ƏHƏD ABIYEVDƏN DAHA BİR ŞİKAYƏT: – “Zorla evimizi əlimizdən almaq istəyir”

0
4

Goranboy rayonunun Azad kəndində yaşayan Qafarova (Məmmədova) Lətifə Ələddin qızı “AzPolitika.info” saytına şikayət ərizəsi ilə müraciət edib. O, şikayətində Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin anası və bacısının yaşadığı evi ələ keçirmək istədiyini bildirir. Lətifə Qafarova yazır:

“Hörmətli Redaksiya, mənim ata evim Daşkəsən şəhəri Nizami küçəsi, ev 6 ünvanında yerləşir. Həmin evdə anam Məmmədova Ağca Niftalı qızı və bacım Məmmədova Şahnaz Ələddin qızı yaşayır. Mənim adım Qafarova (Məmmədova) Lətifə Ələddin qızıdır. Goranboy rayonunun Azad kəndində yaşayıram. Biz kasıb insanlarıq. Atama məxsus, Daşkəsən şəhərinin mərkəzində 10 sot torpaq üzərində 2 otaqlı evimiz var. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin gözü bizim evə və torpağa düşüb, müxtəlif üsullarla, zor gücünə əlimizdən alıb özünə 3-4 mərtəbəli villa tikdirmək istəyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən, Baş Prokuror Zakir Qaralovdan, Daxili İşlər naiziri Ramil Usubovdan sizin qəzet vasitəsi ilə xahiş edirik ki, evimizin əlimizdən alınmaması üçün bizə köməklik etsinlər”.

Qeyd edək ki, Lətifə Qafarova bacısı ilə birlikdə ölkə başçısına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə yazdıqları məktubun surətini də redaksiyamıza göndərib. Həmin məktubda bildirilir ki, anaları Ağca Məmmədova dəfələrlə Daşkəsən rayon İcra Hakimiyyətinə çağırılaraq, evini və torpağını təhvil verməsi istənilib: “Təklif ediblər ki, qoca adamsan, bir qızın var, sənə obyektlərdən bir otaqlı ev verək, sən də evini və torpağını bizə ver. Sən öləndən sonra o qıl tək o evdə yaşaya bilməz. Anam isə onların təklifi ilə razılaşmayıb.”

Lətifə Qafarova və bacısı iddia edir ki, buna görə analarını öldürmək istəyiblər: “7 iyun 2015-ci il tarixdə anamı Daşkəsən şəhər sakini İsmayılov İqbal Dəmir oğlunun avtomobili ilə vurub öldürmək istədilər. Anam təsadüf nəticəsində sağ qaldı, ancaq bütün sümükləri qırıldığından yataq xəstəsidir”.

Məktubda bildirilir ki, anaları ilə bağlı plan baş tutmadığından, onları evdən çıxarmaq üçün başqa üsula əl atıblar: “3 may 2016-cı il tarixdə Daşkəsən şəhərində su və kanalizasiya xətlərini çəkən şirkət bizim xüsusi mülkümüzə icazəsiz daxil olaraq, həyətin darvazasını qırıb, hasarını uçurub, meyvə ağaclarının bəzilərini dibindən çıxarıb, bəzilərini kəsib atıblar. Torpağı əkinə yararsız hala gətirmək üçün kanalizasiya quyuları qazıb, turbalar düzüblər. Evin bünövrəsini qazaraq, yaşamaq üçün təhlükəli hala salıblar”.

Lətifə Qafarova və bacısı bildirir ki, bu haqda rayon rəhbərliyinə və hüquq mühafizə orqanlarına məlumat versələr də, tədbir görülməyib. Onlar bunun səbəbini əlverişli ərazidə yerləşən onlara məxsus 10 sot torpaq sahəsinə icra başçısı Əhəd Abıyevin gözünün düşməsi ilə bağlayırlar. İddia edirlər ki, Abıyev onların evini söküb, yerində özünə villa tikmək istəyir.

Şikayətçilər ölkə rəhbərliyindən evlərinin əlindən alınmasına mane olmağı xahiş edirlər.

P.S. Şikayət məktubunda qeyd olunanlarla bağlı Daşkəsən rayon İcra Hakimiyyətinin, o cümlədən icra başçısı Əhəd Abıyevin də mövqeyini işıqlandırmağa hazırıq.