“M.Ə.Rəsulzadə Azərbaycan tarixinin ən böyük demokratı, Ə.Elçibəy böyük Türkçü-Millətsevəri, H.Əliyev isə böyük dövlətçisidir”

0
5

 

(Əvvəli bu linkdə:http://milletim.info/2016/05/25/eldar-mahmudovun-v%C9%99-onun-cinay%C9%99tkar-d%C9%99st%C9%99sinin-%C9%99lind%C9%99n-xeyli-v%C9%99zif%C9%99li-s%C9%99xsl%C9%99ri-xilas-ed%C9%99-bilmisdik)

Ramiz Tağıyev:”Mənim mübarizəm fərdlərə qarşı deyil, dövlətimizin uğurları üçündür”

 

 -Deyəsən, artıq hücumlardan qorxub, geri çəkilirsiniz?

-Məni tanıyaraq bu sualı verməyinizi düzgün hesab etmirəm. Axı, özünüz şahidi oldunuz ki, ölkədə xof yaratmış Eldar Mahmudov, Hilal Əsədov, Elçin Quliyev, Akif Çovdarov kimilərin basqıları qarşısında bir addım olsun belə geri atmadım. Mövqeyimin doğru olduğuna tam əmin idim. Araşdırma aparsınlar, görsünlər ki, 10 il ərzində MTN-nin cinayətkar dəstəsi barədə yazdıqlarımız hansı həqiqət olmayıb? Mənim qorxduğum bir Allahımdır. Özümü dərk edəndən Allahın bəyənmədiyi əməldən çəkinmişəm. Xüsusilə, insanların qəlbinə dəyməyi heç xoşlamıram. Kimsəyə pislik etməmişəm, davam Millətimizə, Dövlətimizə hücum edənlərlə, ölkənin müqəddəs qanunlarını öz çirkin məqsədləri üçün tapdaq edənlərlə olub. Allah ömür versə, yolumun davamındayam.

-Bəy, 80-90-cı illəri xatırlayanlar söyləyirlər ki, siz, ən radikal mübarizə tərəfdarlarından olmusunuz…

-Tamamilə doğrudur. O illərdə bir çox hərəkat lideri xallı Qorbaçovu islahatçı rəhbər kimi təqdim edəndə, buna etiraz etmişdim. SSRİ imperiyası rəhbərliyinin erməniləri müdafiə etməsini görə-görə Qorbaçov “yenidənqurması”nı təbliğ etmək başadüşülən deyildi. Mən ilk gündən imperiyaya qarşı çıxıb, Milli Azadlıq Hərəkatı üçün əlimdən gələn hər şeyi etmişəm. O zaman düşmənlərlə-bizi əsarətdə saxlamaqları bəs deyilmiş kimi, torpaqlarımızı zaman-zaman öz əlaltılarına peşkəş edənlərlə mübarizə aparırdıq. İndi, durum başqadıq axı…Mən, müstəqil ölkəmizdə müstəqilliyin qiymətini bilərək, qarşılıqlı hörmət, millət və vətəndaşlıq sevgisiylə yaşamağın tərəfdarıyam. Düşmənçilik etmək, nifaq salmaq asan olsa da, bunlar bir şeytan əməlidir. Təəssüf ki, iqtidar və müxalifətimizdə belə əməl sahibləri, şeytan xislətli insanlarımız çoxalıb. O qədər yalan, şaiyə uydururlar ki, bütövlükdə cəmiyyətimiz çaşqınlıq yaşayır. Müxalifət və iqtidarın qarşılıqlı nifrət yaşatmaları ölkə üçün yaxşı heç nə vəd edə bilməz.

-Siz pislik etməsənizdə, sizə qarşı barışmaz münasibət bəsləyənlər var…

-Bilirəm. Necə deyərlər, “daşım həmişə ağır olub”.Səmimi qəbul edin, etdiyimi edə bilməyənlər daima üzümə gülüb, arxamca qılınclayıblar. İqtidarı başa düşmək olar, keçdiyimiz mübarizə yolunu inkar edirlər, haqqımızı tanımaq istəmirlər. Müxalifətdə olanları anlamaq çətindir, onlar nəinki haqqımızı tanımaq istəmir, hətta etdiklərimizi inkar edib, utanıb-qızarmadan özününküləşdirirlər. Mən qiyməti yalnız Allahdan gözləyirəm. Yanılmıram da… Üstümə hücum çəkənlər, haqqımı dananlar elə cəzalandırılır ki… Həzrəti Əlinin bir gözəl kəlamı var: “onlar pisliklərindən əl çəkmirlərsə, mən nə üçün yaxşılıqlarımdan əl çəkməliyəm”.

 

“Bizimkilər (AXC-Müsavat cütlüyü nəzərdə tutulur-N.S) iqtidara gəldikdən sonra H.Əliyevə münasibətdə ədalətsizliyə yol verdilər”

 

 

-Sizi qınayırlar ki, müxalifətin sevmədiyi şəxsiyyətləri açıq-aşkar təbliğ edirsiniz.

-Qəribədir, mən, kimlərinsə hörmətini qazanmaq üçün gördüklərimdən, bildiklərimdən, şahidi olduqlarımdan imtina etməliyəm. Bilirəm nəyə işarə vurursunuz… Bəli, mən, rəhmətlik Heydər Əliyevə daima hörmətlə yanaşmışam. 3 il ərzində yaxşı münasibətlərimiz olub, saatlarla söhbətləşmişik. Onun Türkiyədən, İrandan gələn nümayəndə heyətləri ilə rəsmi görüşlərində iştirak etmişəm.

