Orda “yox” sözünü, demək olar ki, heç kim eşitmir. Buna baxmayaraq, bu idman növündə yenə də böyük uğurlar yoxdu. Həndbol və basketbola gəlincə, onlara da dəstək göstərilir. Amma təkcə Bakıda 3-5 nəfərlə o idman növlərini inkişaf etdirmək olmur. Məşqçilər regionlara çıxsınlar, hündürboy uşaqları tapsınlar, bacarıqlı uşaqları tapmaq üçün seçim aparsınlar. Bunun sayəsində normal şəkildə 1-ci və 2-ci yığmamız formalaşa bilər. Əsas klublardan gələn idmançılar yığma komandanın tərkibində olur. Onlar olmayanda həmişə eyni adamlar çıxış edirlər və aralarında heç bir rəqabət olmur. Yenilik olmayanda heç vaxt yüksək nəticə əldə etmək olmaz.

– Fərdi idman növlərinin bir çoxunda çempionat yüksək səviyyədə keçirilir və aparıcı idmançıların hamısı mübarizəyə qatılır. Rəqabət olduğundan yekunda beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər. Amma bu, komanda növlərinin hamısında heç də belə deyil. Fikirləşmirsiniz ki, Olimpiadaya lisenziya qazana bilməməyimiz bundan qaynaqlanır?

– Yox, yox. Azarkeş sevimli idmançısı, komandası uğur qazana biləcəyi idman növünə baxmaq istəyir. Azarkeş daim məğlubiyyət görəndə, sözsüz ki, növbəti dəfə fikirləşir ki, mən niyə gedib orda vaxt itirməliyəm, niyə əsəbimi pozmalıyam?

– Bu gün Bakıda boks üzrə Dünya Olimpiya Təsnifat Turniri start götürür. Bu idman növündə APB və WSB liqalarını nəzərə almasaq, Rioya lisenziya verən sonuncu yarışdı. Qarşıda isə ölkəmizi şahmat Olimpiadası gözləyir. Təsnifat Turnirinə gəlməkdən imtina edən Ermənistan millisi son anda paytaxtımıza gəlməkdən boyun qaçıra bilərmi?

– Ermənistanla bu məsələləri müzakirə etmək, onlardan birmənalı cavab almaq, onlardan yüz faizlik təsdiq almaq çox çətindi. Avropa Oyunlarında 20-dən artıq idmançı gəlmişdi. Qayıdıb Azərbaycanı tərifləyiblər, heç bir problemlə qarşılaşmayıblar. Digər müxtəlif turnirlərə gəliblər. Bilirlər ki, Azərbaycanda təhlükəsizlik məsələləri çox yüksək səviyyədədi. Digər tərəfdən isə neçə vaxtdan sonra hansısa siyasi sifarişə əsaslanaraq, deyirlər ki, yox, biz ora getməyə qorxuruq. Amma gələn bütün idmançılara dövlət tərəfindən ən yüksək səviyyədə zəmanət verilir ki, onların təhlükəsizliklə bağlı məsələləri tam həll olunub.

 – Söhbətimizi hazırda Fransada davam edən futbol üzrə Avropa çempionatı ilə yekunlaşdıraq. Maraqlıdı, cənab nazirin azarkeşlik etdiyi yığma varmı və sizcə yarışın favoriti hansı komandadı?

– Mən daim İtaliya yığmasına azarkeşlik edirəm. Mənim ən sevimli komandamdı. İlk oyunda göstərdi ki, komanda hazırdı. Çox gözəl futbol nümayiş etdirdi. Fikrimcə, finalda İtaliya ilə Almaniya qarşılaşacaq.