Tovuz rayonunun Əlibəyli, Kirən, Çatax, Əsrik-Cırdaxan kəndlərinə yağan aramsız yağışlar, güclü külək və dolu kənd təsərrüfatına ciddi ziyan vurub.
Bu barədə virtualaz.org saytına Tovuz rayonu, Əlibəyli kənd bələdiyyəsinin nümayəndəsi Şahvələd Əliyev məlumat verib. Onun sözlərinə görə, əkin-biçin sahələri, meyvə ağacları təbiətin şıltaqlığının qurbanına çevrilib: “Hələ kəndə bu cür dolu yağmasını görməmişdik. 10-15 gün idi ki, aramsız yağışlar yağırdı. Dünən çox güclü külək əsdi, dolu yağdı, 2 saata yaxın yerdə qaldı. Təsərrüfatımızı məhv elədi, əkin-biçinə ciddi ziyan dəydi. Həyətyanı sahədə əkdiyimiz kartof, xiyar, pomidor yararsız hala düşdü”.
Ş.Əliyev deyir ki, əkin sahələri ilə yanaşı evlərin dam örtüklərinə də ziyan dəyib.
Onu da qeyd edək ki, Əlibəyli kəndi ilə yanaşı dolu rayonun digər dağ kəndlərində də ciddi fəsadlar törədib.
Tovuz rayonu Kirən kənd bələdiyyəsinin sədri Möhsün Cəfərov virtualaz.org saytına açıqlamasında 72 hektar əkin sahəsinin tamamilə sıradan çıxdığını bildirib: “Kirən bələdiyyəsinin 9 kəndi var. Baqqallı, Salatınlı kəndi istisna olmaqla yerdə qalan yeddi kəndimizə çox ziyan dəydi, məhsulumuzdan heç nə qalmadı”.