Zamirə Hacıyevanın barəsində çıxarılmış məhkəmə qərarından məlum olur ki, o, Beynəlxalq Banka ərinin portmanatı kimi baxırmış və istədiyi vaxt istədiyi məbləğdə pulu bankdan çıxarıb xərcləyirmiş.
Z.Hacıyevaya qarşı Cinayət Məcəlləsinin 179.1.2 və 179.1.3 maddələri ilə ittiham irəli sürülüb. Qərarda deyilir ki, Z.Hacıyeva əri Cahangir Hacıyevin Azərbaycan Beynəlxalq Bankının rəhbəri olduğu dövrdə bankın “Mərkəz” filialının müdirləri olan (ayrı-ayrı vaxtlarda) Sultanov Anar Hüseyn oğlu və Ələkbərov Yusif Kamil oğlu, qeyd olunan filialın müdir müavini, daha sonra müdiri olmuş Abdullayev İlham İlqar oğlu, “Nəqliyyat” filialının müdiri Orucov Kənan Əzizağa oğlu, “Nərimanov” filialının müdiri Cahangirov Məmməd Niyaz oğlu, eləcə də onun yaxın dostu Cavadov Azad Həmid oğlu və digərləri ilə mütəşəkkil cinayətkar qruplaşma yaradıb. Qruplaşma Azərbaycan Beynəlxalq Bankının talanmasında iştirak edib.
Məhkəmə qərarına əsasən Cahangir Hacıyevin təşkilatçılığı və göstərişi ilə həmin qruplaşmanın üzvləri 2009-cu ilin yanvarından 2015-ci ilin iyununa qədər bankdan 10 ədəd plastik kartlar vasitəsilə milyonlarla manatı faizsiz kredit adı altında heç bir zəruri sənəd və girov təqdim etmədən çıxarıblar. C.Hacıyevin arvadı göstərilən müddət ərzində həmin plastik kartlarla Azərbaycan ərazisində və bir çox xarici ölkələrdə olan bankomatlardan Beynəlxalq Bankdan cəmi 13.5 milyon dollar, 2.8 milyon avro və 4 milyon manat (o vaxtkı məzənnə ilə cəmi 18 milyon manat) çıxarıb.
Bu pullar C.Hacıyevin arvadı və ailə üzvləri üçün təyyarə biletlərinin, qızıl-zinət əşyalarının alınmasına, təhsil haqlarının ödənilməsinə, Avropanın dəbdəbəli istirahət mərkəzlərində dincəlməyə, gözəllik salonlarında göstərilən xidmətlərə, restoranlara və digər şəxsi məqsədlərə xərclənib.
Bu faktlar bir daha göstərir ki, Cahangi Hacıyev və onun ailə üzvləri Beynəlxalq Banka dövlətə məxsus maliyyə təşkilatı kimi deyil, şəxsi pul kassaları kimi baxırmış. Lakin virtualaz.org qeyd edir ki, Zamirə Hacıyevanın bankdan mənimsədiyi pulların cəmi 18 milyon manat təşkil etməsi inandırıcı deyil, bu məbləğ daha yüksəkdir və görünür bankdan bilavasitə onu özü tərəfindən çıxarılan məbləğ 18 milyon manat təşkil edir. Bu, Zamirə Hacıyevanın xırda-para xərcləri, yəni gözəllik salonlarındakı prosedurlar, restoran və istirahət, səyahət xərcləridir.