ABŞ Ermənistanın “çirkli bomba” planını nəzarətə götürdü –Bakının xəbərdarlığı ciddiyə alındı

0
3

Bu gün – iyunun 13-də İrəvanda ABŞ və Ermənistan hökumətlərinin nüvə və radioaktiv materialların qaçaqmalçılığının birgə önlənməsi üzrə 2008-ci ildə imzalanmış əməkdaşlıq planına təzədən baxılması mərasimi keçirilib və yeni plan təsdiqlənib. 

Musavat.com-un verdiyi xəbərə görə, Amerika nümayəndə heyətinə başçılıq edən Ermənistandakı səfir Riçard Maylz iclasın yekunu ilə bağlı bildirib ki, Ermənistan bundan sonra nüvə materiallarına ciddi nəzarət və onların qaçaqmalçılığını önləmək üçün öhdəlik götürüb.

Xatırladaq ki, 2014-cü ilin yayında Gürcüstanın hüquq mühafizə orqanlarının əməkdaşları ölkəyə radioaktiv “Sezium-137” tərkibli zavod konteynerini gətirmək istəyən iki Ermənistan vətəndaşını saxlamışdı. Şübhəli şəxslər 1965 və 1966-cı il təvəllüdlü iki kişi idi. Onlar “Sadaxlo” nəzarət-buraxılış məntəqəsinin yaxınlığında Gürcüstanla Ermənistanın sərhədində xüsusi əməliyyat nəticəsində tutulmuşdular. Nə qədər “Sezium”un sərhəddən keçirilməsinə cəhd göstərilməsi barədə məlumat verilmirdi.

Bənzər hadisə bu ilin əvvəlində qeydə alınmışdı. “Washington Times” ötən ay bu mövzuya həsr elədiyi məqalədə yazırdı: “Cənubi Qafqazla bağlı böyük həyəcan keçirən Gürcüstan hakimiyyəti bir neçə Ermənistan vətəndaşının saxlanılması barədə məlumat yayıb. Məlumata görə, bir neçə gün əvvəl Gürcüstanda 200 milyon dollar dəyərində nüvə materialları satmaq istəyən bir neçə erməni və Gürcüstan vətəndaşı saxlanılıb. Onların satmağa çalışdığı “Uran-238” yüksək radioaktiv maddə öldürücü qurğuların hazırlanmasında istifadə olunur”.

Qeyd edək ki, “Uran-238” maddəsi ilə tutulan ermənilər Ermənistan parlamentinin odioz üzvü Şmaysın qohumları olub.

Ən nəhayət, Ermənistanın sabiq baş naziri və deputat Qrant Baqratyan, həmçinin, müdafiə nazirini müavini, Şuşanın işğalına başçılıq eləmiş “Komandos” ləqəbli general Arkadi Ter-Tadevosyan 4 günlük aprel müharibəsindən az sonra işğalçı ölkənin “çirkli bomba” adlandırılan atom bombasına malik olduğunu iddia eləməklə Azərbaycanı təhdid eləməyə çalışmışdılar.

Bundan sonra Azərbaycanın diplomatik fəaliyyəti sayəsində məsələ böyümüş, az qala beynəlxalq qalmaqala səbəb olmuş, hətta Avropa Birliyi (Avroparlament) rəsmiləri ona reaksiya verməli olmuşdular.  Ardınca Rusiyanın “Rosatom”i da narahat olaraq, biyan eləmişdi ki, Metsamor AES-də istifadə olunan nüvə yanacağının radioaktiv tullantılarını saxlamağa və təzədən emal eləməyə hazırdır.

İşğalçı ölkənin məkrli planı barədə Azərbaycan prezidenti İlham Əliyev də keçən ay İstanbulda keçirilən BMT-nin Humanitar Sammitində söz açmışdı.

“Bütün region üçün başqa bir təhlükə mənbəyi Ermənistandakı istismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyasıdır. Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadə etməsinə dair məlumatlar var. Sabiq baş nazir, parlament üzvü və digər Ermənistan rəsmiləri bu ilin aprelində Ermənistanın “çirkli bomba” adlandırılan nüvə silahına malik olduğunu bəyan ediblər. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır.

Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır”, – deyə ölkə başçısı qeyd eləmişdi.

Bütün bunların fonunda İrəvanda ABŞ-Ermənistan görüşü diqqət çəkməyə bilməz. Belə görünür, artıq Vaşinqton hökuməti də məsələdən narahatdır və vəziyyəti, daha doğrusu, işğalçı ölkənin “çirkli bomba” iddialarını öz nəzarətinə götürməyə qərar verib. Yəni faktiki surətdə Bakının çağırışlarını nəzərə alaraq, Ermənistanın nüvə silahı ambisiyalarını “bələyindəcə” boğub. Bundan sonra çətin ki, başı havalı erməni rəsmiləri bir daha Azərbaycanı nüvə silahı ilə təhdid eləsindlər.