Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) iyun ayının əvvəlindən ölkə üzrə iribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı kütləvi peyvəndləmə tədbirinə başlayıb.
Dövlət Xidmətindən APA-ya verilən məlumata görə, heyvanlar arasında peyvəndləmə tədbirləri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) tövsiyələrinə və ölkəmizin epizootik tədbirlər planına uyğun olaraq aparılır.
Dövlət Baytarlıq Nəzarəti Xidməti Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiqlənmiş epizootik tədbirlər planına uyğun olaraq dabaq xəstəliyinə qarşı həm xırdabuynuzlu (dabağın A,O tipinə), həm də iribuynuzlu (dabağın A-Nepal84,A,O,Asiya-1 tipinə) heyvanlar arasında peyvəndləmə tədbirlərini aparır və ölkənin epizootik sabitliyini təmin edir.
Dövlət Xidməti bu günlərdə iribuynuzlu heyvanlar arasında start verilmiş dabaq xəstəliyinə qarşı aparılan tədbirin mütəşəkkil səviyyədə həyata keçirilməsi üçün əməkdaşlarını bölgələrə ezam edib. Xidmətin əməkdaşları yerlərdə vaksinlərin heyvanlara vurulması üçün baytarlıq mütəxəssislərinə lazımi tövsiyələr veriblər. Rayon (şəhər) baytarlıq idarələri və sahə baytarlıq məntəqələri dabaq xəstəliyinin A-Nepal84,A,O,Asiya-1 tiplərinə qarşı istifadə edilən vaksinlər, biotəhlükəsizlik vasitələri və dezinfeksiya maddələri ilə təmin olunub.
Ölkəmizin sərhəd zonalarından infeksiyanın respublikanın ərazisinə keçməməsi üçün müvafiq tədbirlər yerinə yetirilir, sistematik peyvəndləmələr, dezinfeksiyalar aparılmaqla, həmsərhəd ölkələrlə immun zona yaradılır və bir sıra başqa tədbirlər həyata keçirilir.
Son zamanlar dünyanın bir sıra ölkələrində, o cümlədən ölkəmizlə həmsərhəd olan dövlətlərdə dabaq virusunun yeni A (Genotype VII) serotipi yayılıb. Qonşu ölkələrdə (Ermənistan, İran və s.) bu xəstəliyin alovlanmasının mövcudluğu infeksiyanın Azərbaycana keçməsinə təhlükə yaradır. Dabaq xəstəliyinin yeni tipinin ölkəmizə keçməməsi üçün bütün zəruri tədbirlər görülüb. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi Türkiyənin ŞAP İnstitutu tərəfindən istehsal edilən yeni vaksinin alınması üçün Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib. Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi bu müraciəti dəyərləndirərək ölkəmizə qardaşlıq yardımı olaraq 500000 ( beş yüz min) doza miqdarında dördvalentli dabaq vaksini vermişdir. Yardım kimi gətirilmiş vaksinlər ilkin olaraq İran, Ermənistan, Gürcüstan dövlətləri ilə həmsərhəd olan rayonların sərhəd yaşayış məntəqələrində saxlanılan heyvanlara tətbiq olunur və tam nəzarət həyata keçirilir.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, hazırda dabaq xəstəliyinə görə ölkədə epizootik vəziyyət sabitdir. Bu sabitliyin qorunması və davamlı olması məqsədi ilə Dövlət Xidməti tövsiyə edir ki, sahibkarlar iribuynuzlu heyvanlar arasında dabağın baş verməməsi üçün təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına riayət etsinlər, peyvəndləmənin vaxtında aparılması üçün yerli baytarlıq mütəxəssislərinə lazımi şərait yaratsınlar və bütün iribuynuzlu heyvanlarını peyvəndləməyə cəlb etsinlər.