Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda bəzi çimərlik ərazilərinin ödənişli olmasına münasibət bildirib.
BŞİH-in Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov APA-ya açıqlamasında bildirib ki, əhalinin çimərlik ərazilərinə və sahilyanı zonalara girişi pulsuzdur: “Bu məsələ Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun paytaxt çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda verdiyi sərəncamda da əksini tapıb. “Şıx” çimərliyinin ödənişli olması sahilboyu əraziyə giriş ilə bağlı deyil. Burada xüsusi xidmət sahələri – otellər, yeməkxanalar, istirahət mərkəzləri var ki, onların ərazisinə daxil olduqda, çimərlikdən istifadə pullu hesab olunur. Ancaq digər yerlərdə çimərlik pulsuzdur və hər hansı ödənişin tələb olunması qanunsuzdur. Biz bu istiqamətdə maarifləndirmə tədbirləri aparırıq”.
Ə. Abbasov xatırladıb ki, ölkə başçısı da Azərbaycanda torpaq sahələrini özbaşına zəbt edən şəxslərə qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı sərəncam imzalayıb:
“Sərəncamda Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlarda tikinti işləri aparanlar cinayət məsuliyyətinə cəlb olunacaqları vurğulanır. Bu sərəncamdan irəli gələn məsələləri Bakı Şəhər İcra Hakimiyyəti yerinə yetirir”.