“Vərəm bütün dünyada qlobal problem sayılır. Dünyada ən geniş yayılan xəstəliklərdən biri də vərəmdir.
Heç də təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bir neçə infeksiya ilə mübarizəni prioritet məqsəd kimi qarşıya məqsəd qoyub, onlardan biri də vərəm xəstəliyidir”. Bunu Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov deyib.
R. Bayramov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistik məlumatlarında vərəmlə yoluxma göstəricilərinin yüksək olduğu, hər il təxminən 10 milyonadək insanın vərəmlə xəstələndiyi, onlardan təxminən 3 milyonunun bu xəstəlikdən dünyasını dəyişdiyi göstərilir: “Yəni təxmini hesablayanda dünyada hər on saniyədə bir nəfər vərəmdən ölür. Bunlar çox acı reallıqlardır. Amma etiraf etmək lazımdır ki, vərəm mikrobakteriyalarının müxtəlif dəyişkənlikləri nəticəsində hazırda bütün dünyada vərəmə yoluxma, xəstələnmə, ölüm göstəriciləri əsas qlobal problemlərdən birdir.
Baxmayaraq ki, törədici də məlumdur, ona qarşı olan dərmanlar da var, amma müxtəlif dəyişkən formaların, o cümlədən dərmana davamlı formaların yaranması ilə bağlı bu problem qlobal olaraq qalır”.
Mütəxəssis bildirib ki, son illərdə vərəmin epidemioloji göstəricilərində, yəni həm yoluxma, həm xəstələnmə, həm də ölüm sayında bütün dünyada, o cümlədən Azərbaycanda müsbətə doğru dinamika müşahidə olunur: “Amma dərmanlara davamlı formaların yaranması, artması arxayınlığın yaranmasına əsas vermir. Yəni dərmanlara rezistent formalı vərəmin rastgəlmə tezliyinin çoxalması vərəmlə mübarizə tədbirlərini daha da ciddi aparmağı və rezistentliyin yaranmasının səbəblərini vaxtında aşkarlayıb, bunları aradan qaldırmağı və rezirstent formaların düzgün müalicə metodları nəticəsində yeni birincili rezistent formaların əmələ gəlməsinin qarşısını almaq üçün atılan addımları aktual edir:
“Vərəmin ən kiçik, ən məhdud forması ən azı 6-8 ay müalicə olunmalıdır. Xəstələrin bir qismi müəyyən müddət müalicədən sonra müsbət dinamika müşahidə olunduqda sanki özlərini sağalmış kimi qəbul edərək müalicədən imtina edirlər. Təbii ki, belə olandan sonra xəstələrdə müəyyən müddətdən sonra təkrari kəskinləşmə, fəsadlaşma yaranır. Belə hal bir neçə dəfə təkrar olunduqda dərmanlara davamlı formalar yaranmasına səbəb olur. Vərəmin çox rast gəlinməsinin və uzun illərdir ki, kökünün kəsilməməsinin səbəbi vərəm mikrobakteriyalarının düşdüyü mühitə uyğunlaşması və ətraf mühitin mənfi faktorlarına qarşı çox davamlı olmasıdır”.
Mütəxəssis deyib ki, vərəm çöpləri ətraf mühitdə uzun müddət həyat qabiliyyətini saxlaya bilir. Müəyyən olunub ki, bu çöplər torpaqda Günəş şüası düşməyən yerdə iki aya qədər, suda 5 ay və daha artıq, kitab vərəqlərində 3 ay və daha artıq öz həyat qabiliyyətini saxlaya bilir: “Onlar dezinfeksiyaedici məhlullar içərisində turşuya, qələviyə, məhlula davamlıdır. Yəni bu məhlullardır vərəm çöplərini öldürə bilmir. Yeganə öldürücü təsir göstərən isə xlorlu məhlullardır.
