“Böyük Qafqazın cənub, cənub-şərq yamaclarında, Gəncə-Qazax, Lənkəran-Astara zonasında vəziyyət çox gərgindir. Buradakı çaylardan daşqına keçən gursululuq bu gün davam edir. Bununla əlaqədar çaylara yaxın kəndlərin subasma ehtimalı yenə də var. Buna görə də ehtiyatlı olmaq lazımdır”.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
Çaylarda gursululuğun daşqınlara keçdiyini deyən E.Əlizadənin sözlərinə görə, hazırda ölkədə çaylarla bağlı vəziyyət çox gərgindir: “Yağışların yağması, normadan artıq yağıntının düşməsi xüsusilə Böyük Qafqazın cənub, cənub-şərq yamaclarında, Gəncə-Qazax, Lənkəran-Astara zonasında çaylarda daşqına keçən gursululuq yaranıb”.
E.Əlizadə qeyd edib ki, yağıntı nəticəsində Şamaxıda sürüşmə zonasında fəallıq müşahidə edilir: “Orada su birbaşa yola tökülür və çaylarda daşqın var, dünən də səhər tezdən müşahidə edilib. Dünən ən böyük daşqın İsmayıllıda Dəvəbatan çayda olub. Bu çay çox balaca olsa da, orada gursululuq daşqına çevrilib və çayın dərəsinə yaxın olan bütün kəndləri su basıb. Bu hal həmçinin Böyük Qafqazın cənub yamacındakı bütün çaylarda – Şinçayda, Kişçayda, Kürmükçayda, Türyançayda, Göyçayda, Girdimançayda müşahidə olunur. Eynilə Böyük Qafqazın şimal-şərq yamacındakı çaylarda da – Qusarçay, Qudyalçay, Vəlvələçayda, eləcə də Lənkəran çaylarında müşahidə edilir”.
Daşqının bütün təsərrüfata, xüsusilə dağətəyi kəndlərdə təsərrüfatlara çox böyük ziyan vurduğunu deyən E.Əlizadə qeyd edib ki, intensiv yağışlar nəticəsində bütün sürüşmə sahələrində aktivlik var.
Bu gün yağışlı hava şəraitinin davam etdiyini deyən E.Əlizadənin sözlərinə görə, hazırda da adıçəkilən çaylarda gursululuq davam edir və bu da daşqına keçir: “Yəqin ki, sabah da davam edəcək. Yaxın 2-3 gün ərzində hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq, bu prosesin nisbətən zəifləyəcəyini güman edirik. Amma sürüşmə sahələrində stabilləşmə isə ən azı, yaxın bir həftə ərzində gözlənilmir. Çünki sızılan sular hələlik gərginliyi saxlayacaq”.