Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaların müddətini uzadacağı tarix bəlli oldu.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qurum bu barədə iyunun 21-də qərar verəcək.
Bu barədə «France-Presse» agentliyi diplomatik mənbələrdən əldə etdiyi bilgilərə istinadən məlumat yayıb. Mənbə agentliyə bildirib ki, iyunun 21-də qəbul edilən qərar 3 gün sonra Avropa Birliyinə üzv dövlətlərin xarici işlər nazirlərinin görüşündə təsdiqlənəcək.
İlin ikinci yarısında isə sanksiyalarla bağlı məsələ yenidən müzakirəyə çıxarılacaq. Adının çəkilməsini istməyən diplomat onu da bildirib ki, ilin sonuna qədər bu sahədə yenilik olmalıdır. O, yeniliyin Rusiyanın xeyrinə və ya ziyanına olacağını açıqlamayıb.
Xatırladaq ki, mayın 27-də «Böyük yeddilik» ölkələri Rusiyaya qarşı sankiyaları uzatmaq qərarı veriblər. Rəsmi Moskva bu qərarı absurd adlandırıb. Və buna cavab olaraq Rusiya baş naziri Dmitri Medvedev bəzi Qərb ölkələrinə qarşı «ərzaq embarqosunu» 2017-ci ilin sonunadək uzatmaq barədə tapşırıq verib.