Hacıqabulda güclü yanğın:180 Eldar şamı məhv oldu

0
3

Qazax yolunun 110-111-ci kilometrliyində Hacıqabul rayonu ərazisində, dəmiryol xəttinin kənarında quru ot örtüyündə yanğın baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, yanğın nazirlik tərəfindən magistral avtomobil yolunun kənarında salınmış yaşıllıq sahəsinə keçib. Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-in və Hacıqabul rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb olunub və operativ tədbirlər nəticəsində yanğın söndürülüb. İlkin ehtimala görə, yanğının baş verməsinə söndürülməmiş siqaret kötüyünün yerə atılması səbəb olub. Təəssüf ki, yanğın zamanı 1 hektar ərazidə 180 Eldar şamı yanaraq məhv olub, 90 Eldar şamı, 103 yaşıl göyrüc, 113 akasiya və 60 zeytun ağacına ziyan dəyib.

“Təəssüflə bildiririk ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində səkkizillik ağaclar məhv olub, magistral yol kənarında artıq meşə zolağına çevrilmiş yaşıllıq sahəsinin bir hissəsi yanaraq külə dönüb. Əfsus ki, bir tərəfdən ağacların kəsilməsi zamanı etiraz səsini qaldıran vətəndaşın özü, digər tərəfdən etinasızlıq göstərərək yanan siqaret kötüyünü yerə atır və meşə zolağının yanaraq məhvinə səbəb olur. Nazirlik bu cür məsuliyyətsizliyi qınayır və vətəndaşları belə halların baş verməməsi üçün diqqətli olmağa çağırır”, – deyə İ.İbrahimova bildirib.

İ.İbrahimova qeyd edib ki, ETSN əməkdaşları tərəfindən yanğın baş vermiş ərazidə artıq meşəbərpa tədbirlərinə başlanılıb. Təqsirkarların tapılıb cəzalandırılması üçün hüquq mühafizə orqanlarına müraciət olunub. Nazirlik havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və meşələrimizi və yaşıllıqlarımızı qorumağa çağırır.