“Çünki həmin ölkə dünyaya meydan oxuyur və öz işğalçılığını davam etdirir”
Azərbaycan Dağlıq Qarabağla bağlı tələblərini kəskin şəkildə qoyur. Həm BMT Təhlükəsizlik Şurasının üzvləri, həm ATƏT-in Minsk Qrupunun rəhbər dövlətləri qarşısında məsələ qaldırılır ki, mövcud status-kvo aradan qaldırılsın.
Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov müsahibəsində deyib.
Ə.Həsənov qeyd edib ki, dünya dövlətləri son 10 ildə Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq tribunalardan səsləndirdiyi təklifləri nəzərə alıb onları həyata keçirməyə cəhd göstərsəydilər, nə Avropa çoxmilyonlu qaçqın problemi ilə üz-üzə qalardı, nə də getdikcə intensivləşən münaqişələr baş verərdi: “Prezident İlham Əliyevin səsləndirdiyi təkliflər beynəlxalq, regional səviyyəli münaqişələrin aradan qaldırılması, birgəyaşayış normalarının təkmilləşdirilməsi, dövlətlərarası sivil münasibətlərin yaxşılaşdırılması, əməkdaşlıq, tərəfdaşlıq münasibətləri ilə bağlıdır. Prezident İlham Əliyevin fikirləri nəzərə alınsaydı, sistemləşdirilib tətbiq edilsəydi, bu gün dünya münaqişələrlə qarşılaşmazdı. Təəssüflər olsun ki, dünyada reallıq budur, biz istəsək də, bu reallığı dəyişmək gücündə deyilik”.
O vurğulayıb ki, Azərbaycan təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda haqlı olduğunu, haqlı olduğu qədər də tələbkar olduğunu ortaya qoyur: “Həmin təşkilatların əksəriyyəti Ermənistanı işğalçı dövlət kimi tanıyıb, torpaqların işğaldan azad olunması ilə bağlı qətnamə qəbul ediblər. Amma təəssüflər olsun ki, Ermənistana təzyiq etmək məsələsinə gəldikdə, onlar öz qərarlarından müəyyən qədər geri çəkilirlər. Bunun birinci səbəbi dünya siyasətindəki ikili standartların mövcud olmasıdır. İkincisi, xristian həmrəyliyinin olmasıdır, bəzilərində islamafobiya xəstələyinin hökm sürməsidir. Onlar Azərbaycana müsəlman dövlət olduğu üçün lazımi dəstəyi vermirlər. Burada erməni diasporunun təsiri də var. Böyük dövlətlərin Ermənistan-Azərbaycan münaqişə zonasının qalmasında maraqlı dairələri var, yəni Cənubi Qafqazda sülh olmasın.
Gözləyirik ki, iyun ayında ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistana ciddi təzyiq göstərsinlər, konstruktiv mövqeyə məcbur etsinlər. Danışıqlar müsbət nəticə verərsə, tərəflər münaqişənin mərhələli həlli üçün güzəştə gedəcəklər. Sülh danışıqları nəticə verməzsə, status-kvo aradan qaldırılmazsa, müharibə qaçılmazdır. Bunu bütün beynəlxalq aləm bilir. Müharibə başlayacaqsa, Azərbaycan öz torpaqlarını qısa müddətdə azad edəcək”.
Göründüyü kimi, Əli Həsənov beynəlxalq qurumların Ermənistana təzyiq etməməsindən narazılıq ifadə edir. Bu təzyiq hansı formada olmalıdır?
Tanınmış siyasətçi Ramiz Tağıyev qəzetimizə açıqlamasında bildirdi ki, Əli Həsənovun iradlarında böyük həqiqət var: “Doğrudan da biz uzun illərdir Dağlıq Qarabağla bağlı ikili standartlarla rastlaşırıq. Ölkə başçısı bunu dəfələrlə bildirib. Bəli, Prezidentimizin bu istiqamətdə ciddi və konkret təklifləri olub. Təəssüflər olsun ki, onlarla razılaşmayıblar. Beynəlxalq təşkilatların mövqeyinə gəldikdə isə, bu həqiqətən də Əli müəllimin dediyi kimidir. Sözdə Ermənistanı işğalçı adalandırıb, arxada başqa bir iş görmək qıraqdan aydın sezilir. Bunun ən bariz nümunəsi kimi BMT-nin qəbul etdiyi qətnamələri göstərə bilərik. Dünyada ciddi nüfuza və problemli münaqişələrin həlli istiqamətində ondan böyük mandata sahib olan başqa bir qurum yoxdur. BMT-nin Dağlıq Qarabağla bağlı icra olunmamış 4 qətnaməsi var. İndi fikir verin görün bu nə deməkdir? Özü də söhbət Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdən gedir. Gəlin həmin instansiyanın qəbul etdiyi başqa qətnamələrin icrasına baxaq. Tamamilə fərqli bir mənzərənin şahidi olarsınız. Məcburi şəkildə, hətta qoşun yeridilməsilə icra olunub. Qeyd edim ki, həmin dörd qətnamə birbaşa Ermənistanı işğalçı kimi tanıyır. Belə faktları çox çəkmək olar. Mən böyüyündən başladım. Təzyiq vasitəsi kimi, birinci növbədə, Ermənistana sanksiya tətbiq edilməlidir.
Çünki həmin ölkə dünyaya meydan oxuyur və öz işğalçılığını davam etdirir. Ən azı Qərb və ABŞ Ukraynadakı hərəkətlərinə görə Rusiyaya tətbiq etdiyi sanksiyaları Ermənistana qarşı da sınaqdan keçirməlidir. Hüquqi əsas yetərincədir. Bu olmasa, Ermənistan yerinə oturmayacaq”.
Məhəmmədəli QƏRİBLİ