Heydər Əliyev böyük dövlət xadimi idi, bunu inkar etmək artıq qərəzçilikdi. Çoxları bilmir ki, H.Əliyev Milli Azadlıq Hərəkatının ikinci-idarəolunan mərhələsinin liderlərindən biri olub. Təbii ki, YAP-çıların həmin mübarizədə iştirak etməyən kəsimi bu faktı və nə yazıq ki, bütövlükdə Milli Azadlıq Hərəkatını inkar edirlər. Mənim isə andım var, heç bir siyasi mənsubiyyət mənə tarixi həqiqətləri söyləməyi qadağan edə bilməyib və bundan sonra da edə bilməyəcək. Birmənalı söyləyirəm, qanlı 20 Yanvar hadisəsindən sonra, Azərbaycanda Milli Azadlıq Hərəkatı demək olar ki, boğulmuşdu. Məhz, H.Əliyevin Azərbaycana qayıdışından sonra hərəkatın ikinci-proqramlı, qələbəyə aparan mərhələsinə start verildi. Bütün proseslərdə birgə addımlamışıq. Təəssüf ki, bizimkilər (AXC-Müsavat cütlüyü nəzərdə tutulur-N.S) iqtidara gəldikdən sonra H.Əliyevə münasibətdə ədalətsizliyə yol verdilər. O dövrü çoxları xatırlamır və həmin səbəbdən də gənclərə təhrif olunmuş tarix təbliğ edilir. H.Əliyev 1990-93-cü illərdə Naxçıvanda fəaliyyət göstərdiyindən, Bakıda və eləcədə digər bölgələrdə Naxçıvanda baş verənlər barədə cüzi məlumatlar yayılırdı.

-Söhbət liderlərdən düşmüşkən, sabah Məmməd Əmin Rəsulzadənin qurucusu olduğu Şərqin ilk demokratik respublikasının yaranma günüdür. M.Ə.Rəsulzadəyə, Əbülfəz Elçibəyə münasibətiniz necədir?

-Böyük şəxsiyyətlərin hər biri tarixi missiya yerinə yetirmək üçün dünyaya gəlirlər. M.Ə.Rəsulzadə Azərbaycan tarixinin ən böyük demokratı, Ə.Elçibəy böyük Türkçü-Millətsevəri, H.Əliyev isə böyük dövlətçisidir. Onların xidmətlərini inkar etmək nadanlıqdır. Ə.Elçibəy və H.Əliyevlə yaxın münasibətim olub. M.Ə.Rəsulzadənin oğlu, rəhmətlik Azər Rəsulzadə isə Qazaxıstanda sürgün həyatı yaşayan valideynlərimin müəllimi olub. Bunun nəslimizin dünyagörüşünün formalaşmasında əvəzsiz rolu olub.

-Bəzi müxalifət nümayəndələri Sizin zaman-zaman ölkə prezidenti İlham Əliyevi təbliğ edən mövqe sərgiləməkdə ittiham edirlər. Hətta iradları belə olur ki, Ramiz Tağıyev “İlham Əliyevin alternativi yoxdur” başlıqlı yazıları imza ata-ata 8 il həbs cəzasına məhkum edildi…

-İnkar etmirəm və yazdıqlarımızın üstündə bir daha dayanıram. Əvvəla, mənim elə bir öhdəliyim yoxdur ki, gündə bir oyun quran müxalifətbazların mövqeyini dəstəkləyim. İkincisi, ölkə prezidentinin uğurlu addımlarına dəstək verməkdə heç bir qəbahət görmürəm. Mən, daltonik deyiləm və hər şeyi eyni rəngdə-qara rəngdə görmək istəmirəm.

-Uğurlu deyəndə nələri nəzərdə tutursunuz?

-Xatırlayırsınızsa, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində mən, ölkə prezidentinin mövqeyini dəstəkləmişəm. İndi də, təkrarlayıram, İ.Əliyevin cəsarətli mövqeyi  olmasaydı həmin sərhədlər açılacaqdı. Bizim əksər müxalifət liderlərimiz isə, sərhədlərin açılmasının zəruriliyindən söhbət açırdılar. Yəni, Qərbdən, Şimaldan belə təlimat almışdılar. Mən, elə o zaman demişdim ki, İ.Əliyev cəsarətli addımı Qərbi qıcıqlandıracaq və ona basqılar olacaq. Yanılmamışdım…

 

“Ən böyük problem isə inhisarçılığın meydan sulamasıdır”

 

 

-Müxalifət iqtidarı korrupsiyada, ölkədə iqtisadi böhran yaratmaqda suçlayır…

-Təəssüf ki, belə faktlar mövcuddur. Ancaq mən, ölkənin bütün sərvətinin yeyib-dağıdılması  fikri ilə razı deyiləm. Ölkənin bu başından o başına görülən işləri, Bakıda 70 il ərzində görülməmiş quruculuq işlərinin son 10 il ərzində görülməsini inkar edək. Sadəcə bir sıra məsələlərdə yanlışlıqlar olub. Düşünürəm ki, quruculuq, abadlıq işlərinə bu qədər vəsait sərf edilməyə bilərdi. Ölkə əhalisinin işləyib, çalışmaları üçün şərait yaradılmalıydı. Aqrar sahəyə böyük investisiya yatırılmalıydı. Ancaq o da göz qabağındadır ki, quruculuq işlərinə 100 milyardlarla vəsait sərf olunub. Ən böyük problem isə inhisarçılığın meydan sulamasıdır.

-Bunların günahı kimdədir?

 

Nicat Sadiq

Ardı var…