`Əli Kərimli və Leyla Yunus bir neçə ailəni ölkədən qaçırıb`

0
4

“Əli Kərimli mühacir biznesini erməni lobbisinin əli ilə həyata keçirir”.

Bu fikirləri AzVision.az-a Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qrumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

YAP rəsmisi bildirib ki, Əli Kərimli dana, toyuq oğrusunu pul alaraq xaricə mühacirətə göndərir: “Azərbaycan Xalq Cəbhəsi Partiyası hər zaman mühacir biznesi ilə məşğul olub. Leyla Yunus başda olmaqla bir sıra hüquq müdafiə təşkilatları bu işlə məşğul idi. Onlar müxtəlif cinayətlər törətmiş şəxsləri “siyasi məhbus” siyahısına salaraq Avropa Şurasına, ATƏT-ə və digər strukturlara göndərirdilər. O cümlədən, xaricə gedərək orada yaşamaq istəyən milləti, mənşəyi bəlli olmayan adamlara “mühacir” statusu verməklə xaricə yola salırdırlar.

Ən çox siyasi mühacir adı ilə ölkədən çıxan AXCP üzvləridir. Guya onlara mitinqdə iştirak etdiklərinə görə təzyiq edilir. Partiya tərəfindən saxta arayışlar hazırlanaraq onların xaricə getməsi üçün siyas sığınacaq almağa çalışırlar. Təbii ki, bu “sənədlər” pulla satılır. Arayışlar Əli Kərimli və Leyla Yunusun imzası ilə verilir”.

S.Novruzov qeyd edib ki, AXCP-nin saxta arayışlar verməsi cinayətdir və cinayət məcəlləsi ilə tənzimlənməlidir. Hakim partiya yetkilisi əlavə edib ki, Əli Kərimli mühacir biznesi məsələsində bəzi xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə əlbir işləyir: “AXCP-nin Azərbaycandakı bəzi ölkələrin səfirlikləri ilə sövdələşmələri var. Onlar razılaşırlar ki, tələbələr universitetlərdə iğtişaş törədəcəklər, dərsə getməyəcəklər, imtahana getməyəcəklər. Bunun nəticəsi olaraq həmin tələblər univeritetdən xaric olunacaqlar və dərhal həmin xarici ölkələrdəki universitetlərə pulsuz qəbul olunacaqlar. Bu ona görə edilirdi ki, belə hallardan həvəslənən gənclər kütləvi aksiyalara qoşulsunlar, davranış qaydalarını pozsunlar, nəticədə anarxiya yaransın. Ölkədə qarışıqlıq yaratmaq üçün belə həvəsləndirmə metodlarından istifadə edirdilər”.

Millət vəkili bildirib ki, bu faktı xarici təşkilatlara göndərilən məktublar da təsdiq edir: “Əli Kərimlinin əməllərinin arxasında erməni lobbisi dayanır. Azərbaycandan Əli Kərimli və Leyla Yunusun imzası ilə xarici təşkilatlara gedən məktublarda göstərilir ki, ölkədən gedən şəxslər ermənidir və burada sıxışdırılırlar. Ona görə də hər hansı bir ölkədə siyasi sığınacaq verilməlidir”.

S.Novruzov hesab edir ki, bununla bağlı qanunvericilikdə çox kəskin şəkildə dəyişikliklər edilməlidir: “Əli Kərimli və Leyla Yunus bir neçə ailəni gizli yolla ölkədən qaçırıb. Hətta onlar xaricdə siyasi sığınacaq almaq üçün qeyri-hökumət təşkilatı yaratmışdılar. Bu təşkilat vasitəsilə saxta sənədlər hazırlayır, arayış verirdilər. Eyni zamanda külli miqdarda qrant alırdılar. Guya bu insanlara xaricdə sığınacaq almağın hüquqi əsaslarından təlim keçirlər. Əslində bu təşkilatlar xaricdə sığınacaq almağı təşkil edirlər. Onlar admaları xüsusi üsulla hazırlayaraq xaricə göndərir və bunun müqabilində pul alırlar. Məlum olduğu kimi arayışın dəyəri 3000 avro təşkil edir.

Bu təşkilat adından verilən arayışla həmin adamlar asanlıqla xaricdə siyasi sığınacaq alırdılar. Bəzi hallarda, xaricə göndərilən insanların əksəriyyəti aldadılır. Onların pulları mənimsənilir”.