Xlorlu məhlulların təsiri nəticəsində vərəm çöpləri 3-5 saata məhv olur. Amma təbii vasitələrdən o cümlədən ultrabənövşəyi şüaların, Günəş şüalarının təsiri nəticəsində vərəm mikrobakteriyaları təxminən 3-5 dəqiqəyə ölür. Yəni vərəm çöplərinə ən böyük öldürücü təsir göstərən Günəş şüaları, düz düşən ultrabənövşəyi şüalardır”.
R. Bayramov vurğulayıb ki, vərəmə yoluxmanın qarşısını almaq üçün aktiv vərəm olan xəstələrin erkən mərhələdə aşkarlanması, izolyasiya olunub, tam kompleks müalicə olunması ən vacib addımlardır: “Ona görə ki, infeksiyanın əsas mənbəyi, ətraf üçün ən epidemioloji təhlükəli olanı ağciyər vərəmi olan xəstələrdir. Onlar nə qədər erkən mərhələdə, daha tez aşkarlansalar, tez kompleks müalicəyə cəlb olunsalar, ətrafdakılar üçün epidemioloji təhlükə bir o qədər azalar”.
Vərəmin profilaktika üçün 1 yaşından 14 yaşa qədər ildə bir dəfə tuberklin sınağından (mantu sınağı) istifadə edildiyini xatırladan həkim 12-14 yaşlardan yuxarı isə həm də fluoqrafik müayinələrdən istifadə edildiyini bildirib. Onun sözlərinə görə, bu müayinələrlə vərəmin erkən aşkarlanması mümkün olur, həm də profilaktikası aparılır: “Tuberklin sınağı ilk dəfə müsbət olarsa, bu, vərəm çöpləri ilə yoluxmanı göstərir. Bundan sonra minimal müayinələr nəticəsində aktiv vərəm aşkar olunmursa, bu, yalnız yoluxma göstəricisi kimi qeydə alınırsa, o zaman vərəm yaranmasın deyə həmin şəxslərə kompleks profilaktik tədbirlər aparılır.
Təbii ki, bu zaman vərəmin hansısa klinik forması aşkar oluna bilər. O halda isə kompleks vərəm əleyhinə müalicə kursuna başlanmalıdır. Bu halda kurs ən azı 6-8 ay davam etdirilməlidir”.
Pulmonoloq onu da deyib ki, ÜST-ün məlumatlarına görə, dünya əhalisinin 1/3-dən çoxu vərəm çöpləri ilə yoluxub. Amma bu yoluxanlar arasında xəstələnənlər çox faiz təşkil etmir: “Yoluxan şəxslərdə əgər xəstəliyin yaranması üçün zəmin yoxdursa, heç bir klinik əlamət müşahidə olunmur. Ona görə də belə şəxslərin həkimə müraciət etmələrinə hər hansı bir əsas olmur. Həmin insanların vərəm çöplərinə yoluxduğu yalnız kütləvi müayinələr zamanı aşkarlanır.
Vərəmlə xəstələnmə üçün şəraitin yetişməsi hər bir şəxsdə individual olaraq müxtəlif yaşda, müxtəlif dövrdə ola bilər. Vərəm infeksiyası ilə yoluxduqda ən tez xəstələnmə dövrü iki ay sonraya qədər baş verir. Yəni əgər insan bu gün vərəm çöplərinə yoluxubsa, onun xəstələnməsi ən azı 2-8 həftədə, orta hesabla iki aydan sonra baş verə bilər”.
Həkim qeyd edib ki, yoluxmuş şəxslərdə xəstəliyinin yaranması üçün immunitetin aşağı düşməsi əsas faktorlardan birdir: “Təbii ki, immunitetin aşağı düşməsinə bir çox faktorlar – istər qidalanma, istər yaşayış şəraiti, istər stress, istərsə də yanaşı, immuniteti zəiflədən xəstəliklərin olması, immuniteti zəiflədən dərmanların hər hansı xəstəliyin müalicəsində istifadə edilməsi səbəb olur. Risk qrupuna yaşayış şəraiti, həyat tərzi normal olmayan, həbsxanada olanlar, yanaşı xəstəliklərdən əziyyət çəkən şəxslər daxildir. Bir mühitdə bir xəstənin olması həmin mühitdə olanların yoluxma ehtimalını yüksəldir. Xəstə hər dəfə asqıranda, öskürəndə ətrafda olan bütün şəxslərin yoluxmasına şərait yaradır. Təxmini hesablamalara görə hər bir belə xəstə il ərzində təxminən 8-12 şəxsin vərəmə tutulmasına, 150-200 nəfərin isə vərəmlə yoluxmasına səbəb olur.
