Dünyanın bir çox ölkələrində eks-prezidentlərlə bağlı xüsusi qaydalar mövcuddur. Azərbaycandan da “Eks-prezidentlər haqqında” qanun qəbul olunub.
Amma mərhum eks-prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi üçün hər hansı addım atılmayıb.
Əbülfəz Elçibəyin xatirəsi bu günə kimi niyə əbədiləşdirilmir?!
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib. Onun sözlərinə görə, heç də eks-prezidentlərin adının əbədiləşdirilməsi zəruri əhəmiyyət kəsb etmir.
“Dünya ölkələrinin heç də bütün eks-prezidentlərinin xatirəsi əbədiləşdirilmir. O prezidentlərin adları əbədiləşdirilir ki, onlar xalqın taleyində xüsusi əhəmiyyətli rol oynayır. Götürək Amerika Birləşmiş Ştatlarını. Onlardan biri Amerikanın yaradıcısı olan Corc Vaşinqton, digəri isə vətəndaş müharibəsinə son qoyub hüquqi sistem yaradan Avraam Linkolndur. Əslində Amerika tarixində o qədər iş görən Ruzvelt və digər prezidentlər olub ki, onların xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar abidə qoyulmayıb. Məsələn, Kennedinin adına mərkəz var. Cimmi Katerin araşdırmalar mərkəzi var. Bu formalarda ola bilir. Amma bunu da fərdi şəxslər yaradır. Qalan bütün hallarda prezidentlərin hamısının abidəsinin əbədiləşdirilməsinə rast gəlməmişik. Götürək yaxın, qonşu Türkiyəni. Atatürkdən başqa Türkiyə tarixində İsmət İnönü və digər prezidentlərin xidmətləri mövcuddur. Məsələn, Süleyman Dəmirəli nümunə çəkək. Türkiyədə 8 dəfə baz nazir və prezident olub. Türkiyənin siyasi həyatında mühüm rol oynayıb. Bunların heç birinə abidə qoyulmayıb”.
Siyavuş Novruzov eks-prezidentlərlə bağlı digər məsələlərin mövcudluğunu istisna etməyib.
“Ola bilər ki, hər hansı küçə eks-prezidentin adını daşısın. Ola bilər ki, evinin yanında bir barelyefi vurulsun. Adına hər hansı siyasi araşdırmalar mərkəzi və yaxud fond yaradılsın. Dövlət tarixində xüsusi əhəmiyyətli rol oynayan şəxsləri çıxmaq şərtilə qalan prezidentlərə təqaüd ayrılır, status verilir, mühafizə təyin edilir, nəqliyyatla təmin olunur, keçirilən dövlət tədbirlərinə dəvət olunur və sairə. Qalan hallarda isə abidə məsələsi dünya praktikasında yoxdur”.
Elçibəyin ailəsinin mərhum eks-prezidentin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müraciətinə gəlincə, komitə sədri bununla bağlı bir şey eşitmədiyini deyib.
“Bu vaxta qədər ailəsi tərəfindən belə bir müraciət eşitməmişəm. Amma Əbülfəz Elçibəyin qəbirüstü abidəsi götürülüb. Ümumilikdə belə bir arzu, istək varsa, bununla əlaqədar dövlət komissiyası fəaliyyət göstərir. Həmin dövlət komissiyasına müraciət edilə bilər”
dia.az