Hazırda dünyada yaranmış mürəkkəb siyasi və iqtisadi vəziyyətdə istənilən dövlət üçün qaçılmaz olan çətinliklərə baxmayaraq, Azərbaycan ictimaiyyəti hakimiyyətə çox yüksək etimad nümayiş etdirir.
Hökumət bir-birinin ardınca sistemli iqtisadi və sosial islahatlar həyata keçirir, dövlət tüğyan edən iqtisadi böhranlarla şərtlənmiş çağırışlara və risklərə sinə gərir.
Ölkə xarici siyasətdə də az uğurlara imza atmayıb, Qarabağdakı son hərbi əməliyyyatlar isə birmənalı olaraq onun ordusunun texniki təchizatının yüksək səviyyəsini göstərdi.
Azərbaycanda ekoloji vəziyyətin də yaxşılaşdırılması üçün hərtərəfli işlər aparılır. Bunun əsasında dayanıqlı inkişaf prinsipi durur.
Dayanıqlı inkişaf konsepsiyasının tarixi öz başlanğıcını ötən əsrin 70-ci illərindən götürür. 1972-ci ildə Stokholmda BMT-nin insanı əhatə edən mühit üzrə konfransda BMT-nin Ətrraf Mühit üzrə Proqramı (UNEP) yaradıldı. Bu dünya ictimaiyyətinin o zaman artıq sosial-iqtisadi inkişafı nəzərə çarpacaq dərəcədə ləngidən ekoloji problemlərin həllinə dövlət səviyyəsində qoşulmasını şərtləndirdi.
1980-ci ildə isə UNEP, Təbiətin Mühafizəsi Beynəlxalq İttifaqının (TMBİ) və Ümumdünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə işlənib hazırlanmış Ümumdünya Təbiətin Qorunması Strategiyasında dayanıqlı inkişaf konsepsiyası elan edildi. 1987-ci ildə «Bizim ümumi gələcəyimiz» məruzəsində Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Komissiya əsas diqqəti dayanıqlı inkişafın zəruriliyinə yönəltdi ki, onun sayəsində «hazırkı dövrün tələblərinin təmin edilməsi gələcək nəsillərin öz tələbatlarını ödəmək qabiliyyətinə əngəl törətmir». Bu gün «dayanıqlı inkişaf» anlayışının məhz bu ifadəsi bir çox ölkələrdə əsas kimi qəbul edilir.
2011-ci ildə təsisçisi və rəhbərinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın olduğu İDEA (International Dialogue for Environmental Action – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin yaradıldığı Azərbaycan üçün də dayanıqlı inkişaf təməl prinsipə çevrildi. Təşkilatın nisbətən gənc olmasına baxmayaraq, onun fəalları həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ətraf mühitin mühafizəsi üçün çox iş görə biliblər.
Bu ilin may ayının ortalarında Heydər Əliyev Fondu, Rusiyada Azərbaycan Gənclər Birliyi (AMOR) və MDBMİ (Rusiya XİN Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti) arasında əlaqələrin yaradılması məqsədilə Leyla Əliyeva Rusiyanın bu nüfuzlu ali təhsil müəssisəsində olub. MDBMİ tələbələri ilə ali məktəbin rektoru A.Torkunovun iştirakı ilə keçirilmiş görüşdə ekoloji təhsil problemləri, həmçinin hər il Bakıda bu məşhur təhsil müəssisəsinin məzunlarının görüşlərinin keçirilməsi imkanları müzakirə edilib.
Məlum olduğu kimi, 2013-cü ildə Bakıda Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə MDBMİ məzunlarının birinci Ümumdünya forumu keçirilib. Bu münasibətlə dünyanın 30 ölkəsindən 500-dən çox siyasi və ictimai xadim, diplomat və politoloq Azərbaycan paytaxtına toplanmışdı.
MDBMİ — Rusiya Federasiyasının təhsilin səviyyəsinə və müasir tədris metodlarına görə aparıcı ali məktəblərindəndir. Burada diplomatlar, hüquqşünaslar, iqtisadçılar, jurnalistlər və digər ixtisaslar üzrə tələbələr təhsil alırlar. 2010-cu ildə MDBMİ Elmi Şurası tərəfindən Beynəlxalq Təbiətdən İstifadə və Ekologiya Kompleks Problemləri kafedrasının yaradılması barədə qərar qəbul edilib.
Nəzərdə tutulduğuna görə, bu elmi-tədris bölməsi təbiətdən istifadə və ekoloji siyasətin beynəlxalq aspektləri sahəsində təhsil və tədqiqatların sistemləşdirilməsinə yardımçı olacaq. Azərbaycan fəxr edə bilər ki, dünya şöhrətli ali məktəbin yeni kafedrasına həmyerlimiz, MDBMİ-nin məzunu, Məzunlar Assosiasiyasının Azərbaycan məsul katibi Ruslan Əliyev rəhbərlik edir.
Kafedranın tədris və tədqiqat fəaliyyətinin əsas istiqamətləri təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi əsasları; enerji effektivliyinin və enerji mühafizəsinin kompleks problemləri; ətraf mühitin mühafizəsi, ərazilərin və şəhərlərin kompleks inkişafı sahəsində idarəetmədir. Fəaliyyətinin ilk vaxtlarından kafedrada ciddi elmi platforma hazırlanıb ki, elmi fəaliyyət və tədris prosesi buna əsaslanır.
İDEA təmsilçilərinin rusiyalı həmkarları ilə qarşılıqlı əlaqələri ətraf mühitin mühafizəsinə, hakimiyyət və ictimaiyyət arasında ekoloji problemlər üzrə dialoqun qurulmasına və dayanıqlı inkişaf prinsiplərinin reallaşdırılmasının əhəmiyyətinin artırılmasına istiqamətlənmiş tədbirlərin effektivliyinə kömək edir.