Bundestaqın türk deputatlarına mühafizə ayrıldı- Almaniya XİN onlara Türkiyəyə getməməyi tövsiyə edir

0
4

Almaniya hökuməti Bundestaqın türk əsilli 11 deputatına mühafizə ayırıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, səbəb kimi  həmin deputatların həyatına təhlükənin olması göstərilir.

Qeyd edək ki, iyunun 2-də keçirilən səsvermədə Almaniya parlamentinin türk əsilli deputatları da «erməni soyqırımı» qətnaməsinin lehinə səs vermişdi.

«Frankfurter Allgemeine» nəşrinin yazdığına görə, bundan sonra türk deputatlara Türkiyədən hədələr yağmağa başlayıb. Deputatlardan Cem Özdemirin dediyinə görə, onun elektron ünvanına «Səni haradan olsa da, tapacağıq. Alman dostların unuda bilər, amma bizə əsla» kimi, hədələrin yer aldığı mesajlar gəlib.

«Spiegel»in yazdığına görə, Almaniya Xarici İşlər Nazirliyi türk deputatlara Türkiyəyə getməməyi tövsiyə edib. Nazirlik bildirib ki, Almaniya Türkiyədə bu deputatların təhlükəsizliiynə təminat verə bilmir.

Xatırladaq ki, Türkiyədə Bundestaqın «erməni soyqırımı»nı tanıyan qətnaməsinə cavab olaraq tədbirlər planı hazırlanıb. Qətnaməyə səs verən türk əsilli 11 deputata gəlincə, onlarla bağlı məhkəməyə müraciət olunub. İddiaçılar Türkiyə hüquqşünaslarının və polislərinin həmkarlar ittifaqlarıdır.

Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsini pozmaqda ittiham edilən deputatların təqsiri sübut olunarsa, onlara 6 aydan 2 ilədək həbs cəzası veriləcək. Bu halda onlar Türkiyə ərazisinə ayaq basan kimi həbs olunacaqlar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu deputatların türk olmasına şübhə duyduğunu və onların qanının yoxlanılmalı olduğunu bildirmişdi.

Bundestaqın türk deputatı Cem Özdemir isə Ərdoğanın sözlərini hədə adlandıraraq Almaniya parlamentinin hansısa hegemon liderin kefinə görə qərarlar verməyə məcbur olmadığını demişdi.