Güclü külək və leysan yağış Şəkinin iki kəndinə ciddi ziyan vurub.
Şəki Rayon İcra Hakimiyyəti Aparatından APA-ya verilən məlumata görə, bu gün saat 16 radələrində Şəki rayonunun Cumakənd və Şorsu kəndlərinin inzibati ərazilərində güclü külək və leysan nəticəsində bir çox yerlərdə elektrik dirəkləri aşıb, 20-ə qədər evin dam örtüyü qismən uçub.
Güclü külək nəticəsində əhaliyə məxsus mal tövlələrinin dam örtüyünə ziyan dəyib. Yevlax-Zaqatala-Gürcüstan yolunun bu kəndlərin ərazilərindən keçən hissəsinin kənarında bir neçə ağac aşıb. Leysan yağış nəticəsində bir neçə evin həyətini və zirzəmilərini su basıb. Su Yevlax-Zaqatala-Gürcüstan yolunun Cumakənd və Şorsu kəndlərindən keçən hissəsinə də çatıb.
Şəki Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yaradılmış işçi qrup və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları əraziyə ezam olunub, dəymiş ziyan hesablanır.