Yoluxan hər kəs vərəmlə xəstələnmir. Təbii ki, burada immunitetin aşağı düşməsi və irsi faktorların rolu var. Vərəmlə xəstələnmədə irsi faktorun rolunun böyük olması barədə çoxlu fikirlər var. Yəni yoluxmuş insanlarda irsi olaraq meyllik varsa, belə insanlar vərəm çöpləri ilə yoluxduqları halda daha çox xəstələnirlər.
Sözsüz ki, burada ailə təmasının da rolu danılmazdır. Amma aparılan elmi tədqiqat işlərinin , eləcə də praktiki olaraq rast gəlinən halların təhlili göstərir ki, irsi meylliliyin vərəmin inkişafında rolu böyükdür. Hər kəs vərəmlə xəstələnə bilər. Yaxşı bir deyim var, vərəm elə bir xəstəlikdir ki, əvvəlcədən heç kimə öz vizit kartını göndərmir.
Təbii ki, risk qrupları var. Amma bu heç də o demək deyil ki, vərəmə yalnız risk qrupuna daxil olan şəxslər tutulacaqlar, bu qrupda olmayanlar isə vərəmlə heç vaxt xəstələnməyəcəklər. Sadəcə, rastgəlmə tezliyində, nisbətdə fərq var. Hər kəs ömrünün istənilən vaxtında vərəmlə xəstələnə bilər.
Hər zaman vərəmlə kimlər xəstələnə bilər sualına cavab olaraq normal həyat tərzi keçirməyənləri, alkoqol, narkotik, siqaret istifadəçilərini, həbsxanada olanları, yaxşı qidalanmayanları göz önünə gətiririk. Düzdür, bu tip insanlarda vərəmə daha çox rast gəlinir. Amma bu zərərli vərdişlərdən çox uzaq olan, eyni zamanda maddi baxımdan çox yaxşı təmin olunan, yaşayış şəraiti çox yaxşı olan insanlar da vərəmlə xəstələnə bilər. Praktikada da belə hallara rast gəlirik”.
R. Bayramov vərəmin tam sağala bilən xəstəlik olduğunu da vurğulayıb. Onun sözlərinə görə, bütün xəstəliklər kimi vərəm də nə qədər erkən aşkar olunarsa, konservativ müalicə nəticəsində tam sağala bilir: “Erkən diaqnostikanın, düzgün təyin olunan müalicənin və xəstənin bütün müalicə rejiminə düzgün əməl etməsi nəticəsində tam sağalma mümkündür və praktikada belə hallar çoxdur”.
Tam sağalmış xəstələrdə xəstəliyin yenidən residiv verməsinin də mümkün olduğunu deyən R. Bayramov bunun sağalmadan 2-3 il sonra baş verdiyini açıqlayıb.
Onun sözlərinə görə, yaz-payız ayları vərəmin residivləşməsi üçün uyğun dövrdür.
Mütəxəssis onu da deyib ki, vərəmlə xəstələnmiş, sağalmış qadınlar hamiləlik dönəmində mütləq müayinə olunmalıdırlar.
R. Bayramov bildirib ki, orqanizmdə elə bir orqan, toxuma, sistem yoxdur ki, orada vərəmə rast gəlinməsin. Onun sözlərinə görə, ağciyər vərəmindən sonra ən çox sümük toxuması vərəminə rast gəlinir.
Aile.lent.az