İlham Əliyev: Rəsulzadədən Heydər Əliyevə qədər…

0
3

“Azərbaycanda müsəlman aləmində ilk demokratik respublikanın yaranması tarixi hadisədir”.

Bunu Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə bu gün keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı deyib ki, Xalq Cümhuriyyəti qurucularının xatirəsi xalqın qəlbində daim yaşayacaq: “Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan SSRİ-nin tərkibində mürəkkəb yol keçib. Həmin illərdə elm və təhsil sahəsində, neft sənayesində müəyyən irəliləyişlər olub”.

İlham Əliyev Heydər Əliyev birinci dəfə rəhbərliyə gəldikdən sonra Azərbaycanda gedən inkişaf proseslərindən danışıb, müstəqilliyin ilk illərində ölkədəki çətin vəziyyətdən bəhs edib: “Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətçiliyinin əsası qoyulub, azərbaycançılıq ideologiyası bərqərar olub. 2003-cü ildən bu günə qədər Azərbaycan Heydər Əliyev yolu ilə gedir. Xalqımız bir amal ətrafında birləşib. Azərbaycanın dayanıqlı, uzunmüddətli inkişaf strategiyası təmin edilib”.

Dövlət başçısı Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsinə toxunub və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, “Azərbaycan xalqı və dövləti heç vaxt torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”.

Prezident İlham Əliyev ölkədə ordu quruculuğu prosesinin uğurla getdiyini bildirib, iqtisadiyyatın şaxələndirildiyini, islahatlıarın aparıldığını deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda quruculuq prosesi bütün sahələrdə davam etdiriləcək: “Bundan sonra da ölkədə sabitlik və təhlükəsizlik təmin ediləcək. Xalq-iqtidar birliyi möhkəmlənir, demokratiya inkişaf edir, bütün azadlıqlar təmin edilir. Ölkəmizə qarşı müşahidə olunan ikili standartlara son qoyulmalıdır”. Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib: “İndiki şəraitdə bu, dünyaya bir mesajdır. Xarici siyasətdə Azərbaycanın maraqları uğurla təmin olunub”.

Prezident vurğulayıb ki, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb: “Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, dünya miqyasında öz layiqli yerimizi tutmuşuq və müstəqillik, inkişaf yolu ilə bundan sonra da gedəcəyik”.

İlham Əliyev bu yolda bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıb.

2

3

4