Son günlər düşən intensiv yağıntılar nəticəsində Cəlilabad rayonundan keçən bir sıra çaylarda bolsululuq yaranıb.
Report xəbər verir ki, rayonun Qarazəncir kəndində Qarayar çayı üzərindəki sututarında təhlükəli vəziyyət yarandığı üçün su çayın məcrasına buraxılıb. Nəticədə rayonun Sabirabad kəndindən keçən Qarayar çayı məcrasından çıxaraq ətraf əraziləri basıb.
Günorta saatlarında qəfildən baş verən daşqın zamanı çay suları həyətyanı sahələrə dolub. Fərdi təsərrüfatlardakı ağaclar, əkin sahələri və mal-qara tövlələrinə ciddi ziyan dəyib. Bəzi ərazilərdə su evlərin zirzəmisinə də dolub.
Yerli sakinlərin sözlərinə görə, çayın mövsümi olaraq məcrasından çıxmasına səbəb suötürücü kanalların vaxtı-vaxtında təmizlənməməsidir. Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, əraziyə texnikalar cəlb olunub, daşqının nəticələri aradan qaldırılır.