Bakının buldozerlərlə silinən tarixi – NƏLƏRİ İTİRİRİK?

0
3

Bakını Bakı edən, özündə şəhərin ruhunu daşıyan canlı tarix – “Sovetski” bulduzerlərə təslim olurdu. Doğma şəhərimi heç vaxt bu qədər gücsüz və lal görməmişdim. Söhbət məhəllənin dağıdılan xaraba həyətlərindən getmir, söhbət vaxtilə tarixi şəxsiyyətlərin yaşadığı, üzərində memarlıq elementləri olan, hətta SSRİ-nin şərq üslübunda tikilmiş tarixi abidələr siyahısına daxil edilmiş qədim tikililərdən gedir.

Bir neçə gün öncə Mədəniyyət və Turizm Nazirliyi “Sovetski”də söküləcək tarixi binaların siyahını açıqladı. İctimai etirazlara baxmayaraq artıq böyük dramaturqumuz A.M.Şərifzadənin evi söküldü. Görkəmli jurnalist Osman Mirzəyevin yaşadığı tarixi binadan yalnız sütunlar qalıb. M.Muxtarov, 83 ünvanında yerləşən tarixi hamam artıq yoxdur… Belə çıxır ki, tezliklə Bakının onlarla bu cür tarixi tikilisi yer üzündən silinəcək və biz onları bir də görməyəcəyik. Məhv olan tariximizin sonuncu yadigarlarını gözümüzlə görmək üçün indi ancaq adı qalmış “Sovetski”yə yollandım.

…Bir azdan hətta o ad da olmayacaq. Şəxsən “Sovetski” ilə bağlı bir-iki uşaqlıq xatirələrimi çıxsaq, məni bu məhəlləyə heç nə bağlamır. Amma bu cür tarixi abidələrin sökülməsi mənə o qədər ağır gəldi ki, ömrünü burada yaşayan, illərini bu məhəllədə keçirmiş, hər daşında, torpağında xatirəsi olan insanları necə də başa düşürəm. Məhəllənin adı elə-belə “Sovetski” deyildi. Buradakı həyat, dar məhəllələr, hətta spesifik ləhcə belə 70-ci illəri xatırladır. Amma xəyalən 70-ci illərə getmək çox da uzun çəkmədi. Artıq buldozerlərin uçurduğu məhəllədə idim. Məni sovet dövrünü adında yaşadan yegənə tarixi məhəllədə söküntü materiallarını daşıyan avtomobillərin siqnalı, fəhlələrin səs-küyü və bir də üst-başımı bürüyən toz-torpaq qarşıladı.

Bu bir neçə gündür sosial şəbəkədə paylaşılan Osman Mirzəyevin yaşadığı tarixi binadır.

Köhnə Çadrovı, indiki M.A.Əliyev, 102 ünvanındakı qədim tikili əvvəllər bu görkəmdə olub.

1916-cı ildə inşa olunan bu tarixi binanı bərpa etmək, ev muzeyi yaratmaq əvəzinə yerlə yeksan ediblər. Sakinlərin məlumatına görə, “Sovetski”dəki binaların ən qədimi 1890-cı il, ən yenisi isə 1916-cı ildə inşa olunub.

Gördüyünüz bu boş yerdə isə vaxtilə Azərbaycan SSRİ-nin Xalq Artisti Abbaş Mirzə Şərifzadənin evi olub. Artıq Mirzağa Əliyev küçəsi 115-də yerləşən bu binanın yerində daş və torpaq qalaqları var idi.

Mirzağa Əliyev küçəsi, 124 ünvanında yerləşən və 1900-cü ildə inşa edilmiş mesenat Təhməzov qardaşlarının 3 mərtəbəli sarayı da yox idi. Gəncədə şərabçılıqla məşğul olan, kasıblara kömək edən, gəncləri oxumağa göndərən Təhməzov qardaşlarının binası Azərbaycanın tarixi memarlıq abidələrinin siyahısında olduğuna baxmayaraq sökülüb. Sakinlərin sözlərinə görə, Ermitaja bənzədilən bu binanın içərisinə girəndə özünü sanki nağıllar aləmində hiss edirdin. Bina yerlə yeksan ediləndə hələ onun sökülməsi ilə bağlı qərar çıxarılmayıbmış. İndi isə həmin binadan qalan ancaq fotolardır.

Məhəllədəki daha bir qədim tikili isə “Sovetski”ni qarış-qarış tanıyan, ömrünün əlli ildən çoxunu burada yaşamış Faiq Əliyevin evidir. Onun sözlərinə görə, yaşadığı M.F. Axundzadə küçəsi 45 ünvanındakı binanın bir əsrdən çox yaşı var. Binanın qapı və pəncərəsi elə tikilən zaman necə qoyulubsa, o cür də qalıb. Üzərində şərq memarlığı üslübunda əl işləmələri olan bu bina Sovet dövründə Leninqradda çap olunmuş şərq üslübunda tikilən abidələrin siyahısına salınıb:

“Bu bina 1909-cu ildə tikilib və 2001-ci ildən Nazirlər Kabineti tərəfindən tarixi bina kimi eydiyyata alınıb. Binanın üzərində əncir yarpağı, günəbaxan, nar, qızılgül təsviri var. Hamısı da əl işidir. Tarixi əhəmiyyətinə görə 4 balla qiymətləndirilib. Əvvəllər “Nijnaya Tazapirskaya” küçəsi adlanan küçədə tikilən bu tarixi bina iki qardaşa məxsus olub. Onların musavatçı olduğu bildirilir. 1920-ci ildə “Qırmızı ordu” Bakıya gələrkən buradan qaçıblar. Belə gözəl tarixi binanı dağıtmaq sadəcə vandallıqdır, bunun başqa adı yoxdur”.

Bakı sakini həm də binanın tarixi əhəmiyyətini heçə sayan məmurlardan narazılıq edirdi:

“Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov özünü burada prezident kimi aparır. O, sakinləri saymır, ümumiyyətlə, bizə əhəmiyyət verən yoxdur. Deyirlər ki, guya buradan yol keçəcək. Amma dövlət əhəmiyyətli tarixi binanı söküb yerində yol çəkmək nə dərəcədə düzgündür? Bununla bağlı prezidentə də müraciət etmişəm. Abid Şərifov özü mətbuata açıqlamasında demişdi ki, heç kim məcburi şəkildə evindən çıxarılmayacaq. Amma çoxu zorla evindən çıxarılır və evləri sökülür. Hamının işığını, qazını, suyunu kəsiblər. Nazir “Sovetski”də 118 tarixi abidə, müavini isə 171 abidə olduğunu deyib. Ümumiyyətlə, binaların sökülməsi ilə bağlı qərar çıxmamış onları sökürlər. Mayın 17-dən 4-5 belə tarixi bina sökülüb”.

İndiyə kimi heç kiminlə pul söhbəti etmədiyini deyən F.Əliyevin sözlərinə görə, onun tək istəyi “Sovetski”də qalan tarixi binaların sökülməməsinə nail olmaqdır.

Bu küçələrdə 30-a yaxın tarixi tikiliyə qarşı vandalizm edildiyini deyən məhəllə sakinlərinin sözlərinə görə, bu binaları söküb yeni daha gözəl bina tikmək olar, amma onun tarixi 2016-cı ildən başlayacaq. Tarixə beləmi qiymət verilir?

“Sovetski” hər saat yeni görkəm alırdı. Sakinlərin sözlərinə görə, darmadağın edilən tarixi binalardan biri də Murtuza Muxtarov, 83 ünvanında yerləşən məscid olub. Onu görmək istəsək də, sakinlər artıq tamamilə sökülüb yerinin düzləndiyini dedilər. Sovet hökuməti qurulanda yerli sakinlər onu yeni hökumətdən qorumaq üçün hamam adı veriblər. Sökülməkdən qorumaq üçün hamam kimi təqdim edilən tikilinin tarixi 1888-ci ilə aiddir. Sonradan isə “Yuğ” teatrının binası olub.

M.F.Axundov küçəsi, 105 ünvanında yerləşən hamam siyahıda sökülmüş kimi görünsə də, hələ sökülməyib.

Daha bir söküləcəyi saatı gözləyən abidə isə köhnə “Vverxnaqornı”, indiki S.Rəhimov və A.Şaiq küçələrinin kəsişməsində yerləşən su paylama yeridir. Bir vaxtlar anbar kimi istifadə olunan bu tikili ilə bağlı “Sovetski” sakinlərinin hər birinin xatirəsi var. Yəqin ki, bu məhəllədə yaşayıb bu tikilidə qoyulmuş krandan təmiz şollar suyunun dadına baxmayan yoxdur. XIX əsrin sonuna aid bu tarixi abidənin əslində kimə nə maneçiliyi ola bilər ki?

Köhnə Kamo, indiki adı Süleyman Rəhimov, 44 ünvanında daha bir tarixi yaşayış binası sökülüb. Sakinlər dağıdılmış binanın qalaqlanmış daşlarının arasından xüsusi işləməli qızılgülləri tapıb mənə göstərdilər…

“Sovetski”nin Hacı Əbdürrəhimbəy Qulubəyov məscidi də məhəllənin tarixi binalarındandır. Üzərində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunduğu yazılsa da, sakinlərin sözlərinə görə, onun hansı aqibətlə qarşılaşacağı sual altındadır.

“Erməninin kilsəsini saxlayırlar, amma öz tarixi binamızı sökürlər…”

Çingiz Mustafayev küçəsi, 69 ünvanında yerləşən tarixi bina da sökülmək təhlükəsi ilə üz-üzə qalıb. Əvvəllər bəy evi olan bu mülkdə sonradan 9 ailə məskunlaşıb. Onlardan 5-i sökülmə ilə əlaqədar köçsə də, hazırda binada 4 ailə yaşayır. 1896-cı ildə inşa edilən bu bina belə demək mümkündürsə, o vaxtın dəbdəbəli villası olub. Həyətdə xüsusi quyu da bunu təsdiq edir. Vaxtilə evi su ilə təmin edən bu quyu hazırda işləməsə də, tarixi tikilidir. Həmçinin mülkün zirzəmisində at saxlamaq üçün tövlə olub. Sakinlər burada qulluqçular üçün xüsusi otaqları da bizə göstərdilər.

Binada yaşayan 4 ailədən biri Bənövşə Dəmirovanın ailəsidir. Dediyinə görə, yaşadığı evə dörə ona 38 min manat pul təklif olunsa da, bu pulu qəbul etməyib.

“Dedim aparın konfet alarsınız. Gündə bura adam yollayırlar, bizi qorxudurlar. Hər gün birimiz səhərdən axşama kimi gözətçi kimi dururuq, ki, işığımızı kəsməsinlər. Kəsən kimi, tez qohumları çağırırq ki, gəlin soyuducunu boşaldırıq. Erməninin kilsəsini saxlayırlar, amma öz tarixi binamızı sökürlər. Ermənilər başqasını tarixinə sahib çıxırlar, biz öz abidələrimizi qorumuruq. Bizə deyirlər ki, siz o quş yuvalarından nə istəyirsiniz? Mənə heç 200 min də versələr, bu binadan getmək istəmərəm. Amma bizi məcbur edirlər ki, dəyər-dəyməzinə qoyub çıxaq”.

Sakinlər tarixi binanın sökülməsi bir yana verilən kompensasiyanın azlığından da narazılıq edirlər. Onların sözlərinə görə, bu pulla heç yerdə ev almaq mümkün deyil.

Bina sakini Nuranə Əlizadənin sözlərinə görə, şikayət etdiklərində onları qorxudub hədələyirlər:

“İşığımızı kəsirlər, çıxıb qoşuruq. Bizə deyirlər ki, evinizi təpənizə uçuracağıq. Bundan başqa, evlərin ərazisinin hesablanmasından da narazıyıq. Bizə heç olmasa, ev versinlər. Maliyyə nazirinin, Abid Şərifovun qəbulunda olmuşam. Bizə dedilər ki, yeni ev vermək üçün əlavə 15-20 min manatadək pul verməlisiniz. Bizə deyirlər ki, götürün pulunuzu gedin Zığda yaşayın. Bizə ya ev versinlər, ya da normal kompensasiya versinlər, yoxsa üstümüzə benzin töküb özümüzü yandıracağıq…”

Sakinlərin sözlərinə görə, onlara yaşadıqları binanı boşaltmaq üçün 15 gün vaxt veriblər. Yəni bu yaxınlarda artıq Çingiz Mustafayev, 69 ünvanındakı bina da tarixə qovuşacaq.

“Sovetski”dəki tarixi binaların sökülməsindən narahat olan bir çox ziyalılarımız öz mövqelərini bildiriblər. Tarixçi-alim Altay Göyüşov “Azadlıq” Radiosuna müsahibəsində Nazirlər Kabinetinin tarixi binaların sökülməsilə bağlı qərarını «barbarlığa» bərabər tutur və oradakı binaları Azərbaycan tarixi-memarlığı baxımından əhəmiyyətli sayır. A.Göyüşov deyir ki, Avropada turist cəlb etməkdən ötrü bu cür köhnə yaşayış yerlərini qoruyub-saxlayırlar:

“Sovetski” Bakının inkişafını göstərən, ictimai-siyasi nöqteyi-nəzərdən, həm mədəni, həm də arxitektura tərəfdən Avropaya bağlayan hissə idi. Burda Azərbaycanın ictimai-siyasi xadimləri yaşayıb, operamız, mətbuatımız orda yaranıb. “Sovetski”ni sökmək bu tarixi silmək istəyidir”.

Tarixçi hesab edir ki, Bakının özəlliyini qorumaq, turist cəlb etmək üçün “Sovetski” məhəllələrində təmir-bərpa işləri apara bilərdilər.

Bakıda tarixi əhəmiyyətli tikililərin sökülməsilə bağlı son qərardan narahat olan vətəndaşlar, ziyalılar ölkə başçısına müraciət ünvanlayıblar. Müraciətin təşəbbüsçüsü pedaqoq, Yazıçılar Birliyinin üzvü Kəmalə Abiyevadır. Qısa müddətdə 100-dən artıq imza toplanıb və açıq məktub sosial şəbəkələrdə yayılmaqdadır:

“Hal-hazırda elə binalar sökülür, dağıdılır ki, onlar tariximizdir – onlar tarixi abidələrdir. Bu yaxınlarda Azərbaycanın böyük sənətkarı Abbas Mirzə Şərifzadənin evi sökülərək həmin dəyərlərdən biri məhv edildi. Bu binanın üç əsrlik yaddaşı vardı. Qanuna görə, tarixi şəxsiyyətlərlə bağlı binalar, xatirə yerləri qorunmalıydı. Murtuza

Muxtarov, 83 küçəsində “Yuğ” teatrının yerləşdiyi tarixi bina da eyni aqibətlə üzləşdi. O binanın əsası 1888-ci ildə qoyulmuşdu. On doqquzuncu əsr Azərbaycan memarlığını ifadə edirdi. Fərəculla hamamı kimi tanınan həmin binanın turizm üçün də əhəmiyyəti vardı. Biz istənilən turisti bu yerlərə dəvət edib 19-cu əsrin Bakısı ilə tanış edə bilərdik. İndi də milyonçu Ağabala Quliyevin evinin söküləcəyi haqda xəbərlər yayılıb. Biz çox narahatıq, cənab Prezident”.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Sovetski”də “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”ndan çıxardığı yaşayış və qeyri-yaşayış obyektləri bunlardır:

– Şollar su kəmərinin su yayma qülləsi XIX əsrin sonu, S.Rəhimov və A.Şaiq küçələrinin tini;

– Yaşayış evi 1914-cü il, Zərgərpalan küçəsi, 43;

– Yaşayış evi 1900-cü il, S.Rəhimov küçəsi, 44;

– Yaşayış evi 1900-cü illər, M.Sübhi küçəsi, 48;

– Yaşayış evi 1903-cü il, M.Sübhi küçəsi, 60;

– Yaşayış evi 1900-cü il, M.Sübhi küçəsi, 61;

– Yaşayış evi 1908-ci il, M.Sübhi küçəsi, 63;

– Yaşayış evi 1902-ci il, M.Sübhi küçəsi, 65;

– Yaşayış evi 1907-ci il, M.Sübhi küçəsi, 67;

– Yaşayış evi 1916-cı il, M.A.Əliyev küçəsi, 102;

– Yaşayış evi 1900-cü il, M.A.Əliyev küçəsi, 115;

– Yaşayış evi 1900-cü il, M.A.Əliyev küçəsi, 124;

– Yaşayış evi 1890-cı il, M.A.Əliyev küçəsi, 126;

– Yaşayış evi 1915-ci il, M.Fətəli küçəsi, 13;

– Yaşayış evi 1900-cü il, M.Fətəli küçəsi, 25;

– Yaşayış evi 1900-cü il, M.Fətəli küçəsi, 43;

– Yaşayış evi 1909-cu il, M.Fətəli küçəsi, 45;

– Yaşayış evi 1902-ci il, M.Fətəli döngəsi, 18;

– Hamam 1888-ci il, M.Muxtarov küçəsi, 83;

– Yaşayış evi 1892-ci il, Ç.Mustafayev küçəsi, 53;

– Yaşayış evi 1885-ci il, Ç.Mustafayev küçəsi, 57-59;

– Yaşayış evi 1896-cı il, Ç.Mustafayev küçəsi, 69;

– Yaşayış evi 1892-ci il, Ç.Mustafayev küçəsi, 89.

Bu məhəllədəki canlı tariximizi sökmək, bəlkə də Bakı tarixində öz tərəfimizdən edilən ən böyük vandallıqıdır. Şəhərdə yeni tikintilər üçün kifayət qədər boş yer var. Əgər darısqallığa görə məhəllələr sökülməli olsaydı, onda gərək İstanbul yerlə yeksan ediləydi.

…Burada sökülən tarix mənə nənələrimizin əllə toxuduqları dəyəri hesaba gəlməyən qədim xalıları xatırladır. Doğrudur, bu gün texnika o qədər inkişaf edib ki, qaçan ceyranı, yorğa yerişli dəvəni, yanan tonqalı – hər şeyi, həm də olduğu kimi xalçaya həkk etmək mümkündür. Amma bu həmin o qədim xalılardakı gözəlliyi əvəz edə bilərmi? Sual